03.02.2026

Bu gün – Gənclər Günüdür

Azərbaycanda hər il 2 fevral tarixində qeyd edilən bu əlamətdar gün 1997-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə təsdiq olunmuş, MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycanda gəncliyin bayramı kimi tarixə düşmüşdür. 1996-cı ildən etibarən bu günün qeyd olunması ilə Azərbaycan gəncliyi yalnız bir xalqın deyil, bütöv bir coğrafiyanın ümidinə çevrilmiş, sonradan digər MDB və Şərqi Avropa dövlətləri də bu ənənəni davam etdirmişdir. Dünyada isə BMT-nin qərarı ilə 1998-ci ildə Lissabonda keçirilən beynəlxalq konfransdan sonra 12 avqust Ümumdünya Gənclər Günü elan edilmişdir. Ey Azərbaycan gənci! Sən yalnız bu günün deyil, sabahın da taleyisən.

Qurani-Kərimin hikmətinə görə insan öz taleyini dəyişmədikcə, onun halı dəyişməz; deməli, Vətənin taleyi də sənin imanında, iradəndə və ağlında yazılıb. Gənclik təkcə yaş deyil – gənclik haqqın keşiyində duran ruh, irfanla silahlanmış ağıl, vicdanla yoğrulmuş iradədir. Sən həm qılınc tutan əl, həm qələm tutan ağıl, həm də dua edən qəlbsən; və bunların hər biri Vətən üçün müqəddəsdir. Ümid edirik ki, bu müqəddəs günün mənəvi nuru ilə dövlətimizin gənclər siyasəti daha da güclənəcək, gənclərin rifahı yüksələcək, yeni iş yerləri açılacaq, elm, mədəniyyət, texnologiya və vətən müdafiəsi sahələrində gənclərimiz yeni zirvələr fəth edəcək, haqq, ədalət və mənəviyyat yolu bu torpaqda daha da möhkəmlənəcək. Allah gənclərimizin yolunu açsın, qəlbinə hikmət, düşüncəsinə nur, iradəsinə qüdrət versin ki, onlar yalnız güclü deyil, həm də ədalətli, yalnız bilikli deyil, həm də mərhəmətli olsunlar. Qəhrəmanlıq ruhu ilə yoğrulmuş bu Vətən gənclərin qanı, şəhidlərin canı, anaların duası ilə ucalıb. Vətən yalnız torpaq deyil – Vətən iman, tarix, yaddaş və əmanətdir. Bayrağımızın hər dalğasında bir şəhidin nəfəsi, bir qazinin duası, bir gəncin arzusu var. Bu torpaq o zaman əbədidir ki, gənclər onu yalnız sevmir, həm də qoruyur, yaşadır, ucaldır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi adından və şəxsən öz adımdan bütün Azərbaycan gənclərini Gənclər Günü münasibətilə ürəkdən təbrik edir, onlara imanlı, şərəfli, mübarək və aydın gələcək, elm və əməl yolu ilə zəfərlərlə dolu ömür arzulayıram.

Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbə sədri

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: