Binəqədi veteranları tədbir keçirib
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Binəqədi rayon şöbəsində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə veteranların iştirakı ilə tədbir keçirilib.
Tədbiri AVMVİB Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov açaraq, tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşməsində xüsusi roluna diqqət çəkib.
Daha sonra şöbə sədri çalışdığı «Azərsu» ASC-nin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan söz açdı. Bildirdi ki, «Azərsu» ASC daim Dövlət başçısının göstərişlərinə əməl edərək Vətən uğrunda döyüşmüş insanların problemlərinin həllinə çalışır. Onların müraciətlərinə diqqətlə yanaşır.
Şöbə sədri Mərdan Ələsgərov Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciətində söylədiyi fikirləri iştirakçıların diqqətinə çatdırıb: «Biz şəhidlərimizin xatirəsini daim öz qəlbimizdə yaşadacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların qəhrəmanlığı və minlərlə, on minlərlə Azərbaycan əsgər-zabitinin qəhrəmanlığı, peşəkarlığı sayəsində biz işğala son qoyduq, doğma torpaqlarımızı azad etdik, tarixi Zəfər çaldıq və bu Zəfər bizim tariximizdə əbədi qalacaq. Azərbaycan xalqı artıq dünyada müzəffər xalq kimi, Azərbaycan dövləti isə müzəffər ölkə kimi tanınır».
O, ölkəmizdə bu istiqamətdə, həmçinin ordu quruculuğu sahəsində görülən işlərin əhəmiyyətindən, ordumuzun son döyüşlərdə göstərdiyi şucaətindən və döyüş tarixinə yazdıqları qəhrəmanlıq salnaməsindən danışdı.
Mərdan Ələsgərov «Azərsu» ASC- nin rəhbərliyinə və kollektivinə veteranlara göstərdikləri qayğıya görə öz minnətdarlığını bildirdi.
Elnur Səlim