Kəlbəcər rayon 84 nömrəli orta məktəbdə son zəng tədbiri keçirildi

2025-ci il iyunun 14-də Kəlbəcər rayon 84 nömrəli orta məktəbində “Son zəng” tədbiri təntənəli şəkildə keçirildi. Tədbirdə məktəb kollektivi ilə yanaşı, valideynlər, məzunlar, məktəbin keçmiş məzunları və xüsusi qonaq qismində müharibə veteranları iştirak etdilər. Bu mühüm gün həm duyğusal, həm də qürurverici anlarla yadda qaldı.
Tədbiri məktəbin direktoru Həqiqət Məmişova açaraq məzunlara öz xoş arzularını çatdırdı. O, çıxışında həm məktəbin tarixindən, həm də bugünkü məzunların uğurlarından bəhs etdi:
“Bu gün məktəbimizdən yeni bir nəsil məzun olur. Sizlər bizim ümidimiz, gələcəyimizsiniz. Əldə etdiyiniz biliklər və qazandığınız dəyərlər həyat yolunda sizə bələdçi olacaq. Sizə inanıram, əminəm ki, harada olursunuzsa olun, hər zaman Vətənin adını uca tutacaqsınız. Unutmayın, məktəb hər zaman sizin eviniz olacaq. Harda olursunuzsa, olun Vətənimizə, dövlətimizə və dövlətçiliyimizə layiq vətəndaşlar olacağınıza inanıram!”.
Tədbirin gedişində məzun sinfin rəhbəri, Azərbaycan dili və ədəbiyyatı müəllimi Elnur Səlimovun duyğusal vida nitqi onların yaddaşlarına həkk oldu:
“Əziz şagirdlər! Bu illər ərzində biz bir ailə kimi olduq. Hər birinizin uğuru mənim uğurum oldu, sevinciniz mənim sevincim oldu. Mən sizin əzminizə, təhsilinizə və gələcəkdə Vətənimiz üçün layiqli bir vətəndaş olacağınıza sonsuzadək inanır, müəlliminizi və məktəbinizi hər yerdə fəxrlə təmsil edəcəyinizə əminliyimi ifadə edirəm. Yolunuz açıq, qəlbiniz işıqlı olsun!”
Tədbirin ən qürurverici anlarından biri isə müharibə veteranlarının çıxışı oldu. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin bir qrup veteranı gənclərə vətənpərvərlik ruhu, sülh və azadlıq uğrunda göstərdikləri fədakarlıqları ilə örnək olan çıxışlar edərək məzunlara hər zaman Vətəni sevməyi, qorumağı və təhsilə önəm verməyi tövsiyə etdilər. Tədbir şagirdlərin bədii çıxışları və musiqili nömrələrlə davam edib. Ən maraqlı səhnədlərdən biri də məktəb direktoru Həqiqət xanımın veteranlarla, məktəb kollektivi və məzunlarla birlikdə hərbi-vətənpərvər mahnı sədaları altında səmimi rəqs etdi. Sonda ənənəvi son zəng çalınıb.
AVMVİB-in Mətbuat xidməti






















