02.11.2024

Qarabağ bizimdir, amma biz Qarabağlıq deyilik…

Xaqani Ədəboğlu
Azərbaycanın ilk döyüşçü jurnalisti

Hərdən saytlarımızı oxuyub düşünürəm ki, islam rəsm çəkməyi qadağan etdiyi kimi, kaş ki, bu yazmağı da bizə qadağan edəydi. Bir millət, nə qədər yazmaq xatirinə şeir, məqalə, roman, povest, hekayə və s. yaza bilər? Bunun nəticəsidir ki, öz «milli materialımızdan» «dəzgaha» veririk ki, bir sərkərdə çıxsın, baxırıq, o yanda qoltuğunda saz, avtomat qundağının üstündə, «yandım, aman» şeiri yazan bir aşıq çıxıb. Aşıq yazıq da neyləsin, adam toyunda oxuyanda «itdən düşmüş», it toyunda oxuyanda da «adamlıqdan düşmüş» günə qoyuruq. İnciməsin aşıqlarımız, onlarla mənim bir işim olmaz. Bunu da söz gəlişi dedim.

Bu günlərdə bir tanışım öz həyat hekayəsini anlatdı. Dedi ki, 22 il əvvəl oğlum olanda adını Qaçqın qoyub əhd elədim ki, torpaqlarımızı alanda, bu adı dəyişib Daşqın edəcəm. Uşağın 1 yaşından bəri dost-tanış «ATƏT» sağlıqları deyir:

«Gün o gün olsun ki, 2 yaşını doğma torpaqlarda keçirək. Sonra sünnət toyunda da eyni sağlığı, «böyük toyu üçün» deyəndə ürəyim silkələndi ki, bu gicbəsərlər nə danışırlar? Qaçqının 22 yaşında toyunu elədim, «ATƏT»-çi sağlıq deyənlər, bu dəfə nəvəmin Qarabağda doğuluşuna müjdə verdilər. Nəvə doğulacaq, amma Qarabağdan hələ də xəbər yoxdur»…


Nə deyəsən? Biriləri var ki, hətta yazırlar: «QARABAĞ, NİYƏ QAYITMIR?» Elə bilirlər ki, Qarabağ, Azərbaycan televiziyalarına çıxaraq, qoşulub gedən arvadını axtaran kişiciyin itmiş qarısıdır. Havasını dəyişib gələsidi. Ölünü torpağa kömərlər, ay zalımlar, heç torpağın ölüyə kömüldüyünü görən olubmu?


Amma üzü qara olmuş xəbərçi saytlarımız tez-tez 5-3 rayon qaytarırlar. Bu statistikanı topladım və bizim yazarların hesabıyla, bizə erməni-rus faşizmi düz 828 rayon «qaytarıb». Bilirsinizmi, bu nə 828-dir? Orasını da zəhmət çəkib siz tapın…

Məmləkətdə hər kəs yazır. Şeir yaza bilməyən, jurnalistikayla bağlı yazır. Bunu bacarmayan qonşusundan danos yazır və onu bacarmayan isə molla olub dua yazır. Bu dildə heç-zad yaza bilməyənlər isə qəbristanlıqda məmləkət boyda məzar qazırlar…

Bizim əlimizdəki qələmlər artıq millət üçün qurulmuş dar ağacına bənzəyir. Bizlər isə sözünü, özünü və qələmini satmaqla bala saxlayırıq. Heç adam da söz satarmı?


Yazırlar: «Şuşa Azərbaycanın papağıdır, baş tacıdır». Mən razı…
«Laçın Azərbaycanın qeyrətidir». Mən razı…
«Ağdam Azərbaycanın kişilik, mərdlik simvoludur». Mən razı…
«Kəlbəcər Azərbaycanın əlçatmaz namusudur». Mən razı…
«Cəbrayıl Azərbaycanın vüqarıdır». Mən razı…

Di gəl, Azərbaycan adlı bu cəhənnəmdə Şuşasız, Laçınsız, Ağdamsız, Kəlbəcərsiz və Cəbrayılsız yaşa görüm, necə yaşayırsan?

Sonra da santexnikadan jurnalistikaya transfer olunmuşlar deyirlər ki, yazanda mən davakar adam kimi yazıram.

Mənim sözlərim və yazım anlayanlar üçündür. Anlamayanlara bu «qoruqda» örüş yeri də yoxdur…

QEYD: Xaqani Ədəboğlunun silsilə yazıları təkrar yayımlanır. Yazıda bu günümüzlə səsləşməyən fikirlər varsa, oxuculardan üzürlü hesab etmələrini xahiş edirik…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: