Tərtər rayonunda Gənclər günü ilə bağlı tədbir keçirilib

Tərtərdə 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının və Qarabağ Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Gənclər və İdman İdarəsində İnzibati Təşkilat sektorunun müdiri Anar Şahbazov, qazilər, təhsil, səhiyyə, mədəniyyət sahəsində çalışan, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən gənclər, könüllülər və gənc idmançılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir rayon icra hakimiyyətinin Akt zalında davam etdirilib.
Tədbirdə öncə Dövlət himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək gəncləri bayram münasibəti ilə təbrik edib, gənclərin ölkənin ictimai-siyasi həyatındakı rolundan, mədəniyyət, təhsil, idman və digər sahələrdə əldə etdikləri uğurlardan danışıb.
Rayon rəhbəri gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin ölkə gəncliyinin inkişafında dərin izlər buraxdığını, bu gün gənclər siyasətinin Ulu Öndərin ən layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirib. Gənclərin sosial, iqtisadi və sair problemlərinin həllinə yönələn, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, qanunlar və Dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına müsbət təsir göstərdiyini deyib. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında, məhz onun hakimiyyəti dövründə yetişən vətənpərvər gənclərin 30 ildən sonra xalqımıza qələbə sevincini yaşatdığını ,öz qanları-canları bahasına yeni tarix yazdıqlarını bildirib. Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Tərtər Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və Qarabağ Regional Gənclər və İdman İdarəsi tərəfindən Fəxri fərmanlar təqdim edilib.
Təltif olunanlar arasında, AVMVİB Tərtər rayon şöbəsinin sədr müavini, 44 Günlük Vətən Müharibəsi iştirakçısı Yusibov Elçin Nuru oğlu dövlət gənclər siyasətindən irəli gələn vəzifələrin həyata keçirilməsində göstərdiyi fəallığı görə İcra Hakimiyyəti tərəfindən fəxri fərman ilə təltif olunub.
Elçin Qədirov



