AVMVİB Lənkəran rayon şöbəsi Silahlı Qüvvələrinin yaradılmasının 107-ci İldönümünü qeyd edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsi və Qazilər ilə birgə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 107-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə şəhidlərimizi bir dəqiqəlik sükutla yad etmiş, ardınca Azərbaycan himni səsləndirilib.
Tədbirdə Lənkəran rayon şöbəsinin rəhbərliyi və veteranlar Milli Ordumuzun yaranma tarixi və Azərbaycan Silahlı Qüvvələrinin şanlı döyüş yolundan danışıb, ordumuzun qəhrəmanlıq tarixini və qazanılan qələbənin önəmini vurğulayıblar. Qazilər və veteranlar iştirakçılara, Azərbaycan Silahlı Qüvvələrinin ölkə üçün əhəmiyyətini, xalqımızın hərbi gücünün və birliyinin nə qədər əvəzsiz olduğunu xatırladıblar.
Tədbirin sonunda, Silahlı Qüvvələr Günü münasibəti ilə hərbi qulluqçularımıza, zabitlərimizə və əsgərlərimizə təbriklər çatdırılıb, onların döyüş meydanındakı xidmətləri qiymətləndirilib və onlara təşəkkürlər ifadə olunub.
AVMVİB-in Mətbuat xidməti