08.09.2024

Veteranımız İlyas Həsənovun vəfatından 1 il ötdü

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvlərindən olan İlyas İbrahim oğlu Həsənovun vəfatından 1 il ötdü.

İlyas İbrahim oğlu Həsənov 10 may 1960-cı ildə Dağlıq Qarabağ vilayətinin Ağdərə rayonunun Baş Güneypəyə kəndində anadan olmuşdur.

1967-cı ildə Ağdərə rayon Baş Güneypəyə kənd orta məktəbində təhsilə başlayaraq, orta məktəb təhsilini 1977-ci ildə Manikli kənd orta məktəbində bitirmişdir.

1977-1979-cu illər Sumqayıt Poltexnik Texnikumunda (hazırda Sumqayıt Dövlət Texniki Kolleci) orta ixtisas təhsilini alır.

1979-cu il təhsilini bitirdikdən sonra SSRİ ordusunda Kalininqrad şəhərinə hərbi qulluğa göndərilir və 1981-ci ildə istehkamçı olaraq hərbi qulluğunu bir çox təşəkkürnamə və fərqlənmə medalları ilə təltif olunaraq başa vurur.

1992-cu ildə Birinci Qarabağ müharibəsinə  yollanaraq,  Ağdərə və  Xocalı rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. 1996-cı ildə Azərbaycan Poltexnik Universitetinə (hazırda Azərbaycan Texniki Universiteti) memarlıq və inşaat fakultəsinə daxil olmuş, 2000-ci ildə memar ixtisası ilə bakalavr təhsilini yekunlaşdırmışdır.

1981-ci ildə Bakı şəhərinə qayıtdıqdan sonra öz ixtisası üzrə SU-49 tresində mühəndis vəzifəsinə işə qəbul olunur. 1989-cu ildə baş mühəndis vəzifəsində çalışıb. Çalışdığı idarə 1995-ci ildə fəaliyyətini dayandırdıqdan sonra BMT-nin dəstək verdiyi inkişaf proqramı çərçivəsində 1998-cu ildə Azərbaycan Respublikası Ərazilərin Minadan Təmizləmə üzrə Milli Agentliyi yaradılmasında iştirak edir. 1998-cu ildə İlyas Həsənov Agentliyə inzibatçı olaraq fəaliyyətə başlayır. Qısa zaman ərzində fəaliyyətində fərqləndiyinə görə təşəkkürnamə və fərqlənmə diplomları ilə təltif edilir. Bir müddət sonra isə agentliyin rəhbər vəzifələrinədək təyinatlar alır. ANAMA təşkilatı İlyas Həsənovun fəaliyyəti dövründə böyük nəaliyyətlər qazanmışdır. ANAMA dünyada ən yüksək texnologiyalarla təchiz edilmiş minatəmizləyən agentlikləri arasında peşəkarlığı ilə tanınıır.

O, Xocalı və Ağdərə rayonları uğrunda gedən ağır döyüşlərin iştirakçısı kimi daim əzəli torpaqlarımız uğrunda mübarizənin önündə olub. Daim təşkilatla bağlı olan bir üzvümüz idi. Elə buna görə də AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla və dəfələrlə Fəxri fərmanla təltif edilmişdi. Həmçinin, göstərdiyi səmərəli fəaliyyət «Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin işçilərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı» ilə «Tərəqqi» medalıyla təltif olunub. Bu gün ərazilərimizin düşmən minalarının təmizlənməsində onun iştirakıyla yaradılmış ANAMA-nın misilsiz əməyini hər birimiz görməkdəyik.

Onu tanıyan hər kəs üçün, xalqımız üçün bu ağır bir itkidir. «Vətən sağ olsun» deyirik.

Tək təsəllimiz isə vətənpərvər döyüşçümüz olan İlyas Həsənovun bu Böyük Zəfər günlərini görməsidir.

Məkanı cənnət olsun!

Allah rəhmət eləsin!

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: