24.06.2025

Canını Vətənə verənə can yandırılmalıdır

Ötən həftə cəmiyyətin həssas təbqələri üçün, xüsusi ilə şəhid ailələri üçün sosial müavinətlərinin artırılmasını alqışlayırıq. Şəhidlər – bu Vətənin ölməz ruhları, bizim baş tacımız, milli şüurumuzun sarsılmaz dayağıdır. Onların ailələrinə göstərilən hər cür dəstək dövlətimizin və xalqımızın mənəvi borcudur. Bu yolda atılan hər bir addımı təqdir edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onlar əbədiyyətə qovuşsalar da, ruhları daim bizimlədir və nə qədər yaşasaq, onların müqəddəs xatirəsini yaşatmaq bizim ən ümdə vəzifəmizdir.

Lakin bu həqiqətin yanında başqa bir gerçəklik də var – müharibə veteranları. Onlar sağdırlar, lakin hər biri canlı bir abidə, canlı bir tarix, bəzən isə canlı bir şəhid kimidirlər. Ordumuzun ön sıralarında dayanıb, torpaqlarımızın azadlığı uğrunda vuruşan, bayrağı düşmən səngərinə sancan, yaralı yoldaşlarını qan içində döyüş meydanından çıxaran, şəhidləri çiynində daşıyan, silahı susmayana qədər döyüşdən geri çəkilməyən bu insanlar da azı şəhidlər qədər sayğıya, diqqətə və dəstəyə layiqdirlər.

Hazırda ölkəmizdə müharibə veteranlarına aylıq olaraq 80 manat təqaüd ödənilir. Bu məbləğ, xüsusilə indiki dövrdə onların gündəlik ehtiyaclarını qarşılamaq üçün yetərli deyil. Əmək qabiliyyətini qismən və ya tamamilə itirmiş, bəzən psixoloji və fiziki travmalarla yaşayan bu insanların böyük əksəriyyəti sosial baxımdan da həssas təbəqəyə aiddir. Onlara yalnız rəğbət deyil, real dəstək də lazımdır.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi dövlətə və hökumətə müraciətlə bu məsələnin bir daha gündəmə gətirilməsini təklif edir. Veteranlarımız üçün ayrılan aylıq təqaüdün ən azı üçrəqəmli həddə qaldırılması zəruridir. Bu təkcə maddi deyil, mənəvi jestdir. Bu, həm də dövlətin öz döyüşçüsünə verdiyi dəyərin ifadəsidir. Hökumət tərəfindən bu istiqamətdə mərhələli tədbirlər planı hazırlanması, müxtəlif səviyyələrdə veteranlara yönəlik sosial proqramların tətbiqi mühüm əhəmiyyət daşıyır.

Veteranlar müharibəni unutmur. Amma biz onların bu mübarizə yükünü yalnız xatirələrlə deyil, həm də praktik dəstəklə bölüşməliyik. Çünki bu gün gənc nəsil onların göstərdiyi rəşadətdən ruhlanaraq böyüyür. Biz onların vətənpərvərliyini, fədakarlığını nümunəyə çeviririksə, həyatlarını da nümunəyə çevirməliyik – qayğı ilə, ehtiram ilə, dəstək ilə.

Unutmayaq: şəhidlər ölməz, veteranlar isə sağ ikən unudulmamalıdır.

Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: