22.11.2024

Döyüşlərdən geri dönənlər kimlərdən və nələrdən narazıdırlar?..

Xaqani Ədəboğlu

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidmətinin rəhbəri

Ernest Heminquey, baş rahib Jonn Donnenin (1572-1632-ci illər arasında yaşamış İngilis şairi) bir şeirindən təsirlənmiş və müharibə mövzusunda yazdığı məşhur romanına verdiyi adı da elə əsərin əvvəlində epiqraf kimi verdiyi bir misradan götürmüşdü.


Əslində, yazıçı yaradıcılıq imkanlarından istifadə edib, dünyanın ən ağır vaxtında- bəşəriyyətin müharibə təhlükəsilə üzləşdiyi çətin bir zamanda — çıxış yolu arayan insanlara Jonn Donnenin savaş və sevgi haqqındakı hikmətini xatırladırdı: «Savaş bütün anlamı və mahiyyətilə böyük fəlakətdir, həm ölənə, həm də öldürənə dəhşətli bir acılar yaşadır. Əslində, yazılmamış bir qanun var: hər insan əvvəl-axır bundan dolayı peşman olacaqdır, hətta düşmənini öldürsə belə. Amma sevgi hər an, hər ortamda, həttda savaşın içində, ölümlə olum arasında belə gözlənilmədən qarşınıza çaxar və sizi yaşamağa sövq edər».


Biz bitməyən bir savaşın içindəyik. Bu savaşın humanist səhifəsi yoxdur. Çünki qarşıdakı düşmən bir pislik sinonimidir.


Əfsuslar olsun ki, döyüşdən qayıdan döyüşçülər bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) ümidinə qalıblar.


Doğrusu, bu problem bizə yaxşı tanış olduğuna görə, qayıdanların cəmiyyətə adaptasiya olunmasına ilk gündən diqqətlə yanaşdıq. Lakin bu problemin həlli bir ictimai qurumun gücü daxilində deyil. Elə buna görə də Ali Baş Komandan cənab İlham Əliyev problemlə bağlı komissiya yaradılması ilə bağlı göstərişlər verildi. Nazirlər Kabinetinin qərarıyla bağlı Qazilərə və şəhid ailələrinə psixoloji yardım göstərən komissiya yaradılıb. Qərara əsasən, Azərbaycan Respublikasının səhiyyə naziri Komissiyanın sədri təyin edilib. Faktiki olaraq heç bir fəaliyyəti yoxdur.

Digər bir qərarla, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə Komissiya yaradıldı. Komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirininbirinci müavini Yaqub Eyyubov təyin edilib. Faktiki olaraq, heç bir fəaliyyəti yoxdur və dəfələrlə yazmışıq ki, Yaqub Eyyubovun (1999-2003-cü illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetində Baş nazirin müavini, 2003-cü ildən Azərbaycan Respublikası Baş nazirinin birinci müavini işləyib) bu sosial təbəqə arasında çox pis imicə malikdir. Elə buna görə də komissiyanın tərkibinə yenidən baxılmalıdır.


Xatırladım ki, müharibə gedən bir ölkədə 1999-2019-cu illər ərzində Nazirlər Kabinetində «Əlillərin reablitasiyası haqqında», «Veteranlar haqqında», «Şəhid adlarının əbədiləşdirilməsi», «Əlilliyin təyin edilməsi» və s. aidiyyatlı qanunlara məqsədli şəkildə müdaxilələr edilib. Bircə faktı xatırladım ki, «Şəhid adlarının əbədiləşdirilməsi barədə» Nazirlər Kabinetinin qərarının müddəaları 1999-2016-cı il ərzində hissələrlə tam dəyişdirilib. Qərara görə yalnız 2 dəfə «Azərbaycanın Milli Qəhrəmanı» adı alan şəhidə abidə qoyula və adına ünvan verilə bilər. Sizcə bu nə məqsədlə və kim tərəfindən edilib? 2017-ci ildən bu barədə yazırıq, amma kimsə maraqlanmır. Təxribat xarakterli bu faktlar ciddi surətdə araşdırılmalıdır.


Öncə bildirim ki, «Vətən müharibəsi» adına görə bizi 1994-cü ildə SSRİ-ni vətən sayanlar qeydiyyata almaq istəmirdilər. Bir çox idarə və təşkilatlarda bu adı eşidən kosmopolitlər «hansı vətən?» deyə soruşurdular. Bu adı illərcə cəmiyyətin zehniyyətinə oturtdan biz olduq. Bu gün Müzəffər Ali Baş Komandanımız cənab İ. Əliyev bir mənalı şəkildə bu haqlı davanı Vətən Müharibəsi adlandırması hər birimizin ürəyincədir. Çünki bu dava, bir Vətən davasıdır. Bu gün döyüşdən geri dönənlərin böyük əksəriyyəti Birliyin adına görə bizə üz tuturlar. Problemi daha yaxşı bildiyimizə görə, onları psixoloji olaraq mövcud duruma adaptasiya etməyə çalışırıq.


Ən son danışdığım qazimizin şikayət dolu müraciətinə cavab olaraq dedim ki, döyüşçü qardaşım, bizdən fərqli olaraq sizin qalib gəlmiş bir Lideriniz, Ali Baş Komandanınız var. Bizim Komandanların bir qaçıb Moskvada, o biri də Kələkidə gizlənmişdi. Yəqin ki, sizlərə problem yaradanlar o «Dəmir yumruğu» gec-tez öz başlarında hiss edəcəklər.


Edilmiş çox minlik müraciətlərdən əldə etdiyimiz qənaətlərə görə, bəzi hərbi hissələrin kargüzarlıq işləri çox yarıtmaz haldadır. Yaralıların müalicəsi ilə bağlı ciddi həkim səhlənkarlıqları və yerli TƏBİB -in baxımsızlığı mövcuddur. Yaralılara epiqrizlər və xəstəlik tarixçələri yarıtmaz və başdansovdu şəkildə verilir. Həkim Tibbi Ekspert Komissiyalarında süründürməçiliklər var. Əlilliyin təyinatıyla bağlı aşağıda geniş araşdırma təqdim edəcəyəm. Müdafiə nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətindən ciddi narazılıqlar var. Yerli İcra Hakimiyyətləri bu adamlarla maraqlanmır və onların cəmiyyətə adaptasiyası onları maraqlandırmır. Qısa vaxt ərzində əsas narazılıq mənbələri bunlardır.


Öncə «müharibə Veteranı» statusunun verilməsi məsələsinə toxunaq. Qanun köhnə Sovet — Almaniya müharibəsi veteranları üçün hazırlanmış olsa da, bu Qanuna bizim Vətən müharibəsinə aid əlavələr edilib: «Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Haqqında söz açdığımız «məxfi əl» buraya bir qeyd əlavə edib.


QeydBu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir».


Dünyanın heç bir ölkəsində əlavə edilmiş Qeyd Qanunun müddəasından üstün sayıla bilməz. Məhz ona görə də bu «məxfi əl» tapılmalıdır və yaxud da bu barədə aidiyyatlı qurumlar bir açıqlama verməlidirlər. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi Zəkəriyyə Rəhimov Fedai.az-da bu Qeydlə bağlı məntiqi bir açıqlama vermişdi. Yerinə düşdüyünə görə həmin fikirləri bir daha diqqətinizə çatdırıram: «Adi məntiqə uyğun şəkildə 3 qardaş Vətən Müharibəsinə yollanır. Bir qardaş döyüşə başlamadan öncə düşən mərmidən şəhid olur və ona şəhidlik statusu verilir. İkinci qardaş azad edilməsi nəzərdə tutulan yolun yarısında düşmən minasına düşür və ayağını itirir. Sağ qalır və müharibə əlili olaraq sıradan çıxır. Üçüncü qardaş bütün bu çətinliklərə və ağrılara sinə gərərək məqsəd uğrunda mübarizəni sonlandırır. Zəfər bayrağını hədəfə sancır. Geri dönür və hansısa, harayasa, neçənci kolonasa işləyənin bir kor məntiqiylə ona heç nə düşmür. Sizcə niyə?» Məncə bu yetərli cavabdır.


Bu günədək yaradılmış Komissiyanı gördüm deyən olmayıb. Qərarda deyilir: «Komissiyaya tapşırılıb ki, Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi üçün müharibə iştirakçılarının siyahısını müəyyən etsin və müvafiq təkliflərini Nazirlər Kabinetinə təqdim etsin.

Müəyyən edilib ki, Vətən müharibəsi iştirakçılarına qanunvericiliyə uyğun olaraq “Müharibə veteranı” adı Komissiyanın müəyyən etdiyi siyahı nəzərə alınmaqla verilir. Komissiya öz fəaliyyətinə müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada cəlb edə və işçi qruplar yarada bilər».


Komissiyada təmsil olunan Müdafiə nazirliyinin verdiyi cavabı diqqətinizə çatdırıram: «AR MN daxil olmuş ərizənizə cavab olaraq bildirir ki, 27.09.2020-ci il tarixdən erməni silahlı birləşmələrinə qarşı əks hücum əməliyyatlarında iştirak etmiş şəxslərə «Müharibə veteranı» adının və vəsiqəsinin verilməsi barədə müraciətlərə 22 sentyabr 1995-ci il AR NK 216 nömrəli qərarıyla təsdiq edilmiş «Müharibə veteranı, SQ veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında Əsasnamə»də müvafiq dəyişikliklər edildikdən sonra müraciətinizə baxılması mümkün olacaqdır!!!»


Əfsuslar olsun ki, heç göstərilən bu müddəalar istiqamətində də heç bir iş görülməyib. Onsuz da veteranların ictimai təşkilatları faktiki olaraq anoloji işləri görürlər ki, kimlərsə bu toplumdan öz çirkin məqsədləri üçün istifadə etməsinlər. Lakin Komissiyanın bu sahədə nə iş gördüyü barədə xəbərlər çox məxfi saxlanılır.

Müharibə əlillərinə əlillik dərəcələrinin verilməsini bizim təşkilat yarandığı gündən anadangəlmə əlillərdən fərqli olmasını dəfələrlə irəli sürüb. Lakin savaşdan uzaq olan, heç uzaq qohumları belə savaş görməyən adamların tərtib etdikləri qərarlar reallığı əks etdirmir. Sosial şəbəkədə ayağını minaya düşərək dizdən aşağı itirən qazimizə III dərəcə əlillik verilməsi ciddi narazılıqla qarşılandı. Xatırladaq ki, minaya düşən şəxs, əza itirməklə yanaşı ilk növbədə ağır kontuziya alır. Psixoloji travma alır. Amma əllilik dərəcəsində yalnız 1 xəstəliyin adı yazılır. Əslində bu əsgər ayağını itirməsə belə, kontuziyaya görə II-III dərəcəli əlillik ala bilər. Yaxud savaş sonrası əksər hərbçinin keçirdiyi daha bir xəstəlik «Səngər xəstəliyi» adlanır.


Bir sıra xəstəliklər var ki, onlar «Səngər xəstəlikləri» qrupuna daxildir. I Dünya Müharibəsi illərində, 1915-ci ildə Volın yaxınlığında 1 milyon adam “səngər xəstəlikləri”nə yoluxdu. Ona görə bu xəstəlik “Volın lixoradkası” adını alıb. Bartonella bakteriyası daha çox lixoradka, ayaq ağrıları, ekzantema,əzələ ağrıları, bədəndə səpkilər və sümük ağrılarına səbəb olur. Bu xəstəlik kişiləri ömürlərinin çiçəklənən vaxtında tapır. Sadə dildə desək, bu xəstəlik qan-damar sistemlərinin soyuqlaması prosesidir (endapterit). Bu xəstəliyi yanan ağaca da bənzədirlər. Öncə kiçik kapliyarlardan başlanan xəstəlik genişlənir və yayılır.Əsas səbəb döyüşlər zamanı daha çox soyuqda qalmaq və siqaret çəkmək göstərilir. Torpaqla təmas, nəmişlik də xəstəliyin yaranma səbəblərindəndir.
“Səngər xəstəlikləri”nin əlamətləri aşağıdakılardır:


“Xəstəliyin əlamətləri arterial qanın ayaqlara çatmaması, ayaqların tez yorulması ilə özünü biruzə verir. Xroniki hal aldıqda isə axsaqlıq başlayır. Nəbzdə fasilələr, baldırlarda tüklərin tökülməsi, dəridə quruluq, dırnaqlarda dəyişiklik, əzələlərin atrofiyası “səngər xəstəliyinin” əlamətlərindəndir.


Daxili orqanlardan ilk özünü biruzə verən böyrək çatışmazlığıdır. Anti-sanitar vəziyyət və siqaret çəkmək də bu xəstəliklərin yaranmasında mühüm rol oynayır. Limfaderit, limfositoz (qan azlığı), ishal kimi xəstəliklər səngərdə ən çox rast gəlinən xəstəliklərdir. İshallardan sonra xüsusilə xəstəlik keçirmiş şəxsin bədənində ləkələr yaranmağa başlayır. Bizim orduda buna dəqiq diaqnoz qoyulmur. Hərəsi bir müalicə üsulu tətbiq edir. Əslində isə bunun yaranma səbəbi səngər xəstəliyidir. Vaxt ötdükcə bu xəstəliklər özünü biruzə verir. Lakin qəbul edilmiş natamam əlilliyin təyin edilməsi qaydaları bu nüansları nəzərə almayıb. Dünyada bu praktika var.

Köhnə «Əllilliyin təyin edilməsi» ilə bağlı NK Qərarı daha mütərəqqi idi. Rusiya qanunlarını örnək alanlar, nədənsə bu sahədə yan gediblər. Bizim kriteriyalar:

  1. Tənəffüs orqanlarının xəstəlikləri. Tənəffüs orqanlarının xəstəlikləri nəticəsində digər orqanların zədələnmələri ilə keçən patalogiyalar
  2. Qan dövranı sisteminin xəstəlikləri
  3. Həzm orqanlarının xəstəlikləri
  4. Sidik-cinsiyyət sisteminin xəstəlikləri
  5. Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozuntular
  6. Sinir sistemi xəstəlikləri
  7. Psixi pozuntular və davranış pozuntuları
  8. Gözün və gözün əlavə aparatının xəstəlikləri
  9. Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri
  10. Görmənin və eşitmənin kombinə olunmuş pozuntuları və eləcə də, artikulyasiyanın (nitqin) və səs əmələ gəlməsinin pozuntuları
  11. Endokrin sistemin xəstəlikləri, qidalanma və maddələr mübadiləsi pozuntular
  12. Dəri və dərialtı toxumanın xəstəlikləri
  13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri
  14. Yenitörəmələr

Burada hərbi xidmətlə və yaxud da müharibə ilə bağlı bir müddəa varmı? Ümumiyyətlə, Avropa ölkələrində döyüş əməliyyatlarında iştirak etmiş əsgərlərin hər birinə keçirdikləri psixoloji travmaya görə III dərəcə əlillik verilir və imtiyazlar təyin olunur.


İndi Rusiya Fedarasiyasının bu sahədə kriteriyalarına baxın:


Tibbi və sosial federal dövlət qurumları müayinələr aşağıdakıları tətbiq edərək əlilliyin səbəblərini təyin edir. (Səhiyyə Nazirliyinin əmri ilə dəyişdirilmiş və Rusiya Federasiyasının 29.04.2005-ci il tarixli N 317 Qərarı)

  • ümumi xəstəlik;
    • uşaqlıqdan əlil;
    • Peşə xəstəliyi;
    • əmək xəsarəti;
    • hərbi travma;
    • hərbi xidmət zamanı əldə edilmiş xəstəliklər;
    • hərbi vəzifələrin icrasında əldə edilmişdir
    • Çernobıl nüvə stansiyasındakı qəza;
  • Çernobıl nüvə stansiyasındakı fəlakətlə əlaqəli xəstəliklər;
  • Çernobıl nüvə stansiyasında digər vəzifələri yerinə yetirərkən qazanılmış xəstəliklər
  • hərbi xidmətlə (rəsmi vəzifələr) əlaqəli «Mayak» İstehsalat Birliyindəki qəza ilə əlaqələ xəstəliklər;
  • «Mayak» digər vəzifələri yerinə yetirərkən qazanılmış xəstəlik hərbi xidmət (rəsmi vəzifələr), qəza ilə əlaqəli;
  • radiasiyaya məruz qalmanın nəticələri ilə əlaqəli xəstəliklər;
  • (travma, yaralanma, kontuziya, zədə) alınmış xəstəliklər
  • hərbi xidmət vəzifələrinin icrasında (rəsmi vəzifələr), xüsusi risk qruplarının hərəkətlərdə birbaşa iştirak ilə əlaqələndirilir.

Fərqi özünüz ayırd edin. Müharibə şəraitində yaşayan ölkənin qəbul etdiyi qərarla, müharibə getməyən, yalnız işğalçılıqla ora-bura hərbi dəstələr göndərən bir ölkənin qərarını tutuşdurun. Bu «məxfi əl» kimə işləyir?


Qazilərə və şəhid ailələrinə psixoloji yardım göstərən komissiya yaradılıb. Qərara əsasən, Azərbaycan Respublikasının səhiyyə naziri Komissiyanın sədri təyin edilib. Komissiyaya tapşırılıb:


— 2020-ci il 27 sentyabr tarixindən başlayan, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçulara və şəhid ailələrinə operativ, vaxtında, keyfiyyətlə və əlaqəli şəkildə “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq psixoloji yardım göstərilməsinin təmin edilməsi üçün zəruri tədbirlər görsün;
— bu Qərardan irəli gələn digər tədbirlərin həyata keçirilməsini təmin etsin. 3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.


Onları görən olubmu? Türkiyədən gəlmiş psixoloqlardan qeyri kimsənin iş gördüyü məlum deyil. Bu komissiyalar iş görmək istəsəydilər bizi mütləq tapardılar. Çünki bu sahədə ciddi işlərə ehtiyac var. Birgə səylə çalışmaq vacibdir.


Hələ ki, bu yaradılan qurumlar «köhnə-təzə» çeşidləməsi ilə məşğuldur. Amma dəfələrlə demişik və bir daha da deyirik Vətən fgədaisinin təzəsi, köhnəsi olmur. Siz bunu beyninizə həkk edəndək anladacağıq. Bu fikri deyənlərin bir amalı var, o da məlum kolona nökərçilikdir.


Üzümü gənc döyüşçülərimizə tuturam. Səbrli olun. Öncə düşünün ki, uğrunda canınızı ortaya qoyduğunuz bu Vətən bizimdir.


Düşünməyin ki, hər şey unudulmuş, hər şey yaddan çıxmışdır. Zaman böyük və amansız bir hakimdir. Onun ədalətinə inanın.


Unutmayın ki, bu yolda gedib dönməmək də vardı. Bu yolda savaşda itirdiyin şəhid qardaşının anası hər səhərini göz yaşıyla açar və hər axşamını göz yaşıyla qapadar. Sizlər Vətənin ən dəyərli övladları olduğunuzu da unutmayın. Bu statusu artıq kimsə yox Allahın özü verib, sizlərə. Qazi, Vətən sevgisinin simvoludur. Şəhid və Qazi, torpağı Vətənə, insanı ulusa çevirən dəyərlərdir.

Amma sizlər Tarixlə baş-başa və nəfəs-nəfəsə yaşayanlarsınız. Bu boz sifət adamlarla bizlər bu illər ərzində mübarizə aparmaqdayıq. Həyatınızı ucuz insanlara və ucuz məsələlərə xərcləməyin. Bizlər Sizinləyik. Tezliklə Ali Baş Komandan öz əmrini verəcək. Yanınınızdayıq.


P.S. Sonda 5 aydan sonra övladı şəhid Əkbər Güləhməd oğlu Quliyevin nəşini tapıb dəfn edən savaş ruhlu atanın ürək dağlayan sözlərini xatırladıram: “Bu igidlər bizi dünyaya tanıtdılar. Yerə düşən papağımızı götürüb başımıza qoydular. Beş ay idi, axtarırdım oğlumu. Demək ki, qisməti belə olub. Allah ünvanıma şəhid göndəribsə, sözsüz qəbulumdu. Özüm də parça–parça olmağa hazıram bu Vətən yolunda!”

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: