İlham Əliyev: “Bizim üçün bu format kifayətdir -Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan”
Azərbaycan Prezidenti İkinci Qarabağ müharibəsindən sonra bölgə əməkdaşlığının formatları barədə danışaraq deyib ki, hər kəs müharibədən sonra yaranmış «reallıqla barışmalıdır».
Cəbrayıl rayonunda ictimaiyyət nümayəndələri ilə görüşündə regiondakı proseslərdən danışan İlham Əliyevin sözlərinə görə, «bəziləri hesab edirlər ki», onlar müharibədən sonrakı proseslərdən kənarda qaldılar və bu məsələ onları narahat edir.
«Onların öz işidir. Biz hər halda bütün qonşu ölkələrə əməkdaşlıq platformasını təqdim etdik. Türkiyə Prezidenti tərəfindən təklif olunan əməkdaşlıq platformasına Azərbaycan birinci ölkə olaraq öz dəstəyini göstərmişdir. Əgər bu, kimisə qane etmirsə, o platforma bizə də lazım deyil», — İlham Əliyev deyib.
Azərbaycan Prezidentinə əsasən, hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur və Türkiyə-Rusiya əməkdaşlığı «sabitliyinin təminatçısıdır».
«Bölgədə bu gün sabitliyin bərqərar olmasında Türkiyə və Rusiyanın rolu çox böyükdür. Yəni, bizə bu format kifayətdir. Ermənistan da bu formata qoşulacaq. Çünki başqa yolu yoxdur», — deyən Azərbaycan dövlət başçısı son vaxtlar Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması ilə bağlı verilən ifadələri dəstəklədiyini bildirib.
«Hesab edirik ki, bu, region üçün lazımdır. Yəni, artıq bu, müharibənin hər hansı bir riskini aradan götürmək üçün lazımdır».
İlham Əliyev, həmçinin bölgə əməkdaşlıq formatı barədə baxışını izah edib.
«Bizim üçün bu format kifayətdir — Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan. Kim istəyir qoşulsun, kim istəmir özü bilər. Hər halda, bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz», — Azərbaycan Prezidentinin sözləri Azərtac agentliyində iqtibas olunur.
Ötən ilin sonunda Türkiyə Prezidenti Cənubi Qafqaz üçün Rusiya, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və Ermənistanın iştirakını nəzərdə tutan 6 ölkənin regional əməkdaşlıq platformasını təklif edib.