Aşura Günü — Haqqın, Fədakarlığın və Əbədi Azadlığın Simvolu
Bismillahir-Rəhmanir-Rəhim
«Allah yolunda öldürülənləri əsla ölü sanmayın!
Əksinə, onlar Rəbbinin yanında diri olub ruzilənirlər.» (Qurani-Kərim, Ali-İmran surəsi, 169-cu ayə) İslam aləminin ən ağır, ən kədərli və eyni zamanda ən şərəfli günlərindən biri Aşura günüdür. Hicri təqvimi ilə 61-ci ilin 10 Məhərrəm günü Kərbəla çölündə bəşəriyyətə haqqın, ədalətin və azadlığın əbədi məktəbini miras qoyan, aləmlərə rəhmət olaraq göndərilmiş Həzrət Peyğəmbər Məhəmmədin (s) sevimli nəvəsi, cənnət gənclərinin ağası Həzrət İmam Hüseyn (ə) və onun sədaqətli silahdaşları Allah yolunda şəhadət zirvəsinə yüksəldilər. Kərbəla yalnız bir tarixi hadisə deyil, vicdanın zülm üzərində qələbəsinin, imanla batilin əbədi mübarizəsinin rəmzidir. İmam Hüseyn (ə) bütün insanlığa öyrətdi ki, haqq uğrunda şəhadət əsarət içində yaşamaqdan daha uca məqamdır.
Bu müqəddəs gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini, psixoloq Rahim Manafov Məmmədəli oğlu Neftçala rayonunda şəhidlər xiyabanını ziyarət etmiş, müqəddəs Kərbəla şəhidlərinin yolunun davamçıları olan Qarabağ şəhidlərinin əziz xatirəsini ehtiramla yad etmişdir. Rahim Manafov şəhid ailələri ilə səmimi görüş keçirərək, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyevin, eləcə də minlərlə qazimizin salamlarını və ehtiramını onlara çatdırmışdır. Bildirmişdir ki, şəhid ailələrinin yanında olmaq hər bir vətən övladının mənəvi borcu, vicdani məsuliyyəti və milli qeyrət məsələsidir. Qurani-Kərim buyurur: «Ey iman gətirənlər! Səbir edin, dözümlü olun və Allahdan qorxun ki, nicat tapasınız.» (Ali-İmran surəsi, 200-cü ayə) Şəhidlər məzarı önündə dayanaraq müqəddəs «Fatihə» surəsi oxunmuş, Uca Allahdan bütün şəhidlərimizin ruhuna sonsuz rəhmət, qazilərimizə şəfa, ailələrinə səbir və möhkəm iradə dilənmişdir. Daha sonra şəhidlərin əziz xatirəsini yaşatmaq məqsədilə xatirə şəkilləri çəkilmişdir. Kərbəla şəhidləri necə ki İslamın izzətini qorudularsa, Qarabağ şəhidləri də Azərbaycanın müstəqilliyini, dövlətçiliyini və xalqımızın şərəfini öz qanları bahasına qorudular. Bu müqəddəs yol eyni həqiqətin – haqq yolunda fədakarlığın davamıdır.
Biz – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsi olaraq, bütün şəhid ailələrinə dərin hüznlə «Başın sağ olsun, Vətən!» deyirik. Uca Allahdan dua edirik ki, xalqımıza, Türk dünyasına və bütün bəşəriyyətə bir daha belə faciələr yaşatmasın. Yer üzündə sülhün, ədalətin, mərhəmətin və insanlığın hökm sürməsini nəsib etsin. «Həqiqətən, Allah ədaləti, yaxşılığı və qohumlara yardım etməyi əmr edir…» (Nəhl surəsi, 90-cı ayə) Aşura bizə öyrədir ki, zülm nə qədər qüvvətli görünsə də, haqqın nuru heç vaxt sönmür. Şəhidlərin qanı torpağı deyil, millətlərin gələcəyini dirildir. Onların adı zaman keçdikcə daha da ucalır, çünki Allah yolunda verilən can əbədiyyət qazanır. Allah bütün Kərbəla və Azərbaycanın bütün şəhidlərinə sonsuz rəhmət eləsin. Amin.
Mübariz Eldar oğlu
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Neftçala rayon şöbəsinin sədri