Bakının “erməni əsirlər” mövzusunda ən ciddi səhvi
Ermənistan “erməni əsirlər” mövzusu ətrafında əla bir kampaniya aparır və belə görünür ki, bu kampaniyanın uğurlu olması üçün İrəvana beynəlxalq birlikdən cidd-cəhdlə dəstək göstərilir: məsələn, ABŞ Dövlət Departamentindən Fransanın ermənidən betər erməniyə çevrilmiş Senat sədrinə və yaxud AB-nin Bakıya bugünkü çağırışına qədər…
Kimsə bu silahlıların müharibənin bitməsi haqda üçtərəfli bəyanat imzalanandan 16 gün sonra – 26 noyabrda Şirakdan Azərbaycanın rus sülhməramlılarının nəzarəti altında olan ərazilərinə gəlməsi, burda ardıcıl təxribatlar törətməsi, mobil operatorun işçisi də daxil olmaqla, 4 nəfəri qətlə yetirməsini nəzərə almaq istəmir. Ümumiyyətlə, bu erməni yaraqlılarının müharibənin bitməsindən 1 aydan da çox zaman keçəndən sonra “əsir” götürülməsinin səbəbini də kimsə araşdırmaq istəmir: axı, 10 noyabr 2020-ci il bəyanatına görə rus sülhməramlılarının yerləşməsi ilə paralel olaraq erməni ordusu Azərbaycan ərazilərini tərk etməli idi. Bəs, bu silahlılar 11 dekabrda Azərbaycanda nə gəzirdilər? Üstəlik, onlar müharibə zamanı burda qalan, “obyektiv səbəbdən” ləngiyənlər də deyil, müharibə bitəndən sonra Ermənistandan durub gələnlərdir.
Paşinyan hakimiyyəti “əsir” məsələsini Ermənistanın bir nömrəli milli və taleyüklü problemi səviyyəsinə qaldırıb, hətta seçki kampaniyasının tərkib hissəsinə çevirib. Nə yolla olursa-olsun, 62 (ermənilər bu sayı hərdən 200-ə qədər qaldırmaqla da manipulyasiya edirlər) erməni terrorçunu geri almaqla Azərbaycan üzərində şanlı və təntənəli qələbə çalaraq, seçkilərə girmək istəyirlər.
Hiss olunur ki, Paşinyan hakimiyyəti buna nail olacaq və yaxud Azərbaycan bu cür “qələbəni” Nikola seçki ərəfəsində bəxş edəcək. Zatən ötən gündən Xankəndidən erməni zirehli texnikasının və əsgərlərinin Laçın dəhlizi vasitəsilə çıxmasını əks etdirən görüntülərin yayılmasından da görünür ki, “pərdəarxası” danışıqlarda Bakı əsas şərtlərindən birini diktə etməkdədir: erməni ordusunun qalıqları Azərbaycan ərazisini son nəfərinə qədər tərk etməlidir…
DTX-nin 11 dekabrda keçirdiyi əməliyyatla yaxalanan erməni terrorçularla bağlı dövlətimizin hansı siyasət yeritməsi və ümumiyyətlə, o əməliyyatın nəticələrindən (və “maddi sübutlarından”) masada necə istifadə olunması rəsmilərin işidir.
Ancaq ermənilərin apardığı kampaniya və Azərbaycana təzyiq səviyyəsinə qaldırdığı, “prinsip məsələsinə” çevirdiyi bu prosesin məntiqi heç də ermənilər üçün yaxşı perspektiv vəd etmir. Əminəm ki, hazırda azərbaycanlıların əksəri DTX-nin “səhv” etdiyini düşünür.
Erməni kampaniyasının bu səviyyəsi Ordumuzu və DTX-ni məcbur edir ki, növbəti əməliyyatlarda ümumiyyətlə əsir-girov götürməsin, terrorçunu ədalət məhkəməsinə təqdim etmək kimi humanist düşüncədə olmasın.
Yəqin ki, belə də olacaq və onda ermənilər Azərbaycan Ordusunun yaratdığı şəraitdən istifadə edərək, daha “nəticəli” axtarışlar apara, daha “isti” meyitlər tapa biləcəklər…