27.07.2024

Spikerdən əsgərimizə işgəncə verilməsi ilə bağlı ÇAĞIRIŞ

Milli Məclisin sədri Sahibə Qafarova Rusiya Federasiyasına işgüzar səfəri çərçivəsində aprelin 14-də MDB-yə üzv dövlətlərin Parlamentlərarası Assambleyasının 55-ci plenar iclasında çıxışı zamanı, beynəlxalq təşkilatları Ermənistanın bir neçə gün əvvəl sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisinə qarşı işgəncə və zorakılığını araşdırmağa və ona müvafiq qiymət verməyə çağırıb.

Bu barədə Veteran.az-a Milli Məclisdən məlumat verilib.

S.Qafarova diqqətə çatdırıb ki, bir neçə gün əvvəl Ermənistan sərhəddə itkin düşmüş iki Azərbaycan hərbçisini saxlayıb. Dərhal sosial şəbəkələrdə onlara münasibətdə fiziki işgəncəni və qeyri-insani rəftarı göstərən videogörüntülər yayılıb. Müvafiq beynəlxalq təşkilatlar sözügedən zorakılığı araşdırmalı və ona lazımi qiymət verməlidirlər.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Naxçıvanda xidmətdə olan 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub. Hər iki əsgərimiz Ermənistanda saxlanılıb. Ötən gün sosial şəbəkələrdə Hüseynin ermənilər tərəfindən işgəncələrə məruz qalmasını əks etdirən görüntülər paylaşılıb.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: