14.07.2026

Prezident İlham Əliyevin Şuşa çıxışı Azərbaycanın strateji inkişaf kursunun əsas istiqamətlərini bir daha ortaya qoydu

IV Şuşa Qlobal Media Forumu təkcə media nümayəndələrinin bir araya gəldiyi beynəlxalq platforma kimi deyil, həm də müasir dünyanın geosiyasi gündəliyinə dair mühüm mesajların səsləndiyi fikir məkanı kimi diqqət çəkdi. Prezident İlham Əliyevin forum çərçivəsində verdiyi cavablar göstərdi ki, Azərbaycan artıq özünü yalnız regional proseslərin iştirakçısı kimi deyil, qlobal dəyişiklikləri düzgün qiymətləndirən və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən dövlət kimi təqdim edir.

Dünyada geosiyasi xəritənin sürətlə dəyişdiyi, enerji marşrutlarının yenidən formalaşdığı, rəqəmsal texnologiyaların dövlətlərin güc meyarlarını dəyişdirdiyi bir dövrdə Azərbaycan öz inkişaf modelini yeni reallıqlara uyğunlaşdırır. Prezident İlham Əliyevin çıxışında səslənən fikirlər bunu açıq şəkildə nümayiş etdirdi.

Diqqət çəkən əsas məqamlardan biri dövlət başçısının «orta güc» anlayışına münasibəti oldu. Son illər beynəlxalq ekspert dairələrində Azərbaycanın artıq «middle power» kimi qiymətləndirilməsi təsadüfi deyil. Prezident bu anlayışın əsas meyarlarını sadalayaraq göstərdi ki, güclü dövlət olmaq yalnız iqtisadi göstəricilər və ya hərbi imkanlarla ölçülmür. Milli maraqları qorumaq, regional proseslərə təsir etmək, beynəlxalq etimad qazanmaq və məsuliyyətli siyasət yürütmək müasir dövrdə dövlətlərin nüfuzunu müəyyən edən əsas amillərdir.

Forum zamanı enerji təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlər də Azərbaycanın strateji rolunu bir daha ortaya qoydu. Bu gün ölkəmiz Avropanın enerji təhlükəsizliyinin vacib elementlərindən birinə çevrilib. Yeni bazarlara çıxış, qaz ixracının genişləndirilməsi, bərpaolunan enerji layihələrinin sürətlə inkişaf etdirilməsi və nəqliyyat infrastrukturunun böyüdülməsi göstərir ki, Azərbaycan gələcəyin enerji xəritəsini formalaşdıran ölkələr sırasındadır. Bu isə iqtisadi potensialla yanaşı, siyasi etimadın da göstəricisidir.

Prezident İlham Əliyevin toxunduğu digər mühüm məsələ informasiya məkanı ilə bağlı idi. Müasir dövrdə dezinformasiyanın geniş yayıldığı şəraitdə həqiqətin qorunması artıq yalnız jurnalistikanın deyil, dövlətlərin təhlükəsizlik məsələsinə çevrilib. Məhz buna görə Şuşa Qlobal Media Forumunun «Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması» mövzusu təsadüfi seçilməyib. Həqiqət uğrunda mübarizə artıq informasiya savaşlarının əsas istiqamətlərindən biridir.

Forumun keçirildiyi Şuşa şəhərinin özü də xüsusi siyasi simvolizm daşıyır. Bir neçə il əvvəl işğaldan azad edilən bu şəhər bu gün dünyanın müxtəlif ölkələrindən gələn media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin fikir mübadiləsi apardığı beynəlxalq məkana çevrilib. Bu fakt Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi bərpa və inkişaf siyasətinin ən real göstəricilərindən biridir.

Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlərdən çıxan əsas nəticə ondan ibarətdir ki, XXI əsrdə güclü dövlət anlayışı artıq yalnız hərbi qüdrətlə müəyyən olunmur. Etibarlı tərəfdaş olmaq, qlobal layihələrdə söz sahibi kimi çıxış etmək, enerji və nəqliyyat təhlükəsizliyinə töhfə vermək, rəqəmsal inkişafı sürətləndirmək, informasiya təhlükəsizliyini təmin etmək və beynəlxalq hüquqa söykənən müstəqil siyasət yürütmək müasir dövlətin əsas üstünlükləridir.

Şuşadan dünyaya ünvanlanan bu mesajlar göstərdi ki, Azərbaycan yalnız bugünkü geosiyasi proseslərin iştirakçısı deyil, həm də gələcəyin regional və qlobal əməkdaşlıq modelinin formalaşmasına real töhfə verən ölkələrdən biridir. Bu isə dövlətin beynəlxalq nüfuzunu daha da möhkəmləndirən və onun strateji əhəmiyyətini artıran əsas amillərdəndir.

Nurlan Məmmədli
Veteran.az portalının Baş redaktoru

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: