«Salam Olsun Şəhidlərə – 3» voleybol turnirinə komandaların qeydiyyatı başladı
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Neftçala rayon şöbəsinin təşkilatçılığı ilə keçiriləcək «Salam Olsun Şəhidlərə – 3» adlı ənənəvi voleybol turnirinə komandaların qeydiyyatına rəsmi olaraq start verildi. Artıq üçüncü dəfə təşkil olunacaq bu vətənpərvərlik ruhlu idman yarışı xalqımızın qəhrəman şəhidlərinin əziz xatirəsinə həsr olunur. Turnirin əsas məqsədi gənclərdə Vətən sevgisini, milli birlik və həmrəylik ruhunu daha da gücləndirmək, sağlam həyat tərzini təbliğ etmək və şəhidlərimizin müqəddəs xatirəsini daim yaşatmaqdır.
Hər il olduğu kimi, bu il də turnir AVMVİB-nin Neftçala rayon şöbəsinə idman sahəsində daim dəstək göstərən, şöbənin fəxri üzvü, Bankə qəsəbəsinin hörmətli sakini Bağırov Murad Səfadət oğlunun rəhbərliyi ilə təşkil olunacaq. Turnirin bütün təşkilati işlərində AVMVİB-nin Neftçala rayon şöbəsinin Bankə özəyinin sədri Arif Mehdi oğlu da yaxından iştirak edərək hazırlıq prosesinə öz dəyərli töhfəsini verməkdədir.
AVMVİB-nin Neftçala rayon şöbəsinin sədr müavini, hazırda şöbə sədrinin səlahiyyətlərini icra edən psixoloq Rahim Manafov turnirə qatılacaq bütün komandalara əvvəlcədən uğurlar arzulayaraq bildirib: «Şəhidlərimizin adına keçirilən yarışlarda əslində məğlub komanda olmur. Çünki bu müqəddəs Vətənin şəhidləri heç vaxt məğlub olmayıblar. Onlar canlarını fəda edərək xalqımıza Zəfər bəxş ediblər. Buna görə də bu turnirdə iştirak edəcək bütün komandalar bizim üçün qalibdir. Yarışın sonunda yalnız idman qaydalarına uyğun olaraq rəmzi mənada I, II və III yerlər müəyyən ediləcək.» Turnirin yekununda I, II və III yerləri tutacaq komandalar fəxri fərman və medallarla təltif ediləcək, birinci yerin sahibi isə kubokla mükafatlandırılacaq. AVMVİB-nin Neftçala rayon şöbəsi bütün voleybol komandalarını bu müqəddəs amal naminə keçiriləcək turnirdə iştirak etməyə dəvət edir. İnanırıq ki, bu yarış təkcə idman mübarizəsi deyil, həm də şəhidlərimizin ruhuna sonsuz ehtiramın, milli birliyin və vətənpərvərliyin növbəti təntənəsi olacaq.
Şəhidlər ölməz, Vətən bölünməz! Qəhrəmanlarımızın əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq!
Mübariz Eldar oğlu AVMVİB-nin Neftçala rayon şöbəsinin sədri