21.11.2024

Popkorn Rasim müəllimlə popkorn satan oğlanın «dastanı»

Bizim olmayan deputatlardan bu günədək bir ağıllı söz eşidən olubmu? Bunlar yalnız imitasiya edirlər ki, xalq onların varlığından xəbər tutsunlar. Müxalifət-iqtidar hibridi Rasim Musabəyovun gözəlləməsi də bu qəbildən olan buraxılmış «xoruzlardandır».

«Sənətkar» öz sosial şəbəkə səhifəsində göstərdiyi «cahanşümul» mübarizəsini mətbuata da ötürüb:
«Dünən axşam Azneft meydanı yaxınlığında yeraltı keçid popkorn qoxusundan azad oldu. Müşahidə aparıb baxarıq nə qədər müddət davam edəcək. Bu kiçik məsələ olsada, ictimaiyyətin fəal reaksiyası onun önəmli olduğunu göstərir». «İki sahil» xəbər verir ki, bunu Milli Məclisin deputatı Rasim Musabəyov «Facebook»da yazıb.

Deputat onu da qeyd edib ki, bəzi müzakirə iştirakçıları ölkənin qlobal problemləri ilə məşğul olmağı və ikinci dərəcəli mövzulara vaxt ayırmamağı tövsiyə edirlər.

«Müzakirələr göstərdi ki, kiçik məsələlər də özünə diqqət tələb edir. Sadə feysbuk status ilə məmurların operativ müdaxiləsi nəticəsində məsələni həll etmək mümkün oldu.

Bu, mənim üçün sosial şəbəkə vasitəsilə ictimai dəstəyin səfərbər olunması təcrübəsi idi. Məlum oldu ki, bizdə bu alınır. Dəstəyinizə görə təşəkkür edirəm. İstehzalı və bəzən qərəzli şərhlər isə müəlliflərin vicdanına qalsın» -deyə, R. Musabəyov vurğulayıb.

Qeyd edək ki, R. Musabəyov ötən gün də həmin popkorn satan uşaqla bağlı status yazaraq, onu şəhər sakinlərini zəhərləməkdə, elektrik enerjisindən pulsuz istifadə etməkdə, vergidən yayınmaqda ittiham etmişdi.

ATMACA: Popkorn Rasim müəllimlə popkorn satan oğlanın "dastanı"

Bərəkallah, deyib keçək bu işsiz deputata bəzi informasiyalar verək ki, onları da bu facebook səhifəsində həll etməyi bir yoxlasın. İcra başçıları ucdantutma rüşvət alır və heç bu puldan vergi-filan vermirlər. Bunu bir yoxla görək, Popkorn, pardon Rasim müəllim. Bunlardan rayonlıarı azad edə bilsən sizə çoxlu vergidən yayınan monopolist ünvanları verəcəyik. Deputatımıza inanın. Sadəcə xəbəri yoxdur. Gör indi neçə rayonun «popkorn satanı», pardon rüşvətxor başçısı vergiyə cəlb olunacaq?

Bəs popkorn satan uşaq kim idi? Onun haqqında millət vəkili Aydın Mirzəzadə məlumat verib.

Onun sözlərinə görə, bu haqda məlumat verən Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.

Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.

“Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır. Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək. Sağ olun, Təhsil Nazirliyi”.

Bu barədə bir-neçə deputatımız da danışıb. Sən demə ölkə iqtisadiyyatını dağıdan elə bu popkorn satanlar imiş? Bu cür kontrabandaçılara qarşı əsil bolşevik mübarizəsi aparmaq lazımdır. Yoldaş Musabəyovun bu təşəbbüsü dəstəklənməlidir. «Popkorn satanlara ölüm!»

Tanrının kərəminə şükür ki, bizdə belə kommunist əqidəli, əsilli -nəcabətli deputatlar yetişdirib. Bir cüvəllağı uşaq gedib popkorn satsa, bəs bizim deputatlar gedib nə satacaqlar?

Kommunist salamıyla əsrin əvvəllərindəki Q. Musabəyovun xatirə dəftərindən bu sətrləri sizlərə ərməğan edirəm: «1917-ci ildə Kiyev Universitetinin tibb fakültəsini bitirərək Bakıya qayıtdım. Bakı kommunasında Caparidze və Şaumyan yoldaşların rəhbərliyi altında ərzaq cəbhəsində çalışdım. 1918-ci ilin avqustunda Bakı Kommunasının süqutundan sonra Caparidze yoldaşın təklifi ilə mən digər kommunarlarla birlikdə Həştərxana yollandım. Burada iki il Sergey Kirov yoldaşın rəhbərliyi altında partiya işində və 11-ci Orduya xidmət sahəsində fəaliyyət göstərdim. 1920-ci ilin aprelində Orconokidze və Kirovun tapşırığı ilə mən Mikoyan və Yefremovla birlikdə «Beynəlmiləl» zirehlisində, döyüşə-döyüşə Bakını ələ keçirdik». Anladınız da nə deyirik? Yəni Bakını bu kişinin babası ermənilərlə çiyin-çiyinə döyüşərək ələ keçirməyib ki, 17 yaşlı İsrafil, Biləsuvardan gəlib onun Bakısında popkorn satsın? Düzdü, indi ermənilərin özləri burada olmasa da, bacısı uşaqları buradadı. Hamısını da vəzifələrə yerləşdirmişik.

Kərəminə bir də şükür Allahım. Yaxşı ki, bu sort deputatları ancaq bizim üçün yaratmısan. Qeyri xalqlara yazığın gəlsin! Bizim xalq dözümlü xalqdı, varındısa, yenə göndər gəlsin. Xalxın deputatları gəlib bizimlə sərhəd davası döyür, bizimki isə sahildə popkorn qovalayır…

Dastan dili yüyrək olar deyiblər. Burada dastanımız sona yetmədi. Amma göydən üç alma əvəzinə bir metor gəldiyini söyləyirlər. Tanrı bizim cahana ibrət olsası deputatxanamızı qorusun!

Fedai.az Araşdırma Qrupu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: