Ədəboğlu məktəbi
Nurlan Məmmədli
Veteran.az saytının redaktoru
Azərbaycanın bir çox mütəfəkkirləri həm də jurnalsit kimi Milli Mətbuatımızın tarixinə özünəməxsus imzaları ilə dərin iz qoymuşlar. Bunların arasında Həsən bəy Zərdabinin, Üzeyir Hacıbəyovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin, Əhməd bəy Ağaoğlunun, Məhəmməd ağa Şahtaxtlının, Əli bəy Hüseynzadənin, Firudin bəy Köçərlinin və digərlərinin adını çəkmək mümkündür. Bu ədiblər həm də filosof kimi Azərbaycan fəlsəfə məktəbinin görkəmli nümayəndələridir. Onların bir qismi isə turançılığın, türkçülüyün daha geniş vüsət alması ilə nəticələnən ideoloji fikir sahibləri olmuş, milli mənsubiyyətimizin ilk rüşeymlərini xalqımıza təlqin etməklə milli özünüdərkin, gənc nəsildə milli iftixar hissinin formalaşmasına zəmin hazırlamışlar.
Məqalənin başlığının «Ədəboğlu məktəbi» adlandırmağımız isə heç də təsadüfi deyildir. Məhz Xaqani Ədəboğlu Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycançılıq məfkurəsini milli ideyanın təməl prinsipi kimi türkçülük və turançılıq ilə bütövləşdirmişdir. Ədəboğluna görə, Türkçülük ideyası, həm də türk xalqlarının etnik birliyini təcəssüm etdirən ictimai təfəkkürün vəhdəti və varisliyi mənasında başa düşülməlidir. Ona görə də Azərbaycançılığı milli şüur kimi qəbul ediriksə, onu milli ideyamn təməli kimi qiymətləndiririksə, deməli, bütövlükdə, dövlətçiliyin vəhdətini qəbul etmiş oluruq, çünki dövlətçilik xalqdan və millətdən ayn deyil, millətin və xalqın bütövlüyünün, vəhdətinin təminatçısıdır.
Xaqani Ədəboğlu özünün «Tarixin dili, dilin tarixi» əsərində milli özünüdərk və milli özünəqayıdışla bağlı yazır ki, «tarix kimsəyə heç zaman «əlvida» deməz, hər zaman «görüşənədək» deyər». Ona görə də gənc nəsil tariximizi öyrənməli və ondan dərs götürüb nəticə çıxarmağı bacarmalıdırlar.
Milli ideologiyaya həmişə sadiq qalan, ictimai maraqları həmişə öz maraqlarından üstün tutan Xaqani Ədəboğlu gənc nəslin vətənpərvər ruhda yetişməsi üçün pedaqoji fəaliyyət göstərmiş, gənc yaşlarında məktəb direktoru vəzifəsinə kimi yüksəlmişdir. Ukraynada hərbi xidmətini başa vurduqdan sonra Vətənə qayıdan Xaqani ədəbi yaradıcılığa daha da önəm vemişdir. Məhz qarşıya qoyduğu bu hədəfin nəticəsi idi ki, tezliklə o, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olur. Lakin Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsi nəticəsində başlanan müharibədən kənarda qalmaq Ədəboğlu ideyalarına zidd idi. Bu səbəbdən də, o, əyani təhsilalma formasını qiyabi təhsilalma formasına keçirərək Qarabağa yollanır və ən qızğın döyüşlərdə iştirak edərək ağır yaralanır. Lakin o heç vaxt öz ideyalarından dönmür, mənfur düşmənə qarşı həm də ideoloji cəbhədə sipər alır.
Azərbaycan jurnalistika tarixində dərin iz buraxmış ədiblərimizdən olan Xaqani Ədəboğlu eyni zamanda Azərbaycanın ilk döyüşçü jurnalisti olmuşdur. Əli silah tutana qədər silahla, əli silah tutmayanda isə qılıncını qələmlə əvəz edən Xaqani müəllim mənim nəzərimdə Azərbaycan hərbi jurnalistikasının bünövrəsini qoyan şəxsiyyətdir. Onun Azərbaycan jurnalistika tarixində açdığı yol isə əsil məktəbdir. Bu sətirlərin müəllifi olan bəndəniz də məhz həmin məktəbin məzunu olmasından həmişə qürur duyur.
Əziz müəllimim, mərhum Xaqani Ədəboğlu həyatının sonuna qədər ermənilərin çirkin informasiya savaşına qarşı öz biliyi, intellekti, savadı və zəngin həyati və hərbi təcrübəsi ilə mübarizə apararaq, həm xalqımıza qarşı düşmənin törətmiş olduğu bəşəri cinayətləri tam çılpaqlığı ilə ifşa etmiş, həm də müəllifi olduğu əsərlərdə mötəbr elmi istinadlarla onların araşdırmalarını faş etmişdir. Onun bu qiymətli əsərləri bu gün də Azərbaycanın bir çox ali təhsil müəssisələrində dərs vəsaiti kimi istifadə edilir. Xüsusilə 44 günlük Vətən müharibəsi dövründəki informasiya savaşının ilk sıralarında yer alan Xaqani Ədəboğlu türk və rus dilinə tərcümə etdiyi yazılarla düşməni tərki-silah edirdi. Özü də bu materialları elə-belə yox, tarixi faktlarla, arxiv fotoları və sənədlərlə isbatlayaraq, ortaya təkzibedilməz dəlillər qoymaqla əsaslandırıb yayımlayırdı.
Təsadüfi deyildir ki, onun yazılarını ölkəmizin hüdudlarından kənarda yüzlərlə oxucu oxuyur, paylaşır və istinad edirdi. Məhz buna görə düşmənlər dəfələrlə onun sosial şəbəkə hesabını şikayət etmiş, eyni zamanda Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Azərbaycan həqiqətlərini rus, türk və Azərbaycan dilində dünyaya, həmçinin dünya Azərbaycanləlarına çatdıran saytlarına silsilə kiberhücumlar təşkil etmişlər. Bu saytların fəaliyyəti üçün hökumət tərəfindən texnoloji dəstək götərilməsə də, AVMVİB özünün resursları hesabına bu cəbhədə də informasiya müharibəsini qələbə ilə başa vurmuşdur. Bu işdə təşkilat və onun üzvlərinin də müstəsna xidmətləri olmuş, bütün AVMVİB ailəsi ön və arxa cəbhədə vahid mövqe sərgiləmişlər. Buna görə də, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin bütün üzvləri məhz sıraları sarsılmaz iradəyə sahib qalib döyüşçülərdən ibarətdir.
Əziz müəllimim, Kür Şadın, Bilgə xaqanın, Tonyukukun ruhları ilə söhbətləşərkən Azərbaycanın səması kimi aydın olan mavi gözləriniz artıq intizarda qalmasın. Bu gün Sizi tək mən yox, minlərlə Vətən Müharibəsi Fədaisi xatırlayır və ruhunu ehtiramla anır. Ruhun şad olsun, Böyük Ustad! Mövludun mübarək!