«HAMIMIZ HİKMƏT MİRZƏYEVİK!» — AVMVİB BƏYANAT YAYDI
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyəti çox minlik veteranlar ordusu adından bəyanat verərək, son vaxtlar müharibə iştirakçılarına, müharibənin qəhrəmanlarına və Ali Baş Komandanına qarşı yönəlmiş yalan, böhtan və şər kompaniyasından narahatığını bildirib və bu xain addımları pisləyib.
Bəyanatda deyilir:
— İllər boyu arzusunda olduğumuz Qarabağın düşməndən azad edilməsi böyük bir tarixi hadisədir. Bu tarix gözlərimiz önündə və bizlərin iştirakıyla yazıldı. Şanlı tariximizi Ali Baş Komandanımızın rəhbərliyi ilə yazanların bu gün hədəfə gətirilməsi məkrli bir düşmən planıdır. Planın icraçıları daxildə ölkənin müdafiə gücünü zəiflətmək, hərbi-vətənpərvərli ruhunu zədələmək və daxildə sosial partlayışla xaos yaratmaq istəyini reallaşdırmaq yolunda addımlar atmaqdadır. Lakin bu həqiqəti xalqımız artıq yaxşı dərk edir ki, şəhid nurlanmış, döyüşçülər isə şərəflənmiş əsgərlərdi. Bunu dərk etməyən və qəbul etməyənlərin bizim xalqa aidiyyatı yoxdur. Qəhrəman əsgər və zabitlərimizin, döyüşçü generallarımızın əleyhinə aparılan qarayaxma kompaniyasında yer almış bu adamlar nə vaxtadək ölkəmizin əleyhinə iş aparacaqlar?
Qazanılmış Zəfərimizi həzm edə bilməyən içimizdəki xainlər və onların xaricdəki uzantıları günbəgün həyasızlaşmaqdadırlar. Onları bəsləyənlərdən aldıqları təlimat üzrə sosial şəbəkələrdə, KİV -lərdə heç bir informasiya təhlükəsizliyi gözləmədən qazilərimiz, şəhidlərimiz və qəhrəmanlarımız haqqında yayılan yalan məlumatlar heç də təsadüfi sayıla bilməz. Xüsusən də 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdə öz şərəfli imzasını qoymuş Hikmət Mirzəyev barədə yalan informasiyanı yayanlar cəzasız buraxılmamalıdır. Çünki bu öncə xəyanətdir və jurnalist etikasına sığmayan iyrənclikdir.
84 minlik veteranlar ordusu adından bəyan edirik ki, içimizdəki bu xainlərə qarşı hər kəs ayıq olmalıdır. Heç kim düşmənin bizə qarşı apardığı informasiya savaşında düşmənə alət olmamalıdır. Biz bu cür xəyanətləri hələ Birinci Qarabağ müharibəsinin getdiyi günlərdə görmüşük və düşmənin bu üslubu bizlərə yaxşı tanışdır.
Müharibə veteranları «HAMIMIZ HİKMƏT MİRZƏYEVİK!» şüarını irəli sürüblər.
«HAMIMIZ HİKMƏT MİRZƏYEVİK!»
Azərbaycanın Şanlı ordusuna, Şanlı Ali Baş Komandanına və Qəhrəman komandirlərimizə eşq olsun!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) İdarə Heyəti