22.11.2024

«Azəriqaz» 60-dan çox şəhid və qazi ailəsinin evinə qaz çəkib

“Azəriqaz” İsteshalat Birliyinə ötən ilin sonu və bu ilin əvvəlindən etibarən şəhid ailələri, 1-ci Qarabağ və Vətən Müharibəsi qaziləri tərəfindən çox sayda müraciət daxil olub.

Qurumdan verilən məlumata görə, müraciətlər sırasında həm qaz çəkilişi, həm də qaz xətlərinin yerinin dəyişdirilməsi kimi məsələlər öz əksini tapır. Bakı şəhəri, eləcə də ölkənin müxtəlif bölgələrindən “Azəriqaz” İB-yə daxil olan şəhid və qazi ailələrinin müraciətləri əsasında daxili imkanlar hesabına 2021-ci ilin 3 ayı ərzində 67 fərdi yaşayış evi qazlaşdırılıb. 44 fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yeri isə müraciət edən şəxsin istəyinə uyğun olaraq dəyişdirilib. Bu müraciətlər həm yazılı şəkildə, həm də Birliyin sosial şəbəkə ünvanlarına daxil olub. Araşdırılıb, baxış keçirilib, layihə işləri icra olunub və müraciət təmin edilib. Son belə müraciətlərdən biri də Gəncə şəhərindən Vətən Müharibəsinin qazisi Hüseyn İsmayılzadə tərəfindən ünvanlanıb. O, 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 2-də isə Ağdərə uğrunda gedən döyüşlərdə yaralanıb. Qazinin evi mövcud daşıyıcı qaz xəttindən uzaq məsafədə yerləşməsinə baxmayaraq dərhal mal-material tədarük edilməklə qazlaşma reallaşdırılıb.

Quba rayonunun Əlbəyqışlaq kənd sakini Yafət Əhmədovun oğlu Rəvan Əhmədov Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda şücaətlə döyüşərək qəhramanlıq göstərib və şəhidlik zirvəsinə yüksəlib. Şəhidin atasının müraciəti cavabsız qalmayıb. Onların fərdi yaşayış evi tez bir zamanda qazlaşdırılıb.

Qeyd edək ki, şəhid və qazi ailələrinin yaşadığı və təbii qazdan istifadə etməyən yeni yaşayış massivlərində daxili imkanlar hesabına küçə qaz xətlərinin çəkilməsi işləri də aparılır. Bununla da həmin ərazidə yaşayan digər sakinlər də təbii qazdan istifadə etmək imkanı əldə ediblər.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: