İmişlidə Başçının müharibə veteranlarına qarşı diskriminasiya siyəsəti
İmişlidə İcra Hakimiyyətinin özbaşınalığı sərhəd tanımır və bu adama «DUR!» deyən tapılmır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İmişli rayon şöbəsinin sədri Taleh Tapdıqovun qanunsuz həbsi 84 minlik veteranlar ordusunun dərin hiddətinə səbəb olub.
Olayla bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi ölkə rəhbərinə müraciət qəbul edib. Həmçinin rayon şöbələri rayon rəhbərinə yaraşmayan və əxlaqa sığmayan davranışı pisləyiblər. İmişli rayn İcra Hakimiyyətinin başçısı Elçin Rzayevin qazilərə və şəhid ailələrinə qarşı «müharibə elan etməsi» barədə dəfələrlə məlumatlar verilib. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsindən qayıdan qazilərin ilk etiraz aksiyası, məhz bu rayonda olub.
Hazırda veteranlar ordusunun qınaq obyektinə çevrilən İmişlidə baş verən biyabırçı hadisə «əlbir olub başçı, polis, məhkəmə, veteranı həbs etdilər tədbir ilə» ayamasının yaranmasına səbəb olub.
Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin ediləndən sonra rayonda gördüyü tək iş, özündən qabaq korrupsioner kimi tanınan və həbsdə olan sabiq başçı Vilyam Hacıyevin bütün rəhmətə gedənlərinə dua etdirmək planını yerinə yetirdib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndələri, rayon şöbələrinin rəhbərliyi bu biyabırçı məsələylə bağlı öz etirazlarını bildirməkdədirlər.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov bizimlə söhbətdə bildirdi ki, İmişli rayon İcra Hakimiyyəti başçısı Elçin Rzayevin məmur adına yaraşmayan nalayiq hərəkətləri barədə aidiyyətli qurumlar məlumatlandırılıb vərəsmən 84 minlik veteranlar ordusu adından müraciət olunub. Ulu öndərimizin başlatdığı veteranlarla bağlı Dövlət siyasəti bu gün veteranlara qayğı siyasəti, məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılıb, müharibə veteranları Prezident təqaüdünə layiq görülüb. Ali Baş Komandanımız cənab İlham Əliyev qazilərlə görüş zamanı deyib: «Bütün Azərbaycan xalqı şəhidlərimizlə, hərbçilərimizlə fəxr edir. Şəhidlərimizin əziz xatirəsi bizim ürəyimizdə əbədi yaşayacaqdır.» Amma biriləri, nədənsə qazanılmış Zəfərimizi ləkələmək, qazilərə və veteranlara qara yaxmaq üçün dəridən-qabıqdan çıxırlar. İmişli rayon İcra Hakimiyyəti başçısı isə bu cür adamların öndə gedənlərindəndir. Bunlar kimə və hansı ölkənin sifarişlərini yerinə yetirdikləri araşdırılmalıdır. Veteranı sevməyən düşmənlərimizin adı bəllidir. Bəs bu ölkədə vəzifəyə təyin olunmuş E. Rzayevin məqsəd və məramı nədir?
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Nəsimi rayon şöbəsinin sədri, «Azərbaycan Bayrağı» ordenli ehtiyyatda olan polkovnik Elmar Hüseynov bildirdi ki, İmişli rayonunda baş verən biabırçı olay məni çox hiddətləndirdi. Bu qədər tərbiyəsizlik, yekəxanalıq haradan gəlir? Bunun kimi kiçik çaplı məmurlar özlərini rayonlarda «dərəbəylər» kimi aparmaq istəyirlər, amma kənardan çox gülməli görünür. Ona tabe olanlar hər vasitə ilə ağsaqqal, müəllim, cənab deyə müraciət edirlər. Lakin onun özü də bilir ki, belə ehtirama layiq deyillər. Vətən uğrunda canını verən oğulları təhqir etmək, sonra da onu həbs etdirmək sübut edir ki, bu məmur çaşıb, yerində deyil. İndi Stalin , Beriya, Yejov dövrü deyil ay Əmlak Komitəsində çox pis və zərərli iş təcrübəsi öyrənən «tovariş». İmişli Rayon məhkəməsi isə qaş düzəltdiyi yerdə vurub gözü də çıxardıb. Ədalətli hakim olsa idi, müharibə veteranını təhqir edən başçıya qarşı da 341-ci maddə əsasında tədbir görərdi. Deməli, onların heç biri nə Vətəni sevirlər, nə qanunlara hörmət edirlər, nə də ki, Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarından xəbərləri var. Şair Qabil deyərdi:
Gərəksiz oluruq biz,
səhv düşəndə yerimiz..!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri, Beyləqan batalyonunun sabiq komandiri Akif Həsənov rəsmi olaraq redaksiyaya müraciət edib. Yazır ki, region veteranları narahatdırlar. Nəslində-kökündə bircə nəfər döyüşçü olmayan Elçin Rzayevin bu əməlinə hüquqi qiymət verilməlidir. Biz bölgə veteranları olaraq daim özümüzü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əsgərləri saymışıq və sayacağıq. Belə təxribatçılar bu birliyə zərbə vurmaq üçün çalışdıqlarını da gözəl bilirik. İnanırıq ki, İmişli rayonunda müharibə veteranına qarşı baş vermiş bu biyabırçı hərəkətlər araşdırılacaq və cəzalandırılacaq.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyya Rəhimov olayla bağlı qeyd etdi ki, bu sıradan bir hadisə sayıla bilməz. Birincisi, ölkə rəhbərinin dəfələrlə aşkar mətnlə etdiyi xəbərdarlıqlara baxmayaraq, hələ də bəzi məmurlar özlərini kiçik şah hesab etməkdədirlər. İkincisi, heç bir qanunda məmurun vətəndaşı təhqir etməsinə rəvac verən müddəa yoxdur və xüsusən ölkədə imtiyazlı təbəqə sayılan müharibə veteranına qarşı belə münasibət ən azı ölkə prezidentinin yürütdüyü sosial siyasətə qarşı çıxmaqdır.
Z. Rəhimov bildirdi ki, bu işdə, həm polis, həm məhkəmənin sədri eyni dərəcədə günahkardırlar. Veteranı təhqir edən başçıya qarşı niyə eyni cinayət işi qaldırılmayıb? Bu şəxslər deyəsən hüquqi bir dövlətdə yaşadıqlarını da unudublar. Sumqayıt veteranları adından olayı pisləyir və bu hadisəyə rəvac vermiş İcra Hakimiyyətinin başçısı barədə aidiyyatlı qurumların ölçü götürməsini tələb edirik. İnanırıq ki, cənab prezidentimiz bu hadisəyə dərhal reaksiya verəcəkdir. Belə təsadüfi adamlara aramızda yer olmamalıdır. Ən azı Elçin Rzayev barəsində Cinayət Məcəlləsinin 341-ci maddəsinin (“Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma”) maddəsi ilə cinayət işi başladılmalıdır. Çünki qanunun tələblərini rayon rəhbərliyi pozub.
Xatırladaq ki, bu müddəa üzrə aidiyyatlı qurumlar cinayət işi açmalı olduqları halda müharibə veteranının anlaqlı olmasına baxmayaraq «içkili» adıyla 5 sutka həbs etdirir. Nədir ki, «veterana pox ye» (ifadə Elçin Rzayevin leksikonuna aiddir. Üzr istəyirik-red.) deyən və «sillələməklə hədələyən» başçı özbaşınalığına etiraz edib. Ona yerini göstərib. Amma bu vətəndaş mövqeyi həzrəti başçının xoşuna gəlməyib.
Ona görə də dərhal «əsabələrini» çağıraraq, müharibə veteranının həbs edilməsiylə bağlı «əmr» verib. Gorbagor Stalin sayaq başçının verdiyi göstərişə «bəçeşm, ya həzrət» deyən aidiyyatlı qurumlar 510-cu maddə ilə (Xırda xuliqanlıq) veteranı həbsə atıblar.
Maddədə deyilir: «Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə — əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur».
Başçıya xoş gəlmək üçün sifarişi yerinə yetirənlər, sizcə niyə cəriməni deyil, məhz həbsi seçiblər? Yəqin bilirlər ki, veteranın pulu olmur. Pul olsa, olsa Elçin Rzayev həzrətlərində olar. O, bu ölkədə «xəzinə» tapanlardan sayılır. Elə İmişli rayonuna da gələndən «Makedoniyalı İsgəndərin xəzinəsini axtarmaqdadır». Amma yəqin E. Rzayev İmişli tərəkəmələrini yaxşı tanımır. Onların bir deyimi var: «Bizim bu rayon qotur ulaqların yaylaq yerinə çevrilib». Ayaması sizlərdən uzaq…
Aldığımız məlumata görə, İmişli rayon İH başçısı E. Rzayev İcra Hakimiyyətinin binası ətrafında polis mühafizəsini gücləndirib. Formada olan polislərlə yanaşı, həm də mülki geyimli polislərin də cəlb olunduğu bu addımla görəsən başçı nə demək istəyir? Müharibə veteranları ölkədə xaos yaratmaq istəyən bütün qüvvələrin qarşısındadır və özlərini bu yolda ölkə rəhbərinin əsgərləri sayırlar. Bizim məramımız bəllidir.
Fedai.az Araşdırma Qrupu