İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda iştirak edib
Xəbər verdiyimiz kimi, bu gün Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı öz işinə başlayıb.
Prezident, Qoşulmama Hərəkatının sədri İlham Əliyev tədbirin rəsmi açılış hissəsinə sədrlik edib.
Bundan sonra tədbir iştirakçılarına spz verilib.
Prezident İlham Əliyev: İndi isə toplantının iştirakçılarına müraciət etmək üçün sözü tədbirin birgə ev sahibi, mənim əziz dostum, Serbiya Respublikasının Prezidenti, Zati-Aliləri cənab Aleksandr Vuçiçə verməkdən şərəf hissi duyuram. Buyurun, cənab Prezident.
Serbiya Prezidenti Aleksandr Vuçiç: Əziz dost, cənab Əliyev.
Çıxışınıza görə, bu möhtəşəm toplantının təşkilatçılığında iştirakınıza görə Sizə təşəkkür edirəm. Bu işə verdiyiniz töhfəyə görə sizə minnətdaram.
Serbiya Prezidenti bu təşkilatın yaradılması ideyasının sülhə əsaslandığını bildirdi. O, siyasətdə, mədəniyyətdə və ya iqtisadiyyatda əməkdaşlığın inkişafı üçün sülhün təməl prinsipi rolunu oynadığını diqqətə çatdırdı.
Aleksandr Vuçiç bu tədbirə verdiyi dəstəyə görə bir daha Azərbaycan Prezidentinə təşəkkür edərək dedi: Təşəkkür edirəm, mənim əziz dostum İlham Əliyev. Bu gün burada bizimlə birlikdə olmadığınıza görə həqiqətən təəssüflənirəm. Azərbaycana ən xoş salamlarımı çatdırıram. Bir daha çox sağ olun.
Prezident İlham Əliyev: Çox sağ olun, mənim əziz dostum cənab Prezident Vuçiç. Mən də Sizinlə birlikdə olmadığıma təəssüflənirəm. Lakin hesab edirəm ki, məsafə bizim dostluğumuz, bizim həmrəyliyimiz üçün maneə deyil. Belə bir toplantının təşkil edilməsi və bu tədbirin mükəmməl təşkilatçılığına görə, möhtəşəm bir təşəbbüsü irəli sürdüyünüz üçün Sizə şəxsən bir daha təşəkkürümü bildirmək istəyirəm. Çox parlaq çıxışınıza görə təşəkkür edirəm, liderliyiniz üçün təşəkkür edirəm. Tezliklə Sizi şəxsən görəcəyimə ümid edirəm.
İndi isə çıxış üçün zati-aliləri, BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti cənab Abdulla Şahidi dəvət edirəm. Buyurun.
Abdulla Şahid: Bismillahir Rəhmanir-Rəhim. Serbiya Respublikasının Prezidenti Zati-Aliləri cənab Vuçiç, Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyev.
Zati-aliləri, xanımlar və cənablar.
Qoşulmama Hərəkatının 60-cı ildönümünü qeyd etmək üçün sizinlə birgə olmaq mənim üçün həqiqətən də şərəfdir. Mən Serbiya və Azərbaycan hökumətlərini bu toplantıya birgə ev sahibliyi etdiyi üçün təqdir edirəm. Mən, həmçinin çox çətin dövrdə Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının liderliyini xüsusi olaraq vurğulayıram.
Abdulla Şahid Qoşulmama Hərəkatının dünyada sülhü, əməkdaşlığı və dostluğu təşviq etdiyini vurğuladı.
Azərbaycanın təşəbbüsü ilə keçirilən BMT Baş Assambleyasının koronavirusla mübarizəyə həsr edilmiş xüsusi sessiyasının əhəmiyyətindən danışan Abdulla Şahid dedi: Bu səylər 2020-ci ilin dekabr ayında Qoşulmama Hərəkatına üzv olan ölkələr tərəfindən irəli sürülmüş Baş Assambleyanın COVID-19-a həsr olunmuş xüsusi sessiyası zamanı çox yaxşı nümayiş etdirilmişdi. Xüsusi sessiyada pandemiyaya qarşı beynəlxalq səviyyədə əlaqələndirilmiş cavab tədbirlərinin görülməsi üçün güclü çağırış edildi və təcrübəni paylaşmaq üçün nadir bir imkan təmin olundu. Qoşulmama Hərəkatının COVID-19-a qarşı çoxtərəfli yanaşmaya dəstəyi BMT Baş Assambleyasının 76-cı sessiyası ilə bağlı mənim baxışımla üst-üstə düşür.
BMT Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdulla Şahid daha sonra Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin əhəmiyyətini vurğulayaraq dedi: İcazə verin Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Hökumətini gənclərə xüsusi diqqət yetirdiyi, xüsusən də Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsini və Qoşulmama Hərəkatının Modul Simulyasiya Təlimini yaratdığı üçün alqışlayım. Baş Assambleyanın prezidenti olaraq gənclərin inkişafı və gender bərabərliyi məsələləri mənim üçün də prioritetdir.
Prezident İlham Əliyev: Çıxışına görə BMT Baş Assambleyasının prezidentinə təşəkkür edirəm.
İndi isə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Zati-Aliləri Antonio Qutereşin toplantı iştirakçılarına ünvanlanmış və əvvəlcədən yazılmış videomüraciətini təqdim etmək üçün sözü Birləşmiş Millətlər Təşkilatının baş katibinin müavini Zati-Aliləri Miroslav Yençayə verməkdən şərəf hissi duyuram.
Miroslav Yença tədbirin mükəmməl təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi.
BMT-nin Baş katibi Antonio Quttereş isə videomüraciətində qeyd etdi ki, Qoşulmama Hərəkatı BMT-yə üzv ölkələrin üçdəikisini birləşdirir və təşkilat dünyada sülh və təhlükəsizliyin təmin olunmasında mühüm rol oynayır.
Bütün ölkələrin əhalisinin təcili olaraq peyvendlənməsinin əhəmiyyətini qeyd edən Baş katib xüsusilə “Böyük İyirmilik” ölkələrinin səyləri səfərbər edərək Ümumdünya Səhiyyə Təşkilatının qlobal peyvendləmə strategiyasını həyata keçirməli olduğunu vurğuladı.
Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-Aliləri Baş katibə təşəkkürümü bildirirəm.
Əziz həmkarlar, indi biz Qoşulmama Hərəkatının 60 il əvvəl Belqradda keçirilmiş birinci sammiti ilə bağlı serbiyalı dostlarımız tərəfindən hazırlanmış qısa filmə tamaşa edəcəyik.
Qoşulmama Hərəkatının ilk sammitindən bəhs edən qısa film nümayiş olundu.
Prezident İlham Əliyev: Əziz dostlar. Mən hamımızın adından Qoşulmama Hərəkatının banilərinin xatirəsinə dərin hörmətimizi ifadə etmək, baxışlarına, göstərdikləri həmrəyliyə və gördükləri işlərə görə onlara minnətdarlıq ifadə etmək istərdim. Onlar 60 ildir öz səmərəliliyini nümayiş etdirən və böyük gələcəyi olan bir təsisatın təməlini qoyublar.
Hörmətli həmkarlar. İndi biz yubiley toplantısının birinci plenar iclasına keçəcəyik. Qoşulmama Hərəkatının təsisçilərindən biri olan Qana Respublikasının Prezidenti Zati-Aliləri Nana Addo Dankva Akufo-Addonun bu gün bizimlə birgə olması bizim üçün şərəfdir. Mən Zati-Alilərini çıxışını təqdim etməyə dəvət edirəm.
Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantının vacibliyini vurğulayan Qana Prezidenti ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsinin əhəmiyyətindən danışdı. Bundan əlavə, o, pandemiyaya qarşı mübarizədə birgə səylərin vacibliyini qeyd etdi.
Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-Aliləri Qana Respublikasının Prezidentinə təşəkkür edirəm.
Bizim növbəti çıxışçımız keçmiş Yuqoslaviyanın varisi olan dövlətlərdən biri, Qoşulmama Hərəkatının daha bir təsisçisi Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvü Zati-Aliləri cənab Milorad Dodikdir.
Milorad Dodik: Mən Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından Qoşulmama Hərəkatının 60 illiyi münasibətilə bu tədbirin Belqradda keçirilməsi ilə bağlı nəcib qərara görə Serbiyanı və Azərbaycan Prezidenti Zati-Aliləri cənab Əliyevi səmimi qəlbdən təbrik etmək istəyirəm. Cənab sədr, icazə verin bu hərəkata hörmətimi ifadə edim.
Qoşulmama Hərəkatının 2019-cu ilin oktyabrında keçirilmiş son toplantısından ötən müddətdə dünyanın ən böyük böhranlardan biri — koronavirus pandemiyası ilə üz-üzə qaldığını deyən Milorad Dodik pandemiya zamanı yoxsul ölkələrin problemlərinin unudulduğunu bildirdi. O, hərbi münaqişələr, iqlim dəyişikliyi, miqrasiya böhranı, iqtisadi bərabərsizlik, terrorizm, ekstremizm kimi problemlərdən narahatlığını ifadə etdi.
Prezident İlham Əliyev: Mən bəyanatına görə Zati-Aliləri Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvünə təşəkkürümü bildirirəm.
İndi isə çıxış etmək üçün Əlcəzair Xalq Demokratik Respublikasının Baş naziri Zati-Aliləri Aymen Benabderrahmaneni dəvət edirəm.
Əlcəzairin Baş naziri Aymen Benabderrahmane tədbirin təşkilinə görə Azərbaycana və Serbiyaya minnətdarlığını bildirdi, Qoşulmama Hərəkatının əhəmiyyətinə diqqət çəkdi.
Prezident İlham Əliyev: Mən çıxışına görə Zati-Aliləri Əlcəzair Xalq Demokratik Respublikasının Baş nazirinə təşəkkürümü bildirirəm.
Xanımlar və cənablar. Mən xatırlatmaq istərdim ki, Qoşulmama Hərəkatının 2021-ci ilin iyulunda keçirilmiş nazirlər səviyyəsində son toplantısında üzv ölkələrin yekdil dəstəyi ilə Rusiya Federasiyasına Hərəkatda müşahidəçi statusu verilib.
Hamımızın adından mən Rusiya Federasiyasını müşahidəçi statusu münasibətilə təbrik etmək istərdim. Bu gün Rusiya Federasiyasının xarici işlər naziri cənab Sergey Lavrov bizimlə birlikdədir. O, Qoşulmama Hərəkatında müşahidəçi ölkənin xarici işlər naziri kimi çıxış edəcək. Cənab nazir, söz sizindir.
Sergey Lavrov: Hörmətli Prezident Əliyev, Prezident Vuçiç, xanımlar və cənablar, həmkarlar və dostlar. İlk növbədə mən bu yubiley toplantısını təşkil etdiklərinə görə Azərbaycan Prezidentinə və Serbiya Prezidentinə minnətdarlığımı ifadə etmək istərdim.
Sergey Lavrov Rusiya Federasiyasına Qoşulmama Hərəkatında müşahidəçi statusunun verilməsinə dair yekdil qərara görə üzv ölkələrə minnətdarlığını bildirdi. O, Rusiya Prezidentinin müraciətini səsləndirdi.
Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.
Prezident İlham Əliyev: Mən çıxışına görə nazir Lavrova minnətdarlığımı bildirirəm.
Bu gün yubiley toplantısında nazir səviyyəsində təmsil olunan yeganə xüsusi qonaq ölkə olan Türkiyə Respublikasının xarici işlər naziri cənab Mövlud Çavuşoğlu da bizimlədir. Mən çıxış üçün sözü cənab Çavuşoğluna vermək istəyirəm. Buyurun.
Mövlud Çavuşoğlu: Təşəkkür edirəm, Prezident Əliyev, Prezident Vuçiç, prezidentlər, zati-aliləri, dostlar.
İcazə verin Prezidentim Ərdoğanın sizin hamınıza salamlarını çatdırım. Bu tarixi toplantıda sizin qarşınızda çıxış etmək məndə məmnunluq hissi doğurur. İcazə verin, dəvətə görə Azərbaycana və Serbiyaya minnətdarlığımı bildirim. Mən uğurlu sədrlik münasibətilə Azərbaycanı təbrik edirəm.
Türkiyənin xarici işlər naziri təşkilatın 60 il əvvəl qəbul olunmuş ilk bəyannaməsində qeyd olunan iqtisadi bərabərsizlik, BMT-də islahatlar və qlobal məsələlərə inklüziv yanaşma kimi məsələlərin hələ də aktual olaraq qaldığını vurğuladı.
Prezident İlham Əliyev: Təşəkkür edirəm, Zati-Aliləri cənab Çavuşoğlu, bəyanatınıza görə təşəkkür edirəm.
Xanımlar və cənablar. Bununla da yubiley toplantısının plenar iclasının səhər hissəsi başa çatır. İclas tədbirin proqramına uyğun olaraq fasilədən sonra davam edəcək. Bununla da, iclasa fasilə verildiyini elan edirəm.