İrəvandan Zəngəzur açıqlaması: Ruslar Mehridən çıxarılırmı?

İrəvandan gələn son açıqlamalar regionun gələcəyi üçün həm siyasi, həm də tarixi baxımdan mühüm məqamları işıqlandırdı. Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bir daha bildirdi ki, Zəngəzur üzərindən keçəcək bütün kommunikasiya xətləri “Ermənistanın suverenliyi” altında olacaq. Halbuki, həqiqət ondan ibarətdir ki, Zəngəzur təkcə bir coğrafi zolaq deyil, bütün Türk-İslam dünyasının can damarlarını birləşdirəcək əsrlik körpüdür.
Biz – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) – bu həqiqətin nə qədər böyük mənəvi, siyasi və fəlsəfi əhəmiyyət daşıdığını yaxşı anlayırıq. Çünki Zəngəzur sərhəd xətti yox, ümid yoludur; o yol ki, əsrlərin qovğasından sonra Türkün ruhunu birləşdirəcək, Orta Asiyadan Anadoluya, oradan da Avropaya qədər yeni nəfəs verəcək. AVMVİB-nin bütün üzvləri, başda Birliyimizin sədri hörmətli Füzuli Rzaquliyev olmaqla, hər zaman Zəngəzurda görüşmək arzusunu qəlbində yaşadır. Çünki bu görüş sadəcə coğrafi bir qovuşma yox, ruhi bir dirçəliş, milli kimliyimizin, tarixi ədalətin bərpası olacaq. Fəlsəfi baxımdan Zəngəzur dəhlizi – “qapalı olan yolların açılması” simvoludur. Bu, təkcə iqtisadiyyatın canlanması deyil, həm də ruhların azadlığı, millətlərin yenidən bir-birinə qovuşması deməkdir. Necə ki, su bəndi yıxıldıqda çay öz yatağını tapır, Zəngəzur dəhlizi də Türk dünyasının qoparılmış damarını yenidən birləşdirəcək. İrfan baxımından isə bu yol – Vəhdətin yoludur. Bu yol həm Türkiyəni, həm Azərbaycanı, həm də Orta Asiyanı bir ruhun haləsi kimi birləşdirəcək. Çünki “birlik olmayan yerdə qələbə, qələbə olmayan yerdə isə ədalət olmaz”.
Biz veteranlar yaxşı bilirik: Zəngəzur uğrunda gedən mübarizə həm Vətən, həm də ruh mübarizəsidir. Bu yolda qurban verilmiş hər bir şəhidin qanı bu torpağın haqqı üçün axıb. Və biz inanırıq ki, tezliklə Zəngəzurda – tarixi yurdumuzda – birlik bayrağı ucaldılacaq. Allah şəhidlərimizin ruhunu şad etsin! Zəngəzur yolu – həm millətimizin, həm də bəşəriyyətin ümid yoludur.
Mübariz Eldar oğlu
“Veteran.az” qəzetinin Şirvan–Salyan regional yazarı,