21.11.2024

«Biz əlillik, veteranlıq istəmirik, iş istəyirik» — Qazilərdən şikayət

Ucar rayonu Xələc kənd sakinləri Vətən müharibəsi qaziləri Məhərrəmov Əkbər Məhərrəməli oğlu və Cəfərov Həsən İsa oğlu tərəfindən redaksiyamıza müraciət daxil olub.

Müraciətdə bildirilib ki, Məhərrəmov Əkbər Məhərrəməli oğlu müharibə zamanı sol qolundan güllə yarası alıb:

«Düşmən gülləsi Əkbərin sol qoluna dəlib keçib. Nəticədə də yaralanmış hospitalda müalicə alıb. Sol əli ilə əşya qaldıra bilmir. Ancaq əlillik dəcəsi təyin olunmur.

Biz əlillik və veteranlıq istəmirik. Biz iş istəyirik ki, bizi işlə təmin etsinlər. Buna görə Məşğulluq Mərkəzinə dəfələrlə getsək də, bizi qəbul etmək istəmirlər. Ucar rayonunda vətəndaşı işə pulla qəbul edirlər».

Həmçinin bildirilib ki, Cəfərov Həsən İsa oğlunun himayəsində bir azyaşlı uşağı var:

«Müharibədən əvvəl Bakı şəhərində işləyib ailəsini saxlayırdı. İndi isə işsiz qaldığı üçün ailə yoxsulluq həddində yaşayır. İşsizliyə görə yoxsulluq həddində yaşayırıq. Bu isə bizi intihar həddinə çatdırır. Biz oğurluq etmək istəmirik, yardım istəmirik, biz iş istəyirik. 19 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Samir Nuriyev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yüksək vəzifədə işləyən qardaşı Elşən Nuriyevə arxayın olub vətəndaşları pulla işə qəbul edir, iş yerini satışa çıxarır. Bizim isə ona verməyə pulumuz yoxdur. Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevdən xahiş edirik bizi işlə təmin edin».

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin strateji əlaqələr departamentinin rəhbəri Mayis Musayev Redaktor.az-a bildirdi ki, lazımi köməkliyin göstərilməsi üçün qazilər idarəyə dəvət olunublar və onların şikayəti araşdırılacaq:

“Bu barədə məlumatımız var. Biz həmin vətəndaşlarla əlaqə saxlamışıq. Onlar sabah bizim filiala yaxınlaşacaqlar. Orada vətəndaşlarla görüşüb istəklərinə uyğun müraciətləri araşdırılacaq. Onlar filiala yaxınlaşdıqdan sonra onlarla görüşüb danışıqlar aparılacaq. Onların istəkləri nədən ibarətdir, hansı sahədə işləmək istəyirlər, təcrübüləri varmı, hansı köməkliyin göstərilməsi ilə bağlı araşdırma apardıqdan sonra məlumat verə bilərik. Qazilərin özləri ilə bu gün danışmışıq. Onlar idarəyə dəvət olunublar, sabah yaxınlaşacaqlar. Onlarla üzbəüz söhbət aparılacaq, istəkləri nəzərə alınacaq, lazımi köməklik  göstəriləcək və mümkün köməklik imkanları dəyərləndiriləcək”.

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: