19.04.2024

Qədim türk Oğuz yurdu…

Bu əraziləri gəzəndə sanki tariximizi vərəqləyirsən. Zaman-zaman dünya tarixində izaholunmaz və sirli hadisələrə rast gəlinib. Vaxt keçdikcə, bu sirlərin bəzisi açılıb, elə hadisələr də var ki, uzun illər izah oluna bilmir.

Xınna dərəsi və onun ətrafında cərəyan edən faktlar da məhz bu qəbildəndir… Tovuz dağlarında insan ayağı dəyməyən yerdə 8-ci şəlaləni aşkarladım. Çətin dağ keçidlərindən, sıldırımlı yollardan keçərək, bu əsrarəngiz təbiət möcüzəsini videogörüntüyə aldım. Şəlalələrin ən hündürü 25-20, ən kiçiyi isə 10 metr məsafədən tökülür.

Dərin dərələrdən adlayıb, insan ayağı dəyməyən dolaylardan keçib, 10 kilometrdən çox piyada yol qət edərək bu gözəl məkana yetişdim.

Yerli sakinlər son illərədək bu təbiət gözəlliyindən xəbərsiz olublar.

Şəlalələr Tovuzun Çobansıxnaq kəndinin yaxınlığındakı uca dağların zirvəsində yerləşir.

Orada çəkdiyim foto, video materialları AMEA-nın Arxeologiya və Etnoqrafiya, Tarix və Coğrafiya institutlarına təqdim etdim.

AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmədovla görüşdüm və o, Coğrafiya İnstitutunda keçirilən toplantıda məndəki videomaterialları izlədi. Sonra 30 il Tovuz ərazisinin nümayəndəsi olmuş elmlər doktoru H.Xəlilovla həmin ərazini xəritədə axtardılar və gördülər ki, Azərbaycan coğrafiyasında bu şəlalələrin adları yoxdu. Akademik Ramiz Məmədovun iki əməkdaşı – coğrafiya elməri doktoru H. Xəlilov və geologiya-mineralogiya elmləri namizədi R. Fətəliyevlə Tovuz rayonunda elmi ezamiyyətdə olduq, şəlalələri onlara da göstərdim, alimlər ərazidə çöl tədqiqat işləri apardılar.

Akademik Ramiz Məmədova bildirdim ki, şəlalərin birinin adını “Soltan şəlaləsi” qoymuşam, o adın təsdiq olunmasında mənə kömək eləsin. O isə Nazirlər Kabinetində qeydiyyatdan keçirəcəyini, Milli Məclisdə təsdiq etdirəcəyini bildirdi. Əlavə etdi ki, o şəlalələr yağışdan sonra axar sel sularından əmələ gələn müvəqqəti şəlalə olmasa bu addımlar atıla bilər. Bildirdim ki, şəlalələr Abdal çayından ayrılan qoldan tökülür. Bunu biz rayonda elmi ezamiyyətdə olanda R. Fətəliyev də gördü, şəlalənin enini, uzunluğunu ölçdü.

Abdal çayı mənbəyni cənubda Haçaqaya (2120,5 m) və Dondar dağlarının (2017,7 m) yamaclarındakı bulaqlardan götürərək əvvəl şimal istiqamətində, sonra isə Sığnaq dağını (1472 m) keçərək, şimal-qərb istiqamətində axıb Zəyəm çayına tökülür. Çayın dərəsinin ümumi uzunluğu təxminən 14 km, mənsəbinin dəniz səviyyəsindən hündürlüyü isə 690 m-dir. Qısa məsafədə çayın 1300 m-dən çox düşməsi, onun yatağının meyllilik dərəcəsinin yüksək (90-100 promil) olmasını şərtləndirir, yəni hər bir kilometrdə çay 90-100 m aşağı düşür. Bu da ərazinin erozion-denudasion xarakterli cox mürəkkəb relyefə malik olduğuna dəlalət edir və şəlalələrin əmələ gəlməsi üçün əlverişli şərait yaradır.

Abdal şəlalələri Tovuz rayonunun Çobansığnaq kəndindən 3 km şimala tərəf, Sığnaq dağının (1472 m) şərq yamacında, onun zirvəsindən təqribən 1 km məsafədə eyni adlı çayın dərəsində yerləşir. Müxtəlif hündürlüklü bu 8 şəlalədən yalnız 2-si daha hündür və estetik baxımdan daha cəlbedicidir. Çayaxarı istiqamətdə, yuxarıdan birinci şəlalənin hündürlüyü təxminən 20, sonuncununku isə 15 metrdir.

Şəlalələr təbiətin sanki bir möcüsəsidir, harada olmasından və böyük-kiçikliyindən asılı olmayaraq, hər zaman gözəldir, estetik cəhətdən cəlbedicidir. Onlara sadəcə baxmaq gözlərimizin yorğunluğunu çıxarır, şırıltıları xoş bir musiqi sədaları kimi qulaqlarımızı rahatlayır, ruhumuza sığal çəkir. Dünyada minlərlə irili-xırdalı şəlalələr mövcuddur, hərəsinin öz yeri, öz gözəlliyi var. Abdal çayının şəlaləri də onlardan biridir. Dağ çayının çox da gur olmayan suları geoloji cəhətdən çox qədim vulkan mənşəli süxurları, ona mane olmaq istəyən sərt qayaları yararaq dar “dəhlizlər” açır, 5-10 və bəzən 15-20 m hündürlükdən aşağı tökülərək ecaskar mənzərələr yaradır. Onların təbiət abidəsi kimi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən qeydiyyata alınması və gələcəkdə bu yerlərə ekoturizm və dağ turizmi üzrə marşrutların təşkil edilməsi məqsədəuyğun olardı.

“Abdal” sözü türkdilli qədim hunlara məxsus tayfanın adıyla bağlıdır, digər tərəfdən, Zəyəm cayı dərəsinin el arasında hələ də “Xınna dərəsi”, çayın mənsəb hissəsində Kürün sağ sahilindəki düzənliyin “Xunan düzü” adlanması da, yəqin ki, təsadüfi deyil. Amma burada, sözsüz ki, peşəkar arxeoloqlar tərəfindən tədqiqat aparıldıqdan sonra doğru fikir söylənilə bilər.

Müəllif: Cəlaləddin QASIMOV,

Müharibə veteranı, Beynəlxalq Qaşqari Fondunun vitse-prezidenti, araşdırmaçı-yazarQədim türk Oğuz yurdu…

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: