ƏƏSMN nazirlik qarşısında aksiyaya münasibət bildirib
“Bu gün saat 11 radələrində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin inzibati binasının yaxınlığında toplaşan şəxslərdən yalnız 6 nəfəri nazirliyin qəbul şöbəsinə fərdi qaydada öz müraciətlərini edib”.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib. Onun sözlərinə görə, müraciətlərin hər biri dərhal qeydə alınıb, dinlənilib. Onlardan əlillik dərəcəsi almaq istəyən iki nəfərinə barələrində indiyədək tibb müəssisəsindən heç bir göndəriş daxil olmadığı, daxil olduğu halda əlilliyinin qiymətləndiriləcəyi bildirilib: «Digər şəxs isə ondan protez üçün bir neçə gün öncə ölçülər götürüldüyünü deyib, protezin verilməsinin sürətləndirilməsini xahiş edib. Protezləşmə üçün hazırlıq mərhələsi keçməli olduğu diqqətinə çatdırılıb. Qalan 3 nəfərin isə sağlamlıq vəziyyətinin əlillik səviyyəsində olmadığı, bununla belə əlillik dərəcəsi almaq istədikləri müəyyən olunub. Bununla bağlı da onlara izahat verilib».
Mənbə: Apa