Qazilər Türkiyə səfirliyinin qarşısında aksiya keçirdilər
Bu gün bir qrup qazi Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısına toplaşaraq problemlərini dilə gətirib.
Qazilər nazirlik tərəfindən onlara əlillik dərəcəsinin təyin edilməməsindən narazılıqlarını bildiriblər. Həmçinin çıxışlarında onların probleminə nazirliyin səlahiyyətli şəxsləri tərəfindən biganə münasibət göstərildiyini də qeyd ediblər.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin səsləndirdiyi problemlərə sosial şəbəkə hesabında münasibət bildirib. Məlumatda bildirilir ki, bu gün Türkiyənin ölkəmizdəki səfirliyinin qarşısında Vətən müharibəsinin 2 iştirakçısı Hacı Vəliyev, Ayaz Qasımovun və 2019-cu ildən əlilliyi olan Orxan İmanovun əlillik təyinatı ilə bağlı söylədikləri fikirlər tamamilə əsassızdır. Həmin fikirlər qazilərimizlə bağlı aparılan dəstək tədbirləri, həmçinin qazilərin əlilliyinin təyinatı istiqamətində aparılan şəffaf və qanunauyğun işlər barədə mənfi rəy yaratmaq cəhdidir.
P.S. Amma bildirək ki, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin yarıtmaz fəaliyyətiylə bağlı ciddi narazılıqlar mövcuddur və bu problem günbəgün böyüməkdədir. Problem var və həll edilməlidir. Bu cür yanaşma Agentliyin yarıtmaz fəaliyyətinin bir göstəricisi sayılmalıdır.
Mənbə: Fedai.az