21.11.2024

Ən gənc Vətən Müharibəsi Qəhrəmanı: «Atamın gözlərində sevinci görəndə…»

Məcburi köçkün ailəsində böyümüşəm. Səsimi heç bir ünvana çatdıra bilmirdim. Şükür ki, hərbi sahədə uğurlu yola imza ataraq arzumu reallaşdırdım. Atamın 30 il öncə məcbur çıxarıldığı Qubadlı rayonunda Prezident İlham Əliyevlə görüşdüm.

Teleqraf.com xəbər verir ki, bu sözləri Vətən Müharibəsi Qəhrəmanı Vüsal Yaqubov Sosial Tədqiqatlar Mərkəzinin (STM) «Prezident: Zəfərə davam, Zəfərə inam!» adlı icmal tədbirində deyib.

Vüsal Yaqubovun sözlərinə, son 200 ilə nəzər salsaq görərik ki, Azərbaycan Ordusunda heç bir qələbəyə imza atılmamışdı: «Ancaq Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə uğurlara imza atdı. 2016-cı ildə Aprel döyüşlərində Ali Baş Komandanın əmri ilə müəyyən qədər ərazi azad edildi. 2020-ci il sentyabrın 27-də düşmən təxribatının qarşısını almaq üçün cənab Prezident «Dəmir Yumruq» əks-hücum əməliyyatının başladılması əmrini verdi.

Əməliyyat uğurla yerinə yetirildi. Bir il öncəyə qədər biz qalibiyyət günü yox, anım günləri qeyd edirdik. Ancaq 44 günlük Vətən müharibəsində biz parlaq qələbəyə imza atdıq, tarixi Şuşa qalasını azad etdik, Qarabağı əsl sahibinə qaytardıq.

Hazırda ehtiyatda olsam da Ali Baş Komandanın bütün əmrini yerinə yetirməyə hazıram. Mən fəxr edirəm ki, ən yaşlı şəhidin qardaşı oğluyam, özüm də ən gənc Vətən Müharibəsi Qəhrəmanıyam. Mən Qubadlıda atamın qaldığı otağa gedəndə, atamın gözlərinə baxdıqda qayıdış sevincini görüb kövrəldim. Bu, sevinc göz yaşları idi. Mən 19 yaşımda qələbəyə imza atdım. Bu gün də Ali Baş Komandanın əmrini yetirməyə hazıram. 24 dekabr cənab Prezidentin doğum günüdür. Ona öz xidmət sahəsində uğurlar arzu edirəm. Yaşasın Azərbaycan, yaşasın Ali Baş Komandan! Mən fəxr edirəm ki, Azərbaycanlıyam!»

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: