18.10.2025

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi: Vətənə xidmət yolunda bir daha birləşdilər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib. Toplantıda Bakı və ətraf rayon şöbələrinin sədrləri, təşkilat üzvləri iştirak edərək həm şəhidlərin müqəddəs xatirəsini yad edib, həm də qarşıdakı vəzifələri müzakirə ediblər.

Tədbir şəhidlərin ruhunun bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca AVMVİB sədri Füzuli Rzaquliyev çıxış edərək birliyin 1994-cü ildən bu günədək keçdiyi şərəfli yoldan danışıb. O bildirib ki, təşkilat hər zaman şəhid ailələrinin və müharibə veteranlarının yanında olub, onların sosial müdafiəsinin gücləndirilməsi üçün müvafiq dövlət orqanları qarşısında çıxış edib:

Bizim ən böyük borcumuz şəhidlərin əziz xatirəsini daim yaşatmaq, onların qəhrəmanlıqlarını gələcək nəsillərə çatdırmaq, eyni zamanda onların ailələrinə və döyüşçü yoldaşlarımıza sahib çıxmaqdır. Bu, həm mənəvi, həm də vətəndaşlıq məsuliyyətimizdir. Çünki Vətən uğrunda canını fəda edənlərin ruhu qarşısında hər birimiz cavabdehik. Bu gün biz daha güclü, daha sarsılmaz birlik nümayiş etdirməli, dövlətimizə, ordumuza və milli dəyərlərimizə sahib çıxmalı, həmrəyliyimizi hər bir addımda göstərməliyik. Yalnız bu yolla şəhidlərimizin qanı bahasına qazanılmış torpaqlarımızı, müstəqilliyimizi və gələcəyimizi qoruyub möhkəmləndirə bilərik. AVMVİB bir daha bəyan edir ki, təşkilat Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşən, onun sadiq əsgərlərindən ibarət ictimai birlik olaraq hər zaman Vətənimizin müdafiəsi, xalqımızın rifahı və milli həmrəyliyin möhkəmləndirilməsi istiqamətində fəaliyyət göstərmiş və bundan sonra da bu fəaliyyəti davam etdirəcəkdir. — deyə AVMVİB sədri Füzuli Rzaquliyev bildirib.

Təşkilatın sədrinin birinci müavini Vahid Abdurəhmanov çıxışında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin qarşıdakı fəaliyyət istiqamətləri, üzərinə düşən vəzifələr və bu günün çağırışları barədə ətraflı danışdı. O vurğuladı ki, birlik yalnız keçmişin şanlı tarixini yaşatmaqla kifayətlənməməli, eyni zamanda bugünkü və gələcək nəsillər üçün davamlı fəaliyyət və nümunə göstərməlidir.“Bu gün biz buradayıq ki, təkcə ötən dövrü xatırlayaq, yox. Biz buradayıq ki, yeni mərhələyə qədəm qoyaq – daha sistemli, daha məqsədyönlü, daha təsirli fəaliyyətlə. Çünki müharibə bitmiş ola bilər, amma müharibə veteranlarının, qazilərimizin və şəhid ailələrinin problemləri hələ tam başa çatmayıb. Onlar bu gün də dövlətimizin diqqətinə, cəmiyyətimizin dəstəyinə və bizim təşkilati gücümüzə ehtiyac duyurlar.”

Vahid Abdurəhmanov qeyd etdi ki, təşkilatın əsas prioritetlərindən biri veteranların sosial müdafiəsinin gücləndirilməsi, onların təhsil, hüquqi və tibbi xidmət, məşğulluq və mənzil məsələlərinin həllinə dəstək göstərməkdir. O bildirdi ki, bu istiqamətdə dövlət orqanları ilə əməkdaşlıq daha da dərinləşdirilməli, konkret proqramlar hazırlanmalıdır. Vahid Abdurəhmanov çıxışında həmçinin vurğuladı ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi dövlətçiliyə, milli birliyə və Müzəffər Ali Baş Komandanımız, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətə hər zaman sadiqdir:

NTK sədri Niyzai Quliyev çıxış edərək qeyd etdi ki, təşkilat təkcə problemlərin qaldırılması ilə deyil, onların həlli üçün təkliflər və təşəbbüslərlə çıxış etməli, mərkəzi və yerli dövlət qurumları ilə sıx əməkdaşlıq qurmalı, eyni zamanda ictimaiyyətdə və gənclər arasında vətənpərvərlik ruhunu daha da gücləndirməlidir.

Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov: “Biz yalnız hadisələri qeyd edən və bəyanatlar verən bir qurum olmamalıyıq. Biz təşəbbüskar olmalı, konkret təkliflərlə çıxış etməli, təşəbbüsləri icraya yönəltməliyik. Hər bir rayon şöbəsi öz yerində bu işi görməlidir. İctimai rəy yaratmaq, mediada aktiv olmaq, hüquqi və psixoloji dəstək mexanizmlərini inkişaf etdirmək bizim gündəlik fəaliyyətimizin tərkib hissəsi olmalıdır.”

Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov: “Biz məktəblərə, universitetlərə getməliyik. Gənclərə öz həyat hekayələrimizi danışmalıyıq. Onlara vətən sevgisinin nə demək olduğunu göstərməliyik. Bu, gələcək üçün ən böyük sərmayədir. Şəhidlərimizin adını yaşatmaq o deməkdir ki, biz onların yolunu davam etdirək – mübarizə, ədalət və vətənə bağlılıq yolunu.”

Sumqayıt şəhər şöbəsinin sədri Temuraz Mansurov: “Gəlin bu birliyimizi yalnız adla deyil, əməllə sübut edək. Biz birgə hərəkət etdikcə, güclənəcəyik. Vətənə xidmət yalnız səngərdə olmur – bu gün o xidmət burada, bu zalda, bu təşkilatın içində davam edir.”

AVMVİB sədrinin şimal regionu üzrə səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov: “Bizim təşkilatımız yarandığı gündən etibarən dövlətimizin və dövlətçiliyimizin yanında olmuşdur. Biz hər zaman türkçülüyün, milli birliyin müdafiəçiləri kimi çıxış etmişik. Ulu Öndər Heydər Əliyevin Azərbaycançılıq ideyasına sadiqliyimiz isə bizim ən böyük gücümüzdür. Bu amal bizi dəmir yumruq kimi birləşdirərək Ali Baş Komandanımızın ətrafında topladı və xalqımıza tarixi Zəfəri qazandırdı.”

Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov: “Biz bu gün burada yalnız bir ictimai qurumun üzvləri kimi deyil, həm də bu dövlətin sadiq əsgərləri kimi toplaşmışıq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və güclü dövlət quruculuğu naminə atılan hər bir addımı dəstəkləyir, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşirik. Bu sədaqət bizim ruhumuzdadır, qürurumuzdadır, mübarizə yolumuzdadır.”

Yasamal rayon şöbəsinin sədri Salman Hüseynov:“Vətənə sədaqət təkcə döyüş meydanında yox, həyatın bütün sahələrində özünü göstərməlidir. Biz müharibə iştirakçıları olaraq yalnız keçmişlə yox, gələcəklə də məsuliyyət daşıyırıq. Bu gün qarşımızda duran əsas vəzifə – veteranlarımızın, qazilərimizin və şəhid ailələrinin problemlərinin sistemli şəkildə həllinə dəstək göstərmək, dövlətimizin bu sahədəki səylərinə ictimai dayaq olmaqdır.”

Xankəndi şəhər şöbəsinin sədri Ramiz Ağayev: “Gənclərə vətən sevgisi yalnız tarix kitabları ilə deyil, canlı örnəklərlə aşılanmalıdır. Biz öz təcrübəmizi, yaşadıqlarımızı onlarla bölüşməli, onların bu Vətənə sevgi ilə böyüməsinə töhfə verməliyik. Hər bir rayon şöbəsi, hər bir üzv bu prosesi öz üzərinə bir vəzifə kimi götürməlidir.”

Zəngilan rayon şöbəsinin sədri Azad Musayev çıxışında xüsusilə gənc nəsillə işin əhəmiyyətinə toxundu. O bildirdi ki, vətənpərvərlik ruhunun cəmiyyətə ötürülməsi yalnız keçmiş döyüş tarixinin xatırlanması ilə deyil, gənclərlə birbaşa əlaqə və maarifləndirmə yolu ilə mümkün olar:

Sabunçu rayon şöbəsinin sədri Ramiz Musayev bütün rayon şöbələrini daha fəal olmağa, resurslarını birləşdirməyə və vahid bir strategiya ətrafında sıx əməkdaşlığa çağırdı.

Digər çıxışçılar da söz alaraq təşkilatın gələcək fəaliyyətinə dair dəyərli təkliflərini irəli sürdülər. Onlar bildirdilər ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi daha səmərəli fəaliyyət göstərməli, veteranların problemlərinin həllində daha güclü mövqeyə sahib olmalıdır.

Toplantının yekununda bir daha qeyd olundu ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin əsas missiyası Vətənə sədaqəti möhkəmlətmək, şəhidlərimizin əziz xatirəsini ehtiramla yaşatmaq və gələcək nəsilləri yüksək vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-16-at-14-15-20

Whats-App-Image-2025-09-16-at-14-15-21

Whats-App-Image-2025-09-16-at-14-16-12

Whats-App-Image-2025-09-16-at-14-17-23

Whats-App-Image-2025-09-16-at-14-17-23-1

Whats-App-Image-2025-09-16-at-14-17-24

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: