19.03.2024

Daşaltı əməliyyatından 27 il ötür…

Daşaltı əməliyyatı 1992-ci il 25 yanvarda axşam saat 20:00-da başlanıb və yanvarın 26-da axşam saatlarında uğursuzluqla başa çatıb. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü birbaşa rəhbərlik edib.

Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, bundan başqa onlarla əsgər hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Əməliyyata hazırlıq

1992-ci ildə yanvarın ortasına doğru Qarabağda ağır vəziyyət yaranmışdı. Erməni qoşunları öz hərbi üstünlüyündən istifadə edərək Dağlıq Qarabağda azərbaycanlılar məskunlaşan məntəqələri mühasirəyə alır və bir-birindən onları təcrid edir, sonra isə müntəzəm surətdə bu məntəqələri tutmağa başlamışdılar.

Bu məntəqələrin işğalı zamanı dinc əhali bu kəndlərdən qovulur, kəndlər özləri isə yandırılırdılar. 1991-ci ilin dekabrında Cəmilli, Kərkicahan və Meşəli kəndlərinin işğalı zamanı erməni silahlı dəstələri dinc əhaliyə qarşı hərbi cinayətlər törətmişdilər. Şuşanın ətrafında gərgin vəziyyət yaranmışdı. Şəhərin ətrafında olan erməni kəndləri erməni silahlı qruplaşmalarının dayaq məntəqələrinə çevirilmişdi, bu məntəqələrdən həm Şuşa şəhəri, həm yaxınlıqdakı azərbaycanlı kəndləri, həm də Şuşa-Laçın yolu daim atəşə
tutulurdu. Daşaltı kəndi özü Şuşadan 3-4 kilometr məsafədə, Şuşa–Laçın magistral yolu boyunca yerləşir. Bu kənddəki atəş mövqelərindən erməni qoşunları Şuşaya, həmçinin Şuşa-Laçın yolu üzrə hərəkət edən nəqliyyata daim atəş açırdı, bu isə Şuşada yerləşən Azərbaycan qoşunlarının təchizatında çətinliklər yaradırdı. Yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycan komandanlığı Daşaltı kəndində erməni qoşunlarının atəş nöqtələrinin məhvi üzrə əməliyyatı keçirmək qərarı qəbul etdi. Əməliyyata böyük əhəmiyyət verilirdi, bununla əlaqədar olaraq, əməliyyata rəhbərliyi Azərbaycanın müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü həyata keçirirdi. 19 yanvar 1992-ci ildə T. Mehdiyev Şuşaya uçur. Bundan əvvəl o baş qərargahın rəhbəri, generalmayor Şahin Musayevə növbəti göstərişlərini verir: Goranboy rayonunda müdafiə nazirinin müavini olan general-mayor Dadaş Rzayevin tabeliyində olan zirehli texnikanın yarısını Şuşaya doğru yerini dəyişdirmək; kəşfiyyatçı podpolkovnik Sabir Cəfərovu təcili
olaraq Şuşaya göndərmək: bütün cəbhə xətti üzrə erməni qoşunlarına diqqəti yayındıran zərbələri hazırlamaq. Bu halda əsas zərbələr Daşaltıya və Əsgərana vurulmalı idi. Bu məntəqələrin alınmasından sonra, Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünmüş olardı, bu da gələcəkdə rəqibi hissə-hissə məhv etməyə icazə verərdi. Ancaq Daşaltı əməliyyatı zamanı cəbhənin başqa sahələrində erməni qüvvələrinə heç bir zərbə endirilmədi. Əmrdən iki gün sonra Şuşaya hərbi texnikanın heç biri gəlmədi: iki ədəd texnika yolda sıradan çıxaraq Laçında qaldı, daha iki ədəd zirehli texnika isə Qubadlıda qaldı. Sabir Cəfərov Şuşaya gəlib çıxmadı, guya onu tapa bilmədilər, silah-sursatlar isə əməliyyat başa çatdıqdan iki gün sonra gəldi.

Şuşaya gələn Tacəddin Mehdiyev Şuşa milisinin müdiri Vahid Bayramovla müşavirə keçirdi. Müşavirədə şəhərin ətrafındakı vəziyyət müzakirə edilirdi. Şəhərin müdafiəsi çox pis təşkil edilmişdi. Gecə nəzarət buraxılış məntəqələri və müşahidə postları çox vaxt qoyulmurdu. Bəzi silahlar qorunmurdu. Şəhərin küçələrində çoxlu silahlı insan gəzirdi.

Vahid komandanlıq yox idi, hər dəstə öz-özlüyündə idi. Dəstələrdə və bölmələrdə çox aşağı intizam vardı. Milli ordunun Şuşa batalyonunun heyət sayı 385 nəfər hərbi qulluqçu təşkil etməsinə baxmayaraq, şəxsi heyətin bir yerə yığılması zamanı cəmi 20 əsgər çağırışa gəlmişdi. Tacəddin Mehdiyev batalyonu tam olaraq bir yerə yığmağa cəhd etsə də, onun cəhdləri bir nəticə vermədi. Gecə vaxtı Şuşa şəhəri Topxana adlanan yerdən ermənilər tərəfindən atəşə tutulan vaxtı Mehdiyev Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan podpolkovnik Riad Əhmədov ilə birgə Topxanada kəşfiyyat keçirmişdi. Onlar burada düşmənin atəş nöqtələrini təyin etmişdilər. Riad Əhmədov bu atəş nöqtələrinin susdurulması üçün əməliyyat keçirməyi təklif etdi. Səhər T. Mehdiyev Vahid Bayramovla müşavirə keçirdi. Müşavirə zamanı general Vahid Bayramovdan yerli əhali içindən 4 bələdçi ayırmağı xahiş etdi. Onlar gecə vaxtı rəqibin atəş nöqtələrinə qədər bizim kəşfiyyat-diversiya qrupumuzu keçirməli idilər. V.Bayramov 4 nəfər ayırdı. Riad Əhmədov, Riad Əhmədovun bölməsindən olan bir neçə zabit, bu dörd nəfər bələdçi və T.Mehdiyev birlikdə qarşıdakı əməliyyatın detalları müzakirə etdilər. Sonra bələdçilər onları evə paltarını dəyişmək üçün buraxılmalarını xahiş etdilər.

Ancaq təyin olunmuş vaxtda yalnız iki bələdçi qayıtdı. Mehdiyev milis müdirinə zəng vuraraq, qalan iki bələdçini tapmağı və gətirib çıxarmağı tələb etdi. Amma bu iki bələdçini tapmaq müvəffəq olmadı. Gecə vaxtı əməliyyatı təxirə salmaq qərarı qəbul edildi. Həmin gecə Riyad Əhmədov, bəzi döyüşçülər ilə birgə Topxana yerində ermənilərin atəş nöqtələrinə müstəqil şəkildə çatır və onlarla döyüşə girirlər. Döyüşün gedişatında bir neçə erməni hərbi qulluqçusu öldürüldü, lakin ermənilər şəhərə daimi atəş açdıqları silahları vaxtında evakuasiya etməyə müvəffəq olurlar. Növbəti gün Tacəddin Mehdiyev şəhərin icra hakimiyyətinin başçısının, MTN və DİN rayon rəhbərlərinin iştirakıyla daha bir müşavirəni keçirir.

Müşavirədə vahid komandanlıq altında bütün dəstələri birləşdirməyi, komendant saatı tətbiq etməyi təklif edir. Bu təklifə etiraz edilir, bildirilir ki, bütün silahlı insanlar hərəsi hansısa bir klana tabe olurlar, bu klanlara qarşı çıxmaq lazım deyil, əks halda o da Şuşanın keçmiş icra başçısı Gözəlov kimi öldürülə bilər. Bu müşavirədə şəhər ətrafındakı Daşaltı kəndində erməni quldurlarının atəş nöqtələrinin məhv edilməsi üzrə əməliyyat keçirmək qərarı qəbul edilir.

Əməliyyat planı

İki gün ərzində kəşfiyyat aparılır, bu zaman təyin edilmişdi ki, Daşaltıda ermənilərin 50-60 nəfərlik silahlı dəstəsi var, qalanları isə mülki əhali idi. Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 insan ayrıldı. T.Mehdiyev polkovnik Zaur Rzayev, podpolkovnik Nurəddin Abdullayev, MTN və Daxili İşlər Nazirliyi bölmələrinin müdirləri və zabitləri yığıb vəzifələri bölür. Həmin gün Mehdiyev telefonla Ş. Musayevə göstərişini verir ki, cəbhənin müxtəlif sahələrində eyni zamanda müxtəlif zərbələr vurulmalıdır, əsas zərbə bu halda Əsgərana endirilməli idi. Həmin gecə N.Abdullayev təxminən 30 nəfərlik dəstəsiylər Nəbilər kəndində kəşfiyyat keçirir və təyin edir ki, kənddə heç kəs yoxdur. Kənddə 10 nəfərlik nəzarətçi dəstə qoyulur. Səhər N. Abdullayev T. Mehdiyevə bildirir ki, milli ordunun Şuşa batalyonundan 10 nəfər bələdçi onlar tərəfindən əməliyyata götürülmüşdür. Əməliyyatın keçirilməsi üçün 5 vzvod və R. Əhmədovun rəhbərliyi altında 10 nəfərlik ayrı bir qrup formalaşdırılır. Bu qrup ən peşəkar dəstə idi, onun üzvləri yalnız Əfqanıstanda xidmət keçmiş, döyüş mükafatlarına və yüksək əlbəyaxa döyüş qabiliyyətinə malik əsgərlərdən ibarət idi.

Əməliyyat planı belə idi. Birinci vzvod Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxmalı və oradan Daşaltıdan Sığnağa aparan yolu kəsməli idi. İkinci vzvod birinci vzvodun köməyi ilə Daşaltıdan Şuşakəndə aparan yolu kəsməli idi. Bu vzvodlardan irəlidə, yoldan 400-500 metr məsafədə, sağda və solda üçüncü və dördüncü vzvodlar yerləşməli və hücum əmrini gözləməli idilər. Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət olmuş 5-ci vzvod ehtiyatda olmalı idi. Nəzərdə tutulmuş yerə çatdıqdan sonra bizim birinci dəstə Nəbilər kəndi istiqamətindən Daşaltını atəşə tutmalı idi. Cavab olaraq ermənilər bizim
mövqelərimizə atəş açmağa başlayırdılar. Bu zaman üçüncü və dördüncü vzvod kəndə yaxınlaşmalı və rəqibin atəş nöqtələrini təyin edərək onları məhv etməli idilər. Bu vzvodların arasında gedən Riad Əhmədovun kəşfiyyat-diversiya dəstəsi bundan sonra 3-cü və 4-cü vzvodların atəş dəstəyi zamanı Daşaltıya girməli və kənddəki erməni dəstələrinin bazasını məhv etməli idi. Bundan sonra 3-cü və 4-cü vzvod kəndə girməli və rəqibin sağ qalmış əsgərlərini məhv etməli idilər. Şuşakənddə yolda durmuş ikinci vzvod, dinc əhalinin Daşaltıdan Şuşakəndə doğru çıxışını təmin etməli idi. Əsas qüvvələrə dəstək üçün, kəndin ətrafındakı bəzi yüksəkliklərdə snayperlər yerləşdirilmişdi. Bu vzvodların hərəkət taktikası belə olmalı idi: 1 kilometr irəlidə iki bələdçidən və iki kəşfiyyatçıdan ibarət olan patrul getməli idi, onlar arxalarında qrupu aparmalı idilər. Bütün komandirlər bələdçilərin göstərdiyi yol ilə diqqətlə getmək tapşırığı alırlar. Ancaq T. Mehdiyevin dediklərinə görə, hər qrupda sonradan əlavə 1-2 bələdçi meydana çıxdı. Bundan başqa, guya 1-ci vzvodun əsgərlərinin bir hissəsi əməliyyatın keçirilməsinə başlanan zaman sərxoş vəziyyətdə idilər. Hər iki amil
zabitlərin məsuliyyətsizliyinin nəticəsi idi.

Döyüş

1992-ci il yanvarın 25-dən 26-na keçən gecə əməliyyat başlanır. Birinci vzvod Nəbilər kəndinə gəlir, burada onlar 10 insandan ibarət patrul dəstəsiylə görüşür. Bu dəstənin döyüşçüləri birinci vzvoda Siğnaxa gedən ən qısa yolu göstərirlər. Ancaq bələdçilər bildirirlər ki, bu yol üzrə getmək təhlükəlidir, pusquya düşmək ehtimalı yüksəkdir. Buna görə birinci vzvod daha uzun yolla gedir, qət olunan yolun uzunluğu 3 kilometr əvəzinə 15 kilometrə qədər böyüyür. Nəticədə vzvod lazım olan məntəqəyə təyin edilmiş vaxtdan daha gec gedib çıxır. Burada qeyd etmək lazımdır ki, əməliyyat zamanı hava çox sərt idi, hər yerdə dərin qar örtüyü vardı, yüksək dağlar, güclü şaxta hərəkətə mane olurdu, bundan başqa əsgərlər özüylə böyük miqdarda silah və döyüş sursatı aparırdılar.

Həmçinin hərbi əlaqənin çox pis təşkil olunmasını qeyd etmək lazımdır: vzvodların və əməliyyatın komandanlığının arasında, həmçinin qarşılıqlı fəaliyyət göstərən bölmələrin arasında informasiya mübadiləsi üçün möhkəm əlaqə təmin edilməmişdi. Hərbi əlaqənin pis təşkil olunması nəticədə bölmələrin hərəkətlərində uyğunsuzluğa gətirib çıxardı, həmçinin komandanlığı vaxtında informasiya almaq imkanından məhrum etdi. Komandanlıq öz əsgərlərinin harada olmalarından, nə etmələrindən, nəyə ehtiyacları olduqlarından xəbərsiz olmaqla bərabər, həm də döyüşün gedişinə təsir etmək üçün lazımi qərarları verə bilmirdilər. Mövcud olan radioaparatlar çox köhnə idi və müasir tələblərə cavab vermirdi. Azərbaycan Ordusunun bölmələri arasında olan danışıqların gedişatı zamanı ermənilər tez-tez danışıqları yaxalayırdılar, hətta onlar bəzən efirə də çıxaraq danışıqlara müdaxilə edir və danışıq aparan azərbaycanlı əsgərləri təhqir etməyə başlayırdılar. 1-ci vzvod Sığnax kəndindən Daşaltıya tərəf gələn yol boyunca nəzərdə tutulmuş mövqelərə çataraq kiçik fasilə üçün dayanır. Bu zaman bələdçilər vzvod komandirini inandırmağa başlayırlar ki, burada durmaq əhəmiyyətsizdir, Sığnaxdan ermənilər gəlməyəcəklər, birbaşa Daşaltıya hücum etmək lazımdır. Naməlum səbəblərdən komandir onların dediklərinə inanır. Altı əsgər Daşaltı-Sığnax yolunun ətrafında mövqelərdə qalır, vzvodun qalan hissəsi öz mövqelərini tərk edir və Daşaltıya tərəf gedir. Səhər saat altı radələrində Sığnax kəndi tərəfdən erməni əsgərləriylə dolu bir Kamaz yük avtomobili gəlir. Mövqedə qalmış 6 əsgər bu avtomobilə atəş açırlar və demək olar ki, orada olan erməni əsgərləriylə birlikdə bu «Kamazı» tamamilə məhv edirlər. Bu zaman erməni əsgərləriylə dolu ikinci «Kamaz» yük avtomobili yaxınlaşır. Onların arasında və mövqedə dayanan 6 əsgər arasında döyüş başlanır. Döyüşün gedişatında 2 Azərbaycan əsgəri həlak olur, 1 əsgər yaralanır. Sağ qalmış 3 əsgər, ölüləri və yaralıları götürərək geri çəkilirlər. Bizim əsgərlərimizin geri çəkilməsindən sonra, erməni dəstəsi Sığnaxdakı yolda olan mövqeləri tutur və bununla da 3-cü və 4-cü vzvodların arxasına çıxırlar.

Şuşakəndə gedən yolu kəsməli olan ikinci vzvod isə ermənilərin pusqusuna düşür. Ermənilər bu vzvodu mühasirəyə alırlar və demək olar ki, vzvoddakı bütün əsgərlərin hamısını şəhid edirlər. Yalnız iki yaralanmış əsgər sağ qalaraq qaça bilirlər. Onlardan biri olan Azər adlı əsgərin sözlərinə görə, döyüşdən sonra o, ermənilərin ratsiya vasitəsilə vzvodu pusquya doğru aparan Maxış adlı bələdçiylə necə danışıqlar apardığını eşidirmiş. Bu danışığın gedişatında bələdçi ona söz verilmiş mükafatı ermənilərdən tələb edirmiş.

Ermənilər isə cavabında ona deyirdilər ki, get həlak olmuşların avtomatlarını yığ və onları sat, bu da sənin mükafatın olacaq. Üçüncü və dördüncü vzvodlar isə təyin olunan yoldan kənara çıxıb, nəzərdə tutulmuş mövqelərdən 2 kilometr daha uzaqda mövqe tuturlar. Buna görə onlar Sığnaxda və Şuşakənddə yollarda döyüşən əsgərlərə yardıma gələ bilmirlər.

Uğursuz başlanğıca baxmayaraq, əməliyyat nəzərdə tutulmuş plan üzrə davam etdirilir. Nəbilər kəndində olan dəstə Daşaltıya doğru atəş açmağa başlayır, qarşılığında erməni dəstələri cavab atəşi açırlar. 3-cü və 4-cü vzvodların atəş dəstəyi altında Riyad Əhmədovun dəstəsi kəndin içərilərinə doğru irəliləməyə başlayır. Amma «Kələmlik» adlı yerin yaxınlığında Qurban adlı bələdçinin satqınlığı nəticəsində dəstə pusquya düşür və bütün üzvləri ermənilər tərəfindən öldürülür. Riad Əhmədov özü isə itkin düşür. Bir müddətdən sonra 3-cü və 4-cü vzvod kəndin kənarlarından Daşaltıya daxil olurlar və erməni dəstələriylə döyüşə başlayırlar. Lakin bu zaman, Sığnaxda yolda mövqeləri özbaşına tərk etmiş birinci vzvodun əsgərləri «ura» qışqırıqlarıyla 3-cü və 4-cü vzvodların arxalarıyca kəndə girirlər. Kənddə olan azərbaycanlı əsgərlər əlaqənin olmaması səbəbindən gələn vzvodu düşmən əsgərləri olaraq qəbul edirlər və onların arasında atışma başlanır. Nəticədə hər üç vzvod itki verir və həm Daşaltı istiqamətindən, həm də Sığnax istiqamətindəki mövqelərdən erməni dəstələrinin şiddətli atəşi altına düşürlər. Bundan başqa, Sığnax kəndi istiqamətindən gələn erməni dəstəsi Azərbaycan bölmələrinin mövqelərinə arxadan zərbə vurur. Azərbaycan əsgərləri hər tərəfdən sıxılmasına, həmçinin Daşaltı və Sığnax istiqamətindən düşmənin çarpaz atəşi altına düşməsinə baxmayaraq, əsgərlərdən heç biri döyüş meydanından qaçmadı. Mühasirəyə düşmüş əsgərlər döyüşməyə davam edirdilər. Azərbaycanlı əsgərlərin döyüşdə şücaət göstərdiyinə dair çoxlu faktlar var. Bir çox azərbaycanlı əsgər əsir düşməmək üçün intihar etməkdən çəkinmirdilər. Belə ki, hər tərəfdən ermənilərin əhatəsinə düşmüş Elşən Xəlilov F-1 qumbarasıyla özünü partlatdı, həmçinin Zaur Cəfərov əsir düşməmək üçün son gülləsini özünə vurdu.

Daşaltıda vəziyyətin kritik olduğunu görən T. Mehdiyev Xüsusi Təyinatlı Milis Dəstəsinin döyüşçülərindən ibarət 5-ci vzvodu kənddəki döyüşçülərə kömək üçün göndərir. Lakin cəmi 500-600 metr irəlilədikdən sonra ermənilərin güclü müqavimətiylə qarşılaşan 5-ci vzvod da dayanmağa məcbur olur. Əməliyyatın iflasa uğradığını başa düşən T. Mehdiyev güclü dumanın çökməsindən istifadə edərək Şuşaya doğru geri çəkilmək əmri verir. 1992-ci il 26 yanvar günü Milli Ordunun sağ qalmış döyüşçüləri Daşaltıdan Şuşaya doğru geri çəkilirlər.

Nəticə

Bu əməliyyata çox diqqət ayrılır, çünki bu əməliyyatda uğursuzluq müharibənin gedişinə ciddi təsir etdi. Daşaltı əməliyyatının gedişatında qələbə müharibənin gedişatını dəyişdirə və bizim qoşunlarımıza strateji təşəbbüsü ermənilərdən almağa və erməni qoşunlarını müdafiəyə keçməyə məcbur etməyə imkan verirdi. Amma əməliyyatın uğursuzluğundan sonra, Azərbaycan qoşunları uzun müddət faktiki olaraq hücum əməliyyatlarını həyata keçirmədilər və bununla da erməni qoşunları müharibədə təşəbbüsü ələ aldı. Daşaltıda məğlubiyyət həmçinin Azərbaycan qoşunlarının və əhalinin döyüş ruhunda ciddi təsir etdi.

Lakin eyni zamanda Daşaltıdakı döyüş bizim əsgərlərimizin bir çox qəhrəmanlıq və cəsarətinin nümunəsi kimi yada salınır. T.Mehdiyevin sözlərinə görə, sonradan sağ qalmış bələdçiləri tapmaq cəhdləri heç nəyə gətirib çıxarmadı. O, yanvarın sonuna kimi Şuşada qaldı, amma bu vaxt ərzində bələdçilərdən heç birini tapmadılar. Bir neçə gün sonra Azərbaycan əsgərləri vaxtından gec göndərilmiş zirehli texnikadan və artilleriyadan istifadə edərək Daşaltını güclü atəşə məruz qoydular.

Tərtib etdi:
Metodika və biblioqrafiya şöbəsinin biblioqrafı,
Rəna KƏRİMOVA

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: