28.03.2024

Laçının Sus kəndindəki ermənilər çıxarılır — Azərbaycanın nəzarətinə KEÇİR

Xankəndi ilə Ermənistan arasında əlaqəni təmin edən yeni yolun tikintisi ilə əlaqədar Laçının hazırda Rusiya hərbçilərinin nəzarətində olan bir sıra yaşayış məntəqələri Azərbaycan tərəfinə təhvil veriləcək.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuata açıqlamasında bildirib.

Dünən yayılan məlumatda həmin yaşayış məntəqələrinin Laçın şəhəri və Zabux kəndi olduğu bildirilmişdi.

Lakin bu gün məlum olub ki, Paşinyan “Laçın dəhlizi” boyunca yerləşən daha bir kənddən bəhs edib. Yəni “Laçın dəhlizi”nə çəkilən alternativ yol istifadəyə veriləndən sonra Laçın şəhəri və Zabux kəndi ilə yanaşı, bir qrup erməninin qanunsuz yaşadığı Sus kəndi də Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçəcək.

Xatırladaq ki, 2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa – “Laçın dəhlizi”nə düşüb. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Hazırda “Laçın dəhlizi”ində Laçının rayon mərkəzi və 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux. Bu kəndlərdən 4-ü boşdur, 2-də isə — Sus və Zabuxda — ermənilər qanunsuz olaraq məskunlaşdırılıblar.

2020-ci ildə “sülhməramlı” adı ilə Qarabağa yerləşdirilən Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər.

Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Paşinyanın haqqında bəhs etdiyi Sus kəndi Həkəri və Zabux çaylarının sahilində yerləşir. Kənd 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

Sus kəndi 2020-ci ildə İkinci Qarabağ müharibəsidən sonra imzalanan 10 noyabr atəşkəs razılaşması ilə Rusiya sülhməramlılarının nəzarəti altına düşüb.

Sus kəndinin əsas təsərrüfatı heyvandarlıq, bağçılıq və əkinçilik olub. Vaxtilə Susda Həkəri çayı boyunca tut, alma, gilas bağları mövcud idi.

Ermənistanın baş naziri Nikol Paşinyan xatırladıb ki, Qarabağın dağlıq hissəsinə gedən marşrutun dəyişdirilməsi ilə bağlı razılıq Ermənistan, Azərbaycan və Rusiya dövlət başçılarının 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən əldə olunub. Laçın şəhərindən yan keçən yeni Xankəndi-Gorus yolu tamamilə Rusiya sülhməramlılarının nəzarəti altında olacaq.

Paşinyan deyib ki, hazırda Laçın şəhərində yaşayan ermənilərin problemi Ermənistan hökumətinin qərarları ilə həll edilir: “Onlar mənzillə təmin olunmalıdırlar. Bu gün Laçında faktiki olaraq ailələr yaşamır”.

Zabux kəndində yaşayan ermənilərə gəlincə, Paşinyanın sözlərinə görə, onların problemi Qarabağ separatçıları tərəfindən həll olunacaq. Baş nazirin açıqlamasından belə məlum olur ki, Zabuxda yaşayan ermənilər oradan çıxmalı olsalar, onlar Qarabağın dağlıq hissəsinə — separatçıların olduğu ərazilərə köçürüləcək. Halbuki, həmin ermənilər əvvəllər Qarabağda yaşamayıblar, onlar bura Suriya, Livan və başqa yerlərdən köçüb gəliblər.

“Sus kəndinə gəlincə, məndə heç bir məlumat yoxdur”, — deyə Paşinyan bildirib.

Qeyd edək ki, hazırda Rusiya hərbçilərinin nəzarət zonasında yerləşən “Laçın dəhlizi”ində yerləşən Laçın şəhərində, Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux kəndlərində tarix boyu erməni yaşamayıb. Onlar həmin ərazilərə 1992-ci ildəki işğaldan sonra yerləşdiriliblər.

Razılaşmaya əsasən, Azərbaycan tərəfinin «Laçın dəhlizi»nə çəkdiyi alternativ yolun 2020-ci ilin sonunda istifadəyə veriləcəyi gözlənilir. Yeni yol Ermənistanla sərhəddən — Gorusun Kornidzor kəndindən başlayır, Laçından yan keçub Şuşa rayonunun Kiçik Qaladərəsi və Böyük Qaladərəsi kəndlərinədək uzanmaqla Turşsu kəndində Xankəndiyə gedən köhnə magistralla kəsişəcək.

Mənbə: Modern.az

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: