Əlilliyin müəyyən edilməsi qaydaları qüvvəyə mindi
Əlillik təyinatının dünya təcrübəsinə uyğunlaşdırılmış təkmil qiymətləndirilməsi ilə əlaqədar hazırlanmış “Əlilliyin müəyyən olunması meyarları” ilə bağlı qaydalar 2022-ci ilin iyulun 1-i tarixindən etibarən tətbiq olunacaqdır.
Yeni qaydalar aşağıdakılardır:
- Əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi prinsipi əsasında, həm də xəstəliyin ağırlıq dərəcəsi nəzərə alınmaqla təyin olunması nəzərdə tutulmuşdur. Yəni,
- I dərəcə – orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi;
- II dərəcə – orqanizmin funksiyalarının 61-80 faiz itirilməsi;
- III dərəcə – orqanizmin funksiyalarının 31-60 faiz itirilməsi.
- Əlilliyin qiymətləndirilməsi şəxsin
- özünəqulluq,
- sərbəst hərəkətetmə,
- istiqamət seçmə,
- ünsiyyət,
- davranışına nəzarət etmə,
- öyrənmə
- əmək fəaliyyəti
üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürülməklə aparılacaq.
- “sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” ifadəsi “18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər” ifadəsi ilə əvəzlənir, 18 yaşınadək əlilliyi müəyyən edilmiş məktəbəqədər yaşda olan uşaqların təlim və tərbiyəsinin Fərdi Reabilitasiya Proqramı nəzərə alınmaqla həyata keçirilməsi də nəzərdə tutulur.
Xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan və bu Meyarların əlavəsinə uyğun olaraq insan orqanizminin funksiyalarının aşağıdakı itirilmə faizləri təyin edilir:
– İnsan orqanizminin xəstəlik, zədə və çatışmazlıqlar səbəbi ilə yaranan bir neçə sabit pozuntusu olduğu halda, hər bir pozuntu ayrı-ayrılıqda kəmiyyət qiymətləndirmə sistemi vasitəsilə qiymətləndirilir və təzahür dərəcəsi müəyyənləşdirilir.
– İlk növbədə faiz ifadəsi ilə orqanizmin bu və ya digər funksiya pozuntusunun ən yüksək olanı, sonra isə mövcud digər bütün funksiya pozuntularının qeyd edilmiş pozuntuya təsiri müəyyənləşdirilir.
– Peşə xəstəliyi və istehsalat zədəsi təsirin olduğu təqdirdə, insan orqanizminin funksiyalarının itirilməsinin yekun göstəricisi, ən yüksək pozuntunun göstəricisindən 10%-dən artıq olmamaqla təyin edilir.
– İnsan orqanizminin funksiyalarının 10-30% itirilməsi hallarında əlillik təyinatı aparılmır. Yalnız, əlillik səbəbi peşə xəstəliyi və istehsalat zədəsi olduğu hallarda peşə əmək qabiliyyətinin itirilməsi faizi qiymətləndirilir.
– Bir neçə əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi müəyyənləşdirildiyi təqdirdə ən yüksək sosial təminat hüquqları yaradan əlillik səbəbi və insan orqanizminin funksiyalarının itirilməsi faizi təyin edilir.
Qeyd edək ki, Nazirlər Kabineti “Əlilliyin müəyyən olunması Meyarları”nı təsdiqlədikdən sonra “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ləğv ediləcəkdir.
Yeni meyarlarla bu linkə daxil olmaqla tanış ola bilərsiniz. “Əlilliyin müəyyən olunması Meyarları”na Əlavə – CƏDVƏL
Qeyd edək ki, yeni əsasnamə əvvəlcədən müddətsiz əlillik dərəcələri müəyyən edilmiş şəxslərə şamil olunmayacaq, yəni, müddətsiz əlilliklərin yenidən qiymətləndirilməsi zərurəti yaranmırsa, bu əsasnamə onlara şamil olunmur.