29.03.2024

Pensiyası az olanlara müavinət təyin oluna bilər — Qanun qəbul olundu

Azərbaycanda şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.


Veteran.az-ın xəbərinə görə, bununla bağlı «Sosial müavinətlər haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.


Qanunun 7-ci maddəsində dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət (7.0.5.1-ci maddə istisna olmaqla), müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyinatı şərti kimi şəxsin əmək pensiyası hüququnun olmaması göstərilir.

Ailə başçısının kifayət qədər sosial sığorta stajının olması səbəbindən ailə üzvünün ailə başçısını itirməyə görə pensiya hüququ yarandığı halda həmin müavinətin ödənişi dayandırılır. Lakin sözügedən əmək pensiyasının ailə üzvünə düşən hissəsi ona təyin edilmiş, yaxud təyin ediləcək sosial müavinətin məbləğindən aşağı olduğu təqdirdə, onun maddi təminatının aşağı düşməsi ilə nəticələnir. Həmçinin əmək pensiyası təyinatının məqsədinin şəxsin, yaxud ailənin itirilmiş gəlirlərinin kompensasiyası olduğunu nəzərə alaraq, bu halda nəinki ailənin itirilmiş gəlirləri kompensasiya olunmur, əksinə azalır.


Təklif edilən dəyişikliklə şəxsə düşən pensiyanın məbləği onun aldığı, yaxud almalı olduğu sosial müavinətin məbləğindən az olacağı təqdirdə ona müavinət təyin olunacaq.


Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: