Paşinyanın saytı dağıdıldı, “Qarabağ Azərbaycandır və nida işarəsi!” yazıldı
18 oktyabr 2019-cu il tarixində azərbaycanlı hakerlərdən ibarət «Anti-armenia Team» qrupu tərəfindən Ermənistan baş nazirinin rəsmi veb-saytına kiber-hücum əməliyyatı həyata keçirilib.
AZXEBER.COM xəbər verir ki, hücum nəticəsində Nikol Paşinyanın rəsmi veb-saytına kənar müdaxilə uğurla nəticələnib, veb-saytın xəbərlər hissəsinə «Qarabağ Azərbaycandır və nida işarəsi!» başlıqlı xəbər yerləşdirilib, məzmununda isə Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyada baş tutmuş «Valday 2019» forumundakı çıxışının video fraqmenti əlavə olunub.
Kiber-hücum əməliyyatı «Ferid23» və «LozariuS» kod adlı hakerlər tərəfindən həyata keçirilib.
Qeyd edək ki, «Anti-armenia Team» 19 oktyabr 2011-ci il tarixində bir qrup vətənpərvər azərbaycanlı hakerlər tərəfindən yaradılıb.
Bu gün Ermənistana ağır kiber zərbələr endirməklə tanınan Azərbaycanın ilk haker komandalarından biri “Anti-armenia Team” qrupunun fəaliyyətə başlamasının 8-ci ildönümü tamam olur.
Döyüşçülər adından təbrik edirik!
“Anti-armenia Team” qrupunun indiyə qədər Ermənistana vurduğu ağır zərbələrin bir neçəsini təqdim edirik:
— 2012-ci ildə keçirilmiş “31 MART” kod adlı əməliyyat zamanı işğalçı ölkənin 816 informasiya resursu sıradan çıxarılıb.
— 2013-cü ildə Ermənistanın Daxili İşlər Nazirliyinin informasiya ehtiyatlarına müdaxilə edilərək həmin informasiya ehtiyatlarından nazirliyə məxsus 1.44 GB həcmində məlumat bazası ələ keçirilib. Ermənistanın mobil operatorlarının abunəçi bazaları, Daxili İşlər Nazirliyinə məxsus ümumvətəndaş pasportlarının bazası, avtomobillərin qeydiyyat nişanlarının bazası, habelə əhalinin qeydiyyat məlumatlarını özündə əks etdirən informasiya bazası da qrup tərəfindən ələ keçirilib.
— 2016-cı ildə keçirilmiş “20 YANVAR” kod adlı əməliyyatda Ermənistan Xarici İşlər Nazirliyinin rəsmi saytı, səfirliklərin, habelə beynəlxalq təşkilatların saytları daxil olmaqla ümumilikdə 47 sayt sıradan çıxarılaraq, həmin saytlarda 20 Yanvar faciəsi ilə bağlı informasiya, foto və video materiallar yerləşdirilib.
— 2016-cı ilin avqust ayında “Anti-armenia Team” tərəfindən keçirilən böyük kiber-əməliyyat nəticəsində düşmənin dövlət strukturlarına, hüquq-mühafizə orqanlarına çox ciddi zərbə endirilərək, həmin qurumlara məxsus böyük həcmli məxfi informasiyalar ələ keçirilib, düşmən ölkənin Milli Təhlükəsizlik Nazirliyinin serverlərinə kənar müdaxilə edilərək həmin informasiya ehtiyatlarından tam məxfi informasiyalar götürülübdür. Əldə olunmuş informasiyalar arasında Ermənistana səfər edən xarici vətəndaşlar haqqında məlumatlar da aşkar edilərək götürülübdür.
— 26 iyun 2018-ci il tarixində keçirilmiş geniş miqyaslı kiber hücum nəticəsində “Anti-armenia Team” tərəfindən Ermənistan parlamentinin, habelə Ermənistanın bütün nazirliklərinin və dövlət təşkilatlarının istifadəsində olan vahid Elektron Sənəd Dövriyyəsi sistemi sıradan çıxarılıbdır. Həmin resurslarda “Ali Baş Komandanım, Generalım, Zabitim, Əsgərim, Müstəqil Azərbaycanım! Müstəqil Ordum! Bayramın Mübarək! 100 İllik Şərəf Yolun, Müqəddəs Yolun Mübarək!” sözləri və Azərbaycanın 3 rəngli dövlət bayrağı yerləşdirilibdir.
Qrupun fəaliyyəti sadalanan kiber-hücum əməliyyatlarla bitməməkdədir və “Anti-armenia Team” qrupu hər zaman Azərbaycanın və Azərbaycan xalqının milli mənafeyinə təhlükə ola biləcək informasiya resurslarına qarşı mübarizədə aktiv iştirak etməkdədir.