27.07.2024

GƏLİN, AÇIQ DANIŞAQ

Elbariz Məmmədli

Əvvəla, onu deyim ki, facebookun məni yenə də üç günlük bloklaması heç cür anlaşılmadı. Deməli , dostumuz Aytin Bədəlovun idarə etdiyi «Qarabağa qayıdırıq» qrupunda bir fikrə şərh yazmışdım.


Almaniyada yaşayan türk qardaşımız yazmışdı ki, almanlar qazaxların faciəsini ələ salıb gülür, rusları öyürlər. Buna kim olsa reaksiya verərdi, mən də eləcə.

Amma bu münasibətdən sonra özüm üçün tam qətiləşdirdim ki, dünyada Türklüyə qarşı xaç yürüşünə start verilib və faşist Rusiyasının Qazaxıstanı şeçməsi də təsadüfi deyil. Bütün Avropa bu vandalizmə loyal yanaşdısa, burda düşünüləsi ikinci variant yoxdu. Bəziləri deyirlər ki, avropalılar ruslardan çəkinirlər. Yaxşı, belə olan halda, Avropanın beynəlxalq insan haqları təsisatları nəyə lazımdır? Onsuz da Rusiya tipli antidemokratik dövlətlər onların heç bir qərarına hörmət qoymurlar.

İkincisi, avropalılar Türk və müsəlman ölkələrinə münasibətdə qəti və inadlı mövqe ortaya qoymurlar. Son cümlələri könlü Avropada olanların menyüsünə əlavə edirəm. İndi gələk öz qayğı və dərdlərimizin üstünə.
Ölkəmizdə heç də hər şey bizim istəyimizə uyğun deyil. Ümumiyyətlə vəziyyət ağırdı. Sosial siyasət həllini tapmır, bazar tənzimlənmir, əhalinin məşğulluq imkanları getdikcə tükənir, 5-ci kolon deyilən harın oliqarxiya xalqın taleyini zülmətlərə sürüyür və…

Belə bir vaxtda artıq bütün bəşəri hisslərini itirmiş Rusiya satqın Tokayevin çağırışı ilə qardaş Qazaxıstana soxulub dinc əhalinin qətliamını törədir. Yedəyində də «kolxoznik» Лукашенко, Каşşey Raxmonov, düşük Paşinyan və. s.


Anlamaq olmur, əgər rusların NATO ilə problemləri qabarıbsa və özlərinə güvənirlərsə, ən azı Pribaltikaya pəncə uzada bilərdi. Yox, əgər SSRİ dağılmışı bərpa etmək istəyi ilə alışıb yanırlarsa, ilk növbədə onu özlərində elan etməliydilər. Ortada hər iki niyyət var. Amma Kremlin ən böyük istəyi zəngin enerji resurslarına malik ölkələri zəbt etməklə, özünün bitməkdə olan ömrünü uzatmaqdır. Hərçənd ki, bu niyyətin reallaşması heç də onların hay-küyə basdığı kimi asan məsələ deyil.


Ruslar başqa xalqların qanı üzərində bərqərar etdikləri İmperiyanın süquta yuvarlandığını bilirlər.


Qarabağ savaşı yenidən körüklənməyə başlayıb. Soysuz haylar yenə də qanlı döyüşlərə təhrik edilir. Ağır olan odur ki, bu oyunlarda biz Şəhid veririk. Xalq da, siyasilər də, dövlət qurumları da hayları söyür. Artıq real danışmağın vaxtıdır. Bütün bəlaların başında Kreml faşizmi dayanır və bunu açıq söyləməyin vaxtıdır. Son günlər o da deyilir ki, ruslar Suqovuşanı öz nəzarət daitələrinə daxil ediblər. Xəritə yanlışlığı — filan boş şeydir. 30 ildir ki, həmlələrə ünvan olan və hələ də tab gətirən Tərtər bu niyyətin əsas həlqəsidi. Ruslar Gəncəbasardan keçən enerji xətlərinə əl qoyur və ermənilərə «otboy» komandası verilir.

Maraqlıdır, xalqımız bütün bunların fərqindədirmi? Düşünmək olar ki, o qədər də yox. Siyasilərimiz bir-birini söyməklə, düşüncə adamlarımız sağlıqlar deməklə, zavallı xalq çörək axtarmaqla, gününü yola verir. Belə bir məqamda xain zümrə aktivliyini artırıb gündəmi zəbt edir. Eynilə ötən əsrin 20-ci illərində olduğu kimi. Fəqət, bu xainlər anlamırlar ki, satqın babalarının hamısının yolu rusun ölüm maşınından keçdi. Ruhulla Axundovdan, Əliheydər Qarayevə, Ayna Sultanovaya qədər. Sabah rusun əli uzansa, (bu olmayacaq) onlar haram varidatları ilə salamat qalacaqlarına əmindirlərmi?


Sonda onu deyək ki, xalq bu gün nəyin fərqində olmağın vacibliyini duymalı, özünü buna kökləməlidir. Problemlərin çözülməsində həlledici rol oynayacaq imkan əlimizdə var- Türk Dövlətləri Təşkilatı. ( Bu təkcə rusların deyil, bir çoxlarının qorxulu röyasına çevrilib) Türkiyə bu birliyin lokomotivi kimi, ortaya qətiyyətli mövqe qoyub. Hər halda qan qoxulu sovet şinelindən qurtulmuş Türk dövlətləri reallığı burda axtarmalıdırlar.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: