19.03.2024

Bildiniz də nə deyirəm?!

Moskvada tələbə yoldaşımın qardaşının kafesində qaldığım vaxtlarda çox ibrətamiz bir hadisə başıma gəldi. Deməli, tələbə yoldaşımın qardaşı polisdə sanballı işdə işləyir, bir arxayınçılıq var ki, burada kimsə bizi incidə bilməz, üstəlik də «kriminal ünsürlər» yaxın düşməz. Elə bu əminliyə görə də kafeyə gələn istənilən soydaş-müştəriylə çox sərbəst danışıram, fikirlərimin qoruq-qaytağı olmur, hətta bir dəfə çənəm qızışıb, əməlli-başlı «prava kaçat»layıram. Tələbə yoldaşım qıraqdan qaş-göz edir, səsinin tonunu qaldırıb həyəcanla «Aydın, sarsaqlama» xəbərdarlığı edir, hara dayanıram e — vətənpərvərlik damarım tutub! Qardaş da məni çayaşağı buraxıb, çayyuxarı gəzir, maksimum darmadağın edir, amma dirəşirəm e!
Nəhayət, «atışma»nın sonunda yemək sifariş verir, bizi qonaq edir və kafeni tərk edəndə tələbə yoldaşıma deyir ki, Aydın qardaşdı, nə kömək lazım olsa, mənə deyərsən, sonra da qoluma girib deyir ki, məni ötür. Kafedən maşınacan çox olsa bir 100 metr. Dediyim o ibrətamiz hadisə soydaşımızın tələbə yoldaşıma dediyi sözlərlə başlandı, elə həmin o 100 metrdə də bitdi!
Adam kriminal dünyanın ən bərkgedən qruplaşmasının üzvü, hətta deyərdim ki, killerlərindən biri imiş. Maşında mənə göstərdiyi vizitkalarda ən balaca adamın adının qabağında general-mayor rütbəsi dururdu, baqajda ən müxtəlif növ silahlar da ki, öz yerində: «Qrup yoldaşın bilməsin, sabah gələrsən filan yerə, söhbəti orada davam edərik. Səndən soruşsa ki, nə dedim sənə, çıxarıb bu pulları göstərərsən ki, xərclik verdi».
Geri qayıdanda nə illah elədimsə bu kim idi, sizin yanınızda belə adam neynir, tələbə yoldaşım «allah üzünə baxdı, yaxşı qurtardın, əgər tapşırmasaydı, səni özüm qovacaqdım burdan». Özümü o yerə qoymayıb, xərclik üçün verdiyi pulları göstərdim və əlavə etdim: «Sən o fakültəyə necə giribsən, nə üçün oxuyubsan, başa düşmürəm, bildiyin o qədərdi, adam gördün necə dəyər verdi?»
— Ay gic, o bir də buralara gələndə gözünə görünmə, bu dəfə bəxtin gətirdi, vurub öldürəcək, sənin meyitini də ondan ala bilmərik ki, dədənin xarabasına göndərək. Elə deməyinə də arxayın olmamışdım, əgər pul verməsəydi…
— Yaxşı da, onda de kimdi, sizin yanınızda neynir, niyə əvvəldən xəbərdar etmirdin, qoymusan güllə hədəfində, indi deyirsən bəxtin gətirdi. Banditin burda nə işi var?
— Ay «tupoy», oxumursan, baxmırsan səhərdən-axşama deyirlər «kriminalnaya Rossiya»? Burada azərbaycanlı necə rahat kafe işlədə bilər, banditlərlə əlaqəli olmasa? Səkkiz kriminal qruplaşma var, hərəsinin «krışa»sı bir generaldı. Nə axmaq-axmaq vətənpərvərlikdən danışırsan? Hansı qanundan danışırsan ki, ölkədən didərgin salınan, qohum-əqrəbası həbsə alınanla?
… Səhər dediyi yerə dediyi vaxtda getdim. Bahalı restoranlardan biri idi. Oturub sakit və rahat şəraitdə yeyib-içdik. Heç nə danışmadı. Bir kəlmə də. Lap axırda başladı danışmağa! Fikrini bitirən kimi durdu getdi, yenə də cibimə xərclik qoymaqla.
— Dünən başının gülləsi əskik idi o cür «prava kaçat»lamağına görə. Amma sən elə bilirdin ki, səni tanımıram. Gülləni ona görə başına vurmadım ki, məni düşmən və təhlükəli saymırdın. Mən də bilirdim ki, bura öyrədilib izimizə düşmək üçün göndərilənlərdən deyilsən. Həqiqətən vətənpərvər adamsan. Müvəqqəti çörək pulu qazanmaq üçün yazılar yazmağa gəlmisən. O kafedəki qızların da heç birinə girişmirsən — fikrin-zikrin üç-beş manat düzəldib qayıtmaqdı. Eləcə də gecə sonuncu müştərinin getməyini gözləyib, səhər süpürgəçi gələndə durub gedirsən, o bir tikə çörəyin pulunun dalınca. Oradakı Yulya mənim «qızım»dı, biləsən ki, gələn gündən nə işlə məşğul olduğunu dəqiq bilirəm. Bax, mənim bu cüssəsiz, 13 kilo 700 qramlıq canımın üstünə öz həqiqətlərinlə, özü də yalnız sənin nəzərində düz olan fikirlərlə cumanda, fərqində deyildin ki, bu dəqiqə güllə ağzının içindən açılacaq! Sənin qrup yoldaşına səni tapşırmasaydım, mənə xoş olsun deyə səni elə mən gedəndən sonra döydürüb ordan qovduracaqdı, heç ağlına da gətirməzdin ki, davanı o tələbə yoldaşın düzüb-qoşub səni rədd eləmək üçün. Zırpılığa qalsa, boynuyoğunluğa qalsa, həqiqətə qalsa, Moskvadı e, dünya çempionları itə tökdü, hərəsi yüzünün boynun qırar haqsız ola-ola, amma görürsən ki, iki metr boyu var, 120 kilo çəkisi, başını aşağı salıb işinin dalınca gedir. 35 yaşın var, körpə deyilsən, hələ də başa düşməmisən ki, sənin oxuduğun kitablardakı gözəl ideyalar, təbliğ etdiyin dəyərlər sadəcə nəzəriyyədi, həyatı yaşamağın və yola verməyin hər dövlətdə öz qaydaları var? Dünən demirəm təkcə mən mərhəmətli oldum, dünən həm də sən haqlı idin, anidən bir elementar səhvin bəs edərdi. Bu gün səni çağırmaqda bir məqsədim var ki, biləsən, ölkələr həm də sənin qəddarcasına əleyhinə yazdığın kriminal qüvvələrlə idarə olunur. Adi bir misal. Zırrramanın biridi, qolunda bir az güc var, qarnında da bir az artıq piy. Danışır «böö-böö». Hökümət buna necə başa salsın ki, insan azadlıqları, demokratik dəyərlər o demək deyil ki, sən milli-əxlaqi dəyərlərin üstünə get, qloballaşma, inteqrasiya deyibən gəl bütün hər şeyə tüpür, özünə kreativ, lotu imici yarat? Bax, sən hələ də ehtiyatsızlıq edirsən, halbuki dünən vizitkanı görəndən, silahların baqajda olmağına şahid olandan sonra min kilometr uzaq qaçmalıydın burdan, amma indi də mənimlə üz-üzə oturubsan! Sənin o 180 santimlik boyuna, 80 kiloluq çəkinə güllə də çoxdu! Bir yumruq, sadəcə bir yumruq bəs edər ki, yıxılasan, 28 gündən sonra özünə gələrsən və ömür boyu heç nəyi xatırlamayacaqsan, özü də ağzının suyu axa-axa! Başa düşdün? Təbliğ edəndə də belə incəlikləri təbliğ elə əllə-qolla danışana! Danışmağı öyrənmək lazımdır, öyrətmək lazımdır! Problem olsa, tələbə yoldaşına deyərsən, istənilən adamı başa salarıq. Bir yumruq və 28 gün huşsuz. Ayılandan sonra da ağzının suyu axa-axa gəzəcək. Onu vuran adamı görsə də xatırlamaz.
2008-ci ildən 10 il keçib. Hər dəfə mətbuatda, fb-də, mavi ekranlarda, MM-də danışanlara qulaq asanda, yazdıqlarını oxuyanda görürəm ki, İlahi, bir yumruqluq nə qədər adam var bu ölkədə!
Nökərin sözü olmasın, biri mən, bəs bu qalanlarını kim yumruqlayacaq? Bunlar haçan yazmağı, danışmağı öyrənəcək?
P.S. Boynuma alıram, qorxumdan ta 2015-ci ilə qədər Moskvaya getmədim! Moskvada jurnalistə həm də «hökümətin sukası» kimi baxırlar və əmin olurlarsa qənaətlərində doğrudurlar, görüm-baxım edirlər, yox, müxalifətçisənsə, ya Moskvada «olmurlar», ya da başları çox «qarışıq» olur. Ancaq dərindən və yaxından tanıdıqların səninlə görüşməyə vaxt tapır!
Heç kimi də günahlandırmaq lazım deyil — biz doğrudan da danışmağı və yazmağı öyrənməmişik axı! Elementar polemika mədəniyyəti yoxdu!
P.P.S. Son dəfə Moskvada olanda eşitdim ki, «qardaş» ağır xəstəlikdən rəhmətə gedib! Bu xalqın «öküzlərini, kəllərini, danalarını» bir yumruğa susdura biləcək oğulları da dünyanı tərk edə-edə gedirlər. Amma hər halda o yumruğu hardan və necə vurmağın qaydasını bilənlər hardasa var…

Müəllif: Aydın CANIYEV

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: