«Zəhmli polkovnik»in ədəbi portreti
Hər kəs müharibənin fəlakət gətirdiyini söyləyər. Amma anamızdan da müqəddəs olan Vətənimizi qorumaq üçün savaşmalısan. Bir aforizmdə deyildiyi kimi, 2sülh istıəyirsənsə, savaşa hazır olmalısan». Vətnin dar günündə onun dadına yetişən eloğlularımızdan biri haqqında danışmaq istəyirəm.
Sadir Surxay oğlu Məmmədov 14 fevral 1950-ci ildə Düzən Qarabağın Kəngərli elatlarından olan Göytəpə kəndində anadan olub. Ali təhsilli tarixçi və hüquqşünasdır. Hüquq-mühafizə orqanlarında uğurlu karyerasını qardaş Özbəkistanda başlamış, Moskvada SSRİ DİN-in Akademiyasını fərqlənmə diplomu ilə bitirmişdir.
Şuşa Rayon Milis şöbəsinin rəisi, daha sonra Dağlıq Qarabağ Muxtar Vilayətin Daxili İşlər İdarəsinin rəis müavini, Ağdərə Rayon Polis şöbəsinin ilk rəisi olmuşdur.
1992-ci ilin oktyabrında Xalq Cəbhəsi rəhbərliyi dövründə yaranmış vəziyyət polkovnik S. Məmmədovu yenidən Özbəkistan Respublikasında xidmətini davam etdirmək seçimi qarşısında qoydu. Əvvəl Özbəkistan Respublikası DİN-nin Polis Akademiyasında baş müəllim, sonradan isə Özbəkistan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsində çalışır.
Xalqın təkidi ilə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə S. Məmmədov yenidən xidmətini Azərbaycanda davam etdirərək, Azərbaycan Respublikası DİN Narkomaniya və Narkobiznesə qarşı Mübarizə İdarəsinin rəis müavini, Nəqliyyat Baş Polis İdarəsində Narkotiklərə qarşı Mübarizə Şöbəsinin rəisi vəzifələrində çalışmağa başlayır.
Bir faktı da xatırladım ki, Mərkəzi Seçki Komisiyası (MSK ) tərəfindən qeydə alınmış namizədlər 19 yanvar tarixindən etibarən təbliğat-təşviqata başlayıblar.
Əvvəlki seçkilərlə müqayisədə bu dəfə namizədlərin sayı çoxdur və 1560 nəfərdir. Namizədlərin çoxluğuna baxmayaraq, ölkədəki çox nüfuzlu, millət vəkili olmağa layiq insanlar var ki, seçkiyə qatılmayıblar. Bunlardan biri də 1988-1989-cu illərdə Şuşa Rayon Polis İdarəsinin rəisi, 1989-1991-ci illərdə isə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini kimi çalışmış, ehtiyyatda olan polkovnik Sadir Məmmədovdur. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Sadir Məmmədov YAP-ın seçki siyahısında yer almayıb. Bu baxımdan təmsil olunduğu partiyanın qərarına hörmət əlaməti olaraq müstəqil namizəd kimi seçkilərə qatılmayıb. Lakin onun kimi döyüş görmüş bir insanın Milli Məclisdə təmsil oluması yaxşı olardı. Niyə belə düşündüyümüzü bilmək üçün Sadir Məmmədovu həyat yoluna birgə nəzər salmaq yerinə düşər…
O, əsl azərbaycanlı və qarabağlı kimi Vətənini sevən, xalqına bağlı bir vətəndaşdır. Xidməti dövründə dəfələrlə sui-qəsdlərə, təqiblərə məruz qalmış, hər gün ölümlə üzləşmişdir, amma müqəddəs bildiyi borcundan dönməmişdir. 1988-1993-cü illər ermənilərə qarşı mübarizədə S. Məmmədovun xidmətlərindən bir neçəsini xatırlatmaq istərdim.
Polkovnik Sadir Məmmədov vilayət ərazisində 147 hərbi əməliyyatın keçirilməsində, bilavasitə iştirak etmişdir. Şuşa rayonun 5 erməni kəndində pasport rejimi adı altında təşkil etdiyi tədbirdə Ermənistana məxsus Mİ-8 tipli helikopteri və içərisində 22 nəfər silahlı ermənini tutaraq istintaqa cəlb etmişdir. Vilayətdə zaman-zaman azərbaycanlı polislərin sayı 69-a endiyi halda, S. Məmmədov onların sayının 566 nəfərə çatdırılmasına və Dağlıq Qarabağın 24 kəndində polis bölməsinin yaradılmasına nail olmuşdur. Azərbaycanlı gənclərin vilayət polis şöbələrinə isə götürülməsində, Xocalıda polis şöbəsinin açılmasında onun əməyi danılmazdır.
1991-ci il may ayında keçirilən əməliyyatda yüzlərlə erməni ekstremistlərinin tutulmasına və onlardan minlərlə silah-sursat aşkar edilməsinə nail olmuşdur. Bu cür faktları S. Məmmədovun xidmətində daha çox sadalamaq olar. Xankəndində, DQMV Daxili İşlər İdarəsinin rəis müavini işləyəndə ermənilər ona “zəhmli polkovnik” adı vermişdilər. O, Qarabağda hərbçi funksiyasını yerinə yetirən yüksək rütbəli polis zabiti olmuşdur. Xankəndini tərk edən sonuncu yüksək rütbəli zabit kimi ermənilər onun məhv edilməsi üçün 7 (yeddi) milyon rubl vəsait ayırmışdılar.
Daxili İşlər orqanlarından yaş həddinə görə istefaya çıxan S. Məmmədov hazırda Bakı Slavyan Universitetində çalışmaqdadır, ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiri, Diplomatiya və xarici siyasət kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktorudur.
Sadir müəllim geniş erudisiyalı tarixçi və təcrübəli hüquqşünas kimi tələbə gənclər üçün vətənpərvərlik mövzusunda maraqlı mühazirələr oxuyur və elmi-metodik seminarlar təşkil edir.
Uzun illər Azərbaycan polisinin ön sıralarında cəmiyyətimizin asayiş və əmin-amanlığının keşiyində dayanmış, Qarabağ müharibəsi iştirakçısı və veteranı polis polkovnikinin şəxsiyyəti və keçdiyi ömür yolu gənclərimizə parlaq örnəkdir.
S. Məmmədov bir qarabağlı kimi Qarabağ müharibəsinin ilk günlərindən əldə silah döyüş meydanına atılmışdır. Hazırda S. Məmmədov silahı qələmlə əvəz edərək erməni yalanlarının ifşa edən siyasi-publisistik hüquqi əsərlər yazmışdır. XX əsrin ən qanlı faciəsi – Xocalı soyqırımı haqqında böyük bir məqaləsi müxtəlif dillərə tərcümə olunaraq çap edilmişdir. Onun “Xocalı soyqırımı” və “Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım” adlı kitabları 12 xarici dilə (türk, rus, ingilis, ukrayna, belarus, fransız, alman, yunan, çex, polyak, bolqar və ivrit dillərinə) tərcümə olunaraq nəşr edilmiş beynəlxalq ictimai-siyasi qurumlara, kitabxanalara çatdırılmış, sosial şəbəkələrdə və mətbuatda yayınlanmışdır.
S. Məmmədov 50-dən çox elmi əsərin, 6 monoqrafiyanın müəllifidir. Onun Qarabağ probleminə həsr olunmuş elmi məqalələri Rusiya Federasiyasında, Qazaxstanda, Ukraynada, Polşada, Koreyada, Venesuelada ən nüfuzlu jurnallarda çap olunmuşdur.
S. Məmmədov 22 yanvar 2018-ci ildən, 830 nömrəli üzvlük vəsiqəsiylə Beynəlxalq Batalistlər və Marinistlər Yazıçılar Birliyinin üzvüdür, (Moskva), Alanya Alaaddin Keykubat Universiteti Türk və Xarici Dillər Tətbiq və Araşdırma Mərkəzində (TOMER) doc.dr. Sadir Məmmədov 22-23 mart 2018-ci il tarixlərində Türkiyənin Alanya şəhərində baş tutan tədbirdə iştirakçısı, Naxçıvan və Araz cəmiyyəti rəyasət heyətinin qərarı ilə “Daxili İşlər Orqanlarının inkişafında” göstərdiyi xidmətlərinə görə 2007-ci il tarixdə “Mir Cəlal Paşayev” mükafatna layiq görülmüş, müxtəlif təşkilatların fəxri üzvü seçilmişdir.
Məhz S. Məmmədovun yüksək təşkilatçılığı sayəsində artıq on ilə yaxındır ki, onun rəhbərlik etdiyi ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsi tərəfindən Ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri” adlı beynəlxalq konfrans keçirilir. Özü də maraqlı elmi məruzələrlə çıxış edir. “Azərbaycanşünaslığa giriş” adlı dərs vəsaitinin həmmüəlliflərindən biridir.
Bu qeyrətli Vətən oğlunun həyat yolu onlarla məqalənin, iki publisistik kitabın mövzusu olmuşdur. Dəyərli ədəbiyyatşünas, professor Rüstəm Kamalın “Tanı oğlunu, Vətən” və tanınmış şair və jurnalist Əbülfət Mədətoğlunun Qasım Qırxqızlı ilə birgə yazdığı “Zəhmli polkovnik” kitablarında polkovnikin bədii portreti yaradılmışdır. 2016-cı ildə Respublika Veteranlar təşkilatının qərarı ilə general Səmədağa Mehmandarov adlı yubiley medalı ilə təltif olunmuşdur.
Müharibə veteranı kimi 70 illik yubileyi münasibətiylə ETLL-nin Azərbaycanşünaslıq və Slavistika bölməsinin müdiri, Diplomatiya və xarici siyasət kafedrasının dosenti S.S. Məmmədovu təbrik edir ona yaradıcılıq uğurları arzulayırıq. Doğma Qarabağın azad edilməsini əks etdirəcək yeni əsərlərin elə azad edilmiş torpaqlarda yazılmasını arzulayırıq.
Nurlan Məmmədli
P.S. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Rəhbərliyi də təbriklərə qoşulur və yubilyara uzun ömür, can sağlığı və azad edilmiş torpaqlarda zəfər müjdəli günlər arzulayır.