23.11.2024

Operator xanım: «5-10 qəpiyindən keçib, sadəcə bir xanım səsi eşitmək istəyirlər»

Veteran.az saytının redaktoru Nurlan Məmmədli adını çəkməyəcəyimiz mobil operator şirkətinin «Müştəri xidmətləri»ndə işləyən xanım əməkdaşından maraqlı müsahibə götürüb.

Mühasibim 29 yaşlı xanımdır. Subaydır. Odlar Yurdu Universitetini bitirib. İşə imtahan verib və xüsusi təlim keçdikdən sonra qəbul olunub.

Neçə ildir bu vəzifədə işləyirsiniz?

— 1 il yarımdı.

— Azərbaycan müştərilərinə operator xidməti göstərmək sizdə hansı təəssüratlar oyadıb?

— Bir vaxtlar «aşt» sözü çıxmışdı. Adama başa düşə bilməyəcəyi söz deyirdin, o da başa düşmürdü, «necə?» deyirdin, o da «aşt» söyləyirdi, bununla da məsələ bitirdi. Hətta bir dəfə bir abunəçi zəng vurub mənə «3-4 dəfə «aşt» dedi. Xəttin o başından eşidirdim ki, həmin oğlan bu sözü deyəndə necə sevinirdi, sanki dünyanın ən xoşbəxt insanı idi. Eşidiridim, evlərində ona əl çalanlar da oldu, deyəsən atası idi, gülə-gülə ona deyirdi ki, «Əə, bəsdi, di ver bir az da mən məzələnim». Bizdə müştəri özü zəngi qapatmayınca zəngdən imtina edilməsi qadağandır. Əslində, bir azərbaycanlı gəncin bu cür bəsit bir şeyə xoşbəxt olması, gülməkdən, sevincdən uğunub getməsi mənim ürəyimi çox acıdırdı.

— «Youtube»-da yayılan bəzi videolardan görünür ki, operatorlara zəng edib məzələndikləri səsi yazıb yerləşdiriblər. Bu hərəkətlər sizi əsəbiləşdirmir ki?

— Əvvəllər çox əsəbiləşirdim. Amma müəyyən vaxt keçəndən sonra anladım ki, bu insanlar yalnız bununla öyünən insanlardır.

Youtube-dakı videolarda səsi yayımlanan operatorlar arasında tanıdıqlarınız var və onlar bu videoya görə narahatdırlar?

— Bəli, elə tanışlarım var ki, “Youtube-da” səsləri var. Amma onlar heç bir narahatlıq hissi keçirmirlər. Sadəcə operator kimi işlərini görüblər.

— Zəng vurub tanış olmaq istəyən olur?

— Əlbəttə olur. Sən xidmət göstərirsən, sonda da sənə deyir ki, çox kömək etdiniz, elə bil illərlə tanışıq yaxud səsinizi çox bəyəndim, əminəm ki özünüz də gözəlsiniz, gəlin tanış olaq. Bu, həqiqətən adamı incidir. Fikirləşirsən ki, sən abunəçiyə bu qədər kömək edirsən və o da sənə qarşı belə hərəkət edir.

— Heç elə adam tanıyırsınız ki, iş yoldaşlarınızdan, ya da digər şirkətlərdə olan operatorlardan bu yolla kiminləsə tanış olub?

— Ümumiyyətlə, belə hal professional etikaya ziddir. Mən elə bir adam tanımıram. Bu hal biz tərəfdən qəbuledilməzdir.

— Zəng vuranlar arasında tanışlarınız olur?

— Əlbəttə olur. Amma o bir abunəçidir, sən də bir operator və onun suallarına cavab verirsən. Ümumiyyətlə, bizdə elə qadağa yoxdur ki, dost-tanışlar, qohumlar və ya ailə üzvləri müştəri xidmətinə zəng edə bilməz. (Gülərək əlavə edir) Amma zəng vurub desə ki, evə gələndə çörək al, bu, artıq yolverilməzdir. Bunun üçün şəxsi telefon var.

Elə olurmu ki, hansısa operator çox əsəbiləşir və işi tərk edir?

— İşdən çıxmanın şahidi olmamışam. Amma qızlar bəzən əsəbdən ağlayır.

— Niyə ağlayırlar, psixoloji təzyiqə görə yoxsa ədəbsiz sözlərə görə?

— Görürsən ki, bir abunəçi zəng edib, söyüş söyür. Məsələn, internet işləmir və buna da səbəb lokal rayonda müəyyən profilaktik işlərin aparılması olur. Amma abunəçi bunu heç cürə başa düşmür. Anlamır ki, burda operatorun heç bir günahı yoxdur. Yaxud da gecə saat üçdür və internet zəifdir, amma abunəçi ona kömək etmək istəyən xanımı söyür. Əlbəttə ki, bu, ona pis təsir edir və qulaqlığı çıxarıb ağlayır. Elə mən özüm də.

— Söyüş söysələr belə dözüb cavab verməlisiniz?

— Xeyr, bizim də özümüzə hörmətimiz, ləyaqət hissimiz var. Söyüş söyən abunəçinin zəngi bizim tərəfimizdən dərhal kəsilir.

— Sizi də nə vaxtsa ağladıblar?

— Bəli, məni də bir dəfə abunəçi söymüşdü və mən də ağlamışdım. O deyirdi ki, niyə ora oğlan oturtmurlar, sənin atan, qardaşın «pesi»dir. Bilmirdim «pesi» nədir, amma sonra öyrəndim. Deyirdi, bizim mentalitetimizə ziddir bu iş. Gecə vaxtı səni ora qoyublar ki, oğlanlarla «kayf» tutasan. Mən də zəngi tez kəsməyə məcbur oldum.

— Sizin şirkətdə səslər yazılır?

— Əlbəttə. Göstərdiyimiz xidmət səviyyəsinin ölçülməsi məqsədi ilə əksər şirkətlərdə olduğu kimi səslər yazılır.

— Səs yazılması nə üçündür? Operator kobud danışsa, onu cəzalandırmaq üçün?

— Axı operator kobud danışmır. Sadəcə operator izah məqsədilə bir sözü sənə dəfələrlə təkrarlayır və abunəçi də bunu kobud başa düşür. Şikayət olanda, şirkətdəki xüsusi qrup həmin zəngi dinləyir və lazımi tədbirlər görür. Səslər də belə hallara görə yazılır.

— Sizin şirkətdə işləyənlər ancaq həmin şirkətə məxsus nömrələr işlətməlidir?

— Xeyr, bizdə elə bir qadağa yoxdur. Kim hansı operatorun nömrəsini işlətmək istəyirsə, işlədir.

— Bir il yarımdı bu işlə məşğulusunuz. Maraqlı hadisələr olub?

— Maraqlı hadisələr ən çox gecə növbəsində olur. Gecə saat birdən, ikidən sonra ölkə yatır. Bu vaxt ya çox ciddi zənglər olur, ya da çox mənasız. Telefonunda mobil operatorların nömrəsindən başqa nömrə olmayan adamlar, 5-10 qəpiyindən keçib, sadəcə bir xanım səsi eşitmək istəyirlər və həddindən çox sual verirlər. Hətta qadın səsi ilə masturbasiya etmək istəyənlər də zəng edib.

— Yadınızda qalan bir hadisə danışa bilərsiniz?

— Görəsən danışım? (gülür). Gecə növbəsindəydim. Möhkəm yağış yağırdı. Mən pəncərənin qabağında oturub çölə baxırdım. Zəng yox idi. Birdən bir abunəçi zəng vurub tarif haqında məlumat istədi. Mən də ona peşəkarlıqla kömək elədim. Dəstəyin o tayından yağış səsi gəlirdi və abunəçi ardıcıl suallar verdi. Sonda dedi ki, xanım mən çobanam. Haramı düzündəyəm, darıxıram. Mənimlə bir az danışın da. Mən ona dedim ki, başqa sualınız yoxdusa, mən əlaqəni kəsməliyəm. O zaman o çox pis sözlər işlətdi. Dedi ki, o mobil operatorlar haqda qanunları əla bilir, mənim onun zəngini kəsməyə ixtiyarm yoxdur. Başladı, smartfonun modelindən tutmuş ən adi detallara qədər suallar verməyə. Əslində cavabın onun üçün əhəmiyyəti yox idi. Məqsədi bu idi ki, əlaqə kəsilməməsi üçün sual versin. Mən bir cavabı bitirməmiş o yeni bir sual fikirləşib tapırdı. Hətta iş o yerə gəlib çatdı ki, məndən bütün rayonların telefon kodlarını soruşdu. Mən də kövrələ-kövrələ deyirdim.

— Rəhbərlik bununla bağlı tədbir gördü?

— Xeyr, mənə deyildi ki, stresə davamlı iş olduğunu bilməli idiniz.

— Qaydalara zidd zənglər gəlir?

— Çox vaxtlar cütlüklər zəng edib, bir-birinin nömrəsini yoxlatdırırlar. Təbii ki, biz də bu məlumatları vermirik, amma heç cür başa düşmək istəmirlər. Oğlanlar bəzən zəng vurur ki, bu qız kiminlə danışıb? Bəzən zəng vururlar ki, qıza gələn zəng birinci mənə gəlsin. Bəzən qadınlar deyir ki, ərimə gələn zəng birinci mənə gəlsin və mən razıyamsa, o zəngi ərimə yönləndirim. Bir də görürsən ki, bir əsgər zəng vurur ki, internetə girə bilmirəm, elə et pulsuz girim və ya deyir konturum yoxdur, anamla danışmalıyam. Mənə kömək edin. Amma biz bunu edə bilmirik. Onda da əsgər xidmətdən narazı qaldığını bildirib mənə deyir ki, Azərbaycan əsgərinə kömək etmirsiniz, biz sizi burda qoruyuruq, siz də orda kef edirsiniz. Bəlkə də heç əsgər deyil, amma onların adından istifadə edir. O qədər belə hallar olub ki.

— Gün ərzində neçə nəfərlə danışırsınız?

— Təxminən 100-150. Bir statistikanı deyim ki, əgər bir operator 7- 8 ay işə gəlirsə, o qoyulan hədəfi vurursa, deməli o 1000000 abunəçi ilə danışır.

Bu işə qəbul olunmağınız ailənizdə necə qarşılandı?

— Bizim işdə çətinlik yalnız gecə növbəsindədir. Atam, anam həkimdir, ona görə də bunu normal qarşıladılar. Amma gecə növbəsindən çıxanda bizi şirkətimizin servisi aparır.

— Bu iş sizi yorurmu?

— Ümumiyyətlə, operator işləyən adam əvvəl-axır yorulur. Heç kimin əsəbi daşdan deyil.

— Zəng vuranlar daha çox qadınlar olur, yoxsa kişilər?

— Əsasən kişilər zəng vurur.

— Pik saatlar nə vaxt olur?

— Səhər saat 8-dən axşam 11-ə kimi xətlər dolu olur.

— Bölgələrdən çox zəng olur, ya Bakıdan?

— Rayonlardan çox zəng olur. Bir şeyi də deyim ki, bu işdə mən bütün ləhcələri öyrəndim. Abunəçi zəng vurub salam verəndə, onun hansı bölgədən zəng vurduğunu bilirəm.

— Elə operator olub ki, abunəçiyə öz cibindən pul yükləyib?

Bəli olub. Özüm də göndərmişəm. Biri zəng etmidşi ki, Quba yolunda maşınım xarab olub, yolda qalmışam. Nömrəsi təzə olduğundan kredit də götürə bilmirdi. İsrarla deyirdi ki, siz mənim nömrəmə baxın da, görün mən balansımı nə qədər artırıram. Baxanda gördüm ki, həqiqətən düz deyir. O abunəçi yolda qalmışdı. Heç bir köməyi yox idi. Təbii ki, bunu eləmək olmazdı. Amma insanlıq xətrinə, həmin adama pul yüklədim.

— Abunəçilərə nə demək istəyərdiniz?

— Onlardan xahiş edirəm ki, operatorlara qarşı nəzakətli olsunlar. Təkcə mobil operator şirkəti operatorlarına qarşı yox. Taksi xidməti, təcili tibbi yardım, aptek, xidmət sahəsindəki bütün operatorlara. Onlar da bir ailədən gəlib və işlərini vicdanla yerinə yetirirlər.

— Müsahibəyə görə çox sağ olun.

— Xoş oldu. Buyurun.

Söhbətləşdi: Nurlan Məmmədli

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: