14.02.2026

14 fevral faciəsi — Murovdağın qarlı zirvələrində yazılan dastan

Murovdağın Qarlı Zirvələrində Yazılan Dastan kimi xatırlanır. 1994-cü il 14 fevralda Murovdağ istiqamətində, Kəlbəcər əməliyyatı zamanı Azərbaycan Silahlı Qüvvələrinin 1501 hərbçisi şəhadət zirvəsinə ucaldı; onların böyük bir qismi – təxminən 1337 nəfər – birbaşa döyüşdə deyil, dəniz səviyyəsindən 3400 metrdən yüksəkdə hökm sürən şaxta, çovğun və qar uçqunlarının amansız sınağında donaraq Haqqa qovuşdu. 1993-cü ilin dekabrında başlanan və Kəlbəcərin azad edilməsini hədəfləyən əməliyyat 1994-cü ilin fevralında ordunun Murov silsiləsindən geri çəkilməsi ilə nəticələnsə də, o qarlı zirvələrdə yazılan iman, sədaqət və qeyrət dastanı millətin ruhuna həkk olundu; itkin düşən və taleyi hələ də naməlum qalan onlarla igidimizin nisgili isə Vətənin sinəsində əmanət qaldı. Qurani-Kərim buyurur: “Allah yolunda öldürülənləri ölü sanmayın; onlar Rəbbinin yanında diridirlər.” (Ali-İmran, 169). Şəhidlik – cismin torpağa, ruhun Ərşə yüksəlişidir; qarın ağlığına qarışan qan, Vətənin qızıl möhürüdür. Murovun sərt küləkləri o gün təkcə şaxta daşımadı, həm də bir millətin səbrini, imanını, əhdini sınadı; lakin sınanmış iman daha da möhkəmləndi. Çünki Vətən torpağı canla dirilər, bayraq qanla ucalar, millət isə şəhidlərinin nuru ilə yol tapar. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB)-nin sədri Füzuli Rzaquliyev 93 min müharibə veteranı adından, həmçinin AVMVİB-in Neftçala rayon şöbəsi və “Qocalar Döyüşə Gedir” qrupunun təmsilçiləri olaraq bütün şəhidlərimizə Allahdan rəhmət diləyir və “Başın sağ olsun, Vətən!” – deyə səslənir. İlahi, o zirvələrdə donan nəfəsləri Cənnət baharına çevir, anaların göz yaşını səbir və qürur tacı et; bu torpağı qoruyanların ruhunu şad, Vətəni isə əbədi izzətli eylə – Amin.

Mübariz Eldar oğlu
AVMVİB-in Neftçala rayon şöbəsinin sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: