21.11.2024

Həyat eşqi, rep və idman – Qarabağ müharibəsi qazisinin hekayəsi

Bəhlul Əliyev yaralanandan sonra həyatının necə dəyişdiyi haqda danışır

Bəhlul Əliyev Füzuli rayonunda, Harami düzündə hərbi xidmətdə olub. O, 2002-ci il dekabrın 31-də Yeni İli qarşılamağa hazırlaşan əsgərlərlə birlikdə anbardan çörək götürüb, hərbi hissəyə qayıdarkən, qarşı tərəfdən açılan qəfil atəş nəticəsində yaralanıb.

Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ və yeddi ətraf rayonun Ermənistanın nəzarətinə keçməsi ilə nəticələnən Qarabağ münaqişəsinin hərbi fazasının bitməsindən 30 ilə yaxın zaman keçib. 1994-cü ildə atəşkəs razılaşması bağlanıb, amma qoşunların təmas xəttində atışma hələ də davam edir. Azərbaycanın Xəzər Hərbi Tədqiqatlar İnstitutunun apardığı davamlı monitorinqin 2017-ci ildəki nəticələrinə görə, bu müqavilənin imzalanmasından bəri, Azərbaycanın verdiyi itkilərin ümumi sayı təxminən 4000 nəfərdən artıq olub.

2003-ci ilin 2 yanvarı. Ağdam rayonunun Sarıcalı kənd xəstəxanası. Azan səsi eşidilir: Allahu əkbər, Allahu əkbər. O, əməliyyatdan sonra ilk dəfə gözlərini açır. Bir az sonra həkim soruşur:

-İdmançı idiniz?

-İdmançı idiniz deyəndə, idmançıyam. Yəqin ki, aradan əsrlər keçməyib.

-Həkim: Hiss olunurdu. Çünki sinənizi yara bilmək üçün 2 ülgüc işlətməli oldum.

Bəhlul Əliyevin yaralanmasından 16 ildən artıq zaman keçib. Bu gün çox pozitiv görünən Bəhlula yenidən gülə bilmək elə də asan başa gəlməyib:

“4 ay xəstəxanda yatdım. Arabaya oturmaq istəmirdim. Düşünürdüm ki, özüm ayağa qalxacam. Amma sonra məcbur olub, arabaya oturdum. İsmayıllıya, doğulduğum kəndə getdim.

Həyatdan küsdüm. Hətta intiharı belə, düşündüm. Atam bunu hiss etmişdi. Evdəkilərə tapşırırdı ki, məni tək qoymasınlar.

Hardasa 2 il belə yaşadım. Ta ki, Bakıya gələnə qədər”.

Eşidəndə, çoxlarının gülüşünə səbəb olsa da, o, qadınların sayəsində yenidən həyata qayıtdığını etiraf etməkdən çəkinmir:

“Bakıda bizim bərpa mərkəzimizdə müalicə alırdım. Orda gördüm ki, mərkəzə təcrübəyə gələn qızlar ayaqüstə duran oğlanlardan daha çox mənə diqqət ayırırlar. Yavaş-yavaş onlarla tanış oldum, dostlaşdım. Sonra düşündüm ki, əslində, həyat nə qədər gözəlmiş?!”

Uşaqlıqdan idmanı və şeir yazmağı hər şeydən çox sevən Bəhlul yenidən həyata tutunmağa çalışır.

“2008-ci ildə qəfil ürək tutması ilə atam rəhmətə getdi. Bir müddət sonra rayonumuzdakı İdman Kompleksinə gedib, məşq elədim. Oradakı müəllimimin sayəsində Sumqayıtdakı Paralimpiya Komitəsinə müraciət etdim. Oradan müsbət cavab alıb, hətta Respublika Çempionu oldum. Amma maddi imkanım olmadığından idmandan uzaqlaşdım”.

Peşəkar kimi idmanı tərk etsə də, o, bu gün də salona gedib, davamlı məşq etməyə çalışır. Bəhlul evdə qolları üzərində hərəkət edir. O deyir ki, əgər gələcəkdə müalicəsi baş tutmasa, həmişəlik qolları ilə hərəkət etməli olacaq. Buna görə də qolları hər zaman güclü olmalıdır.

Dediyinə görə, müalicəsi üçün əməliyyata ehtiyacı var. Amma hələlik heç bir həkim bu əməliyyatın yüz faiz uğurlu olacağına zəmanət vermir. O, yenə də ümidini itirmir.

Atasını itirdikdən sonra bir müddət idmanla başını qatan Bəhlul günlərin bir günü başına gələnlərlə bağlı bir rep yazır. Və bu rep onun üçün həyatının dönüş nöqtəsi olur:

“Bəlkə də hər şey başımı qatmağım, atamın itkisinə görə daha çox fikir etməməyim üçün idi. Bilmirəm.

Repi yazdım, sonra İsmayıllıya gələn “Tanıdım Səni” layihəsində çıxış etdim. Ardınca bir neçə TV-də qonaq olub, repimi dedim.

Daha sonra məşhurlaşdım. Hətta Bakıya köçdüm. Hazırda replə məşğul oluram, mahnı ifa edirəm. Həmçinin, seriala da çəkilirəm. İstəyirəm öz həyatımı qazanım. Doğrudur, hələ ki, bu işlərdən qazancım yoxdur. Amma ən azından başımı qatıram”.

Bəhlul hazırda bir ildən artıqdır ki, evləndiyi xanımı və anası ilə birlikdə yaşayır. Bu yaxınlarda artan təqaüdü ilə birgə 450 manata yaxın pensiya aldığını desə də, bu məbləğə ailə saxlamağın çətin olduğunu bildirir:

“Doğrudur, dövlət mənə maşın və İsmayıllıda ev verib. Evdə elə bir gözəl şərait yaradıblar ki, orada olanda, əlilliyimi unuduram. Maşını isə mexanika olduğu üçün satıb, başqa maşın almışam. Amma bir şeyi xüsusi qeyd edərdim ki, neft ölkəsi olan Azərbaycan üçün və mənim kimi birinci qrup, işləməyən Qarabağ əlili üçün pensiyanın məbləği çox azdır”.

Bu yaxınlarda Bəhlul dostu ilə birlikdə Azərbaycanda fiziki məhdudiyyətli insanlar üçün Velosipedçilər Klubu yaradıb:

“Mən də bu klubun idmançısıyam. Fiziki məhdudiyyətli dostlarımız var ki, əlləri işləmir, amma velosiped sürə bilirlər. Bu, idmanla yanaşı, həm də reabilitasiyadır”.

“Eşidilməyən səslər” layihəsi International Alert  təşkilatının Dağlıq Qarabağ münaqişəsi üzrə işinin bir hissəsidir. Bu, münaqişəyə cəlb olunmuş icmaların jurnalistləri ilə işin və bu münaqişənin “nə müharibə, nə sülh” şəraitində yaşayan insanların həyatına necə təsir etdiyini göstərmək üçün onların birgə səylərinin nəticəsidir. Bu layihə həmin insanların səslərinin həm öz icmaları daxilində, həm də digər tərəfin cəmiyyətində eşidilməsinə şərait yaradır və bununla da düşmən obrazı arxasında gizlənən real insan simalarını oxuculara göstərməyə imkan verir.
Sözügedən layihə Avropa İttifaqının sayəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məqsədilə Avropa Tərəfdaşlığı (EPNK) çərçivəsində həyata keçirilir.
Bu səhifədə yerləşdirilən materiallara görə məsuliyyəti jurnalistlər daşıyır , International Alert təşkilatının və donorların nöqteyi-nəzərini əks etdirməsi mütləq deyil. Bizim jurnalistlər buradakı etik məcəlləni əsas götürür./JamNEWS-BBC/


Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: