22.11.2024

“Dedi ki, döyüşüb qəhrəmanlıq göstərəcəm, bəlkə atamı həbsdən çıxara bildim” — Şəhid anasının müraciəti

“İşgəncələrlə törətmədiyi cinayəti heç bir günahı olmayan həyat yoldaşımın boynuna qoyublar”

Göyçay rayonu Bəydövül kənd sakini, şəhid anası Teymurova Həbibə Namaz qızı ölkə başçısına məktubla müraciət edib. 

Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda şəhid Xudiyev Mütalib Ələsgər oğlunun anası Həbibə Teymurova şəhid ailəsinin acınacaqlı vəziyyətdə yaşamasına rəğmən, dövlətdən heç bir maddi kömək yox, ədalət istədiklərini yazıb:

“Mənim oğlum 03 mart 1993-cü il tarixdə anadan olmuş Xudiyev Mütalib Ələsgər oğlu Vətən Müharibəsində 07 noyabr 2020-ci il tarixdə şəhid olub. Oğlum Mütalib müharibəyə könüllü olaraq gedəndə mənə dedi ki, ana, döyüşüb qəhrəmanlıq göstərəcəm ki, bəlkə şərlənərək zindana atılmış atamı həbsdən çıxara bildim. Həqiqətən də Mütalib qəhrəmanlıq göstərdi və 7 noyabr 2020-ci il tarixdə Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ancaq atasını həbsdən çıxara bilmədi.

Biz kasıb, yararsız bir komada yoxsulluq içində acınacaqlı vəziyyətdə yaşayırıq. Həmin ev qəzalıdır uçmaq üzrədir. Ancaq bizə nə təzə mənzil lazım deyil nədə ki, şəhid üçün veriləcək 11000 manat pul. 

Bizə şərlənərək qanunsuz həbsə atılmış həyat yoldaşımın azadlığa çıxması lazımdır. Oğlum Mütalib vətəni canı qədər sevirdi. Mən onunla fəxr edirəm, qürur duyuram.”

H.Teymurova yazır ki, onun həyat yoldaşı, şəhidin atası Ələsgər Xudiyev hələ 2014-cü ildə şərlənərək, həbs edilib: “Mənim həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunu 2014-cü il tarixdə şərləyərək, həbs ediblər. And olsun şəhid oğlumun ruhuna ki, həyat yoldaşım məhz şərlənərək həbsə atılıb, onun günahı yoxdur. Həmin cinayəti imkanlı şəxs törətsə də, bu işi mənim həyat yoldaşımın boynuna işgəncə ilə qoydular. Biz həmin vaxt bu barədə hər yerə şikayətlər etdik, subutlar təqdim etdik, ancaq əhəmiyyət verilmədi.

14 avqust 2014-cü il tarixində baş verən Göyçay rayonu Alpoud kəndi sakini Sahib Sabir oğlu Abbasovun qətlini mənim həyat yoldaşım Ələsgər Xudu oğlu Xudiyevin boynuna işgəncə ilə qoyublar. Hansı ki, Sahib Abbasovu mənim həyat yoldaşım qətlə yetirməyib. Belə ki, 22 avqust 2014-cü il tarixdə qətlə yetirilən Sahib Abbasovun Göyçay rayonu Alpoud kəndində yolun kənarında meyidi tapılır. Elə həmin gün mənim həyat yoldaşımı Göyçay Rayon Polis Şöbəsinə aparıblar, onu şöbədə 1 həftə saxlayandan sonra sərbəst buraxıblar. Həmin vaxt mərhum Sahib Abbasovun yoldaşıma məxsus qanuni ov tüfəngidən açılan atəşlə öldürülmədiyi ekspertiza rəyi ilə subut olunmuşdu. 

Göyçay rayon hüquq-mühafizə orqanları qətl cinayət hadisəsinin üstünün açılmasında səriştəsiz olduqları üçün 4 ay sonra heç bir qanuni əsas olmadan həyat yoldaşım Xudiyev Ələsgəri yenidən Göyçay Rayon Polis Şöbəsinə aparıb ağır işgəncə verərək özlərinin tərtib etdikləri yalan ifadələrə imza atmağa məcbur ediblər. Həyat yoldaşımı ağır, dözülməz işgəncələr altında yalan ifadələrə imza etdirib törətmədiyi ağır cinayəti boynuna qoyublar. Övladımı və məni həbs edəcəkləri ilə hədələyib özlərinin tərtib etdikləri yalan ifadələrə imza atdırıblar.”

Şikayətçi iddia edir ki, onların ailəsinin mərhum S.Abbasovla heç bir qərəzi, düşmənçiliyi olmayıb: “Göyçay rayon sakini Sahib Abbasovu mənim həyat yoldaşım qətlə yetirməyib, bu, tam yalandır. Bizim mərhum Sahib Abbasovla heç bir ədavətimiz , düşmənçiliyimiz və qərəzimiz olmayıb. Mərhum Sahib Abbasova məxsus Göyçay rayonu Alpoud kəndində yerləşən çörəkbişirmə sexində həyat yoldaşım və mən cəmi 4 gün işləmişik. Çörək satılmadığı üçün işlədiyimiz 4-cü gün Sahib Abbasov bizə bildirdi ki, sabah işə gəlməyin, çünki çörək yığılıb qalıb. Lazım olsa özüm sizə zəng edəcəm. Aramızda heç bir narazılıq, qərəz olmayıb. 4 gündə onunla aramızda necə ədavət yarana bilərdi ki? Bu, tam yalandır ki, guya mərhum Sahib Abbasov bizi işlədib pulumuzu vermədiyi üçün ondan qisas almaq məqsədi ilə həyat yoldaşım Ələsgər Xudiyev özünə yox, başqa şəxsə məxsus silahla onu qətlə yetirib. Bunlar hamısı tam yalan, qondarma və saxta ittihamlardır. Səriştəsiz olduqları üçün qətl cinayətinin üstünü aça bilmədiklərindən ağır, dözülməz işgəncələrlə törətmədiyi cinayəti heç bir günahı olmayan həyat yoldaşımın boynuna qoyublar. Bu, tam qanunsuzluq, vəhşilik və özbaşınalıqdır. 

Həyat yoldaşım Xudiyev Ələsgər Şəki Ağır Cinayətlər Məhkəməsinin 09 iyul 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 120.1 və 229.1-ci maddələri ilə təqsirli bilinərək 13 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə məhkum edilib. Cəzasını hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.

Oğlum Mütalibin şəhid olmasını həbsdə eşidən atanın hansı hislər keçirməsini təsəvvür etmək mümkün deyil. Şərlənərək həbsə atılan və oğlunun dəfnində iştirak edə bilməyən şəhid atasının fəryadı bəlkə indi eşidilər.”

Şəhid anası sonda ölkə başçısına xitab edərək, yazır: “Hörmətli Prezident! Sizdən çox-çox xahiş edirəm, and verirəm şəhidlərin ruhuna, yazdıqlarımın tam, hərtərəfli və obyektiv araşdırılmasına, qətl cinayəti törətməmiş günahsız məhkum olunan həyat yoldaşım Xudiyev Ələsgər Xudu oğlunun azadlığa çıxmasına köməklik göstərəsiniz.”

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: