15.10.2024

Düşmənə həddini silahı ilə başa salan Şahinimiz

İsgəndərov Şahin Bəykişi oğlu 1974-cü ildə Laçın rayonunun Sus kəndində anadan olmuşdur. 1992-ci ildə Vətəni düşmən təcavüzünə məruz qalansda, doğma Laçın rayonu mənfur erməni faşizminin işğalı ilə üzləşəndə o da, hamı kimi Vətəni uğrunda vuruşmaq, onu xilas etmək üçün canını qurban deyərək düşünmədən döyüşlərə atıldı. Düşmənə olan böyük qəzəbi və sonsuz nifrəti Şahinə daha çox qüvvət verərək onu dəfələrlə qəhrəmanlıq göstərməyə sövq etmişdi. O, irəli, ancaq irəli can atırdı. Mənfur düşməni müqəddəs toraqlardan qovmaq, Vətən torpağını düşmən tapdağından azad etmək onun yeganə amalı idi. Həmişə deyirdi ki, torpaqları əldən gedən, kəndləri, şəhərləri talan olan, viranə və xarabalığa çevrilən ölkənin adamı evdə oturmaz, hamı doğma torpağının əsgərinə, Vətənin müdafiəçisinə çevrilməlidir.

1993-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin televiziya vasitəsilə çıxış edərək vətəndaşlarımızı torpaqlarımızın müdafiəsinə çağırışından sonra Şahin də, hamı kimi Vətənə olan borcunu ödəmək üçün özünümüdafiə batalyonu sıralarında doğma torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlərə qatıldı. 1993-cü ildə N saylı hərbi hissədə qulluq etməklə hərbi xidmətinə başladı. Sonralar isə N saylı hərbi hissədə qulluq edərkən Zəngilan və Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. 1994-cü ildə isə N saylı hərbi hissədə Ağdam, Xocavənd rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə böyük fədakarlıq göstərmişdir. Ağır döyüşlərdə bir dəfə yaralanan Şahin daha sonra ardıcıl olaraq iki dəfə ağır kantuziyaya məruz qalmışdır. Şahinin döyüş yoldaşları onun haqqında həmişə çox xoş xatirələr söyləməkdən hələ də usanmırlar, onun qorxmazlığından və bütün növ döyüş silahlardan məharətlə istifadə etmək bacarığından danışırlar.

Bu gün artıq torpaqlarımız yağı düşməndən həmişəlik təmizlənib, Böyük Zəfər əldə edilib. Bu Zəfər Ali Baş Komandanımız İlham Əliyev cənablarının dəmir yumruğu və Şahin kimi cəsur, döyüşkən və düşmənə qan udduran qəhrəman qardaşlarımızın sayəsində baş tutub. Hal-hazırda azad olunan torpaqlarımızda abadlıq, quruculuq və bərpa işləri sürətlə davam edir. Qəhrəman Vətən övladı Şahının doğulduğu, boya-başa çatdığı Sus kəndi indi azaddır, orada bu gün həyat qaynamağa başlamışdır. Ali Baş Komandanın göstərişi ilə Sus kəndi yenidən bərpa olunub, oraya kəndin doğma sakinləri geri qayıdıb, torpaq yenidən canlanıb.

Sus kəndinə qayıdışımızda Ali Baş Komandanımız da kəndin doğma sakinləri ilə bir yerdə oldu. Bəli, o özü bu tarixi görüşdə şəxsən iştirak etdi, torpaqların azadlığı uğrunda döyüşən müharibə veteranlarının hər biri ilə əl sıxaraq görüşdü.

Möhtərəm Prezidentimiz bu tarixi görüşdə müharibə veteranlarımız haqqında xoş sözlər ifadə etmiş, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirmişdir. Ali Baş Komandanımız İlham Əliyev cənabları öz nitqində bildirmişdir ki, siz veteranların torpaqların azad olunmasında çox böyük əməyiniz vardır. Biz sizin kimi minlərlə aslanımızın hesabına buraya gəldik.

Sonda Sus kəndinin sakinləri ilə qəhrəmanımız. Görüşdən sonra İlham Əliyev cənabları Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvlərindən olan Şahin İsgəndərovla xatirə şəkili çəkdirmişdir.

Ağayev Firudin,
AVMVİB Laçın rayon şöbəsinin təşkilati məsələlər üzrə sədr müavini

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: