04.12.2024

«Onlar məsuliyyətsiz hərəkətlərinə görə sarsıdıcı cavab alacaqlar və böyük itkilər verəcəklər” — İRANIN MÜDAFİƏ NAZİRİ HƏDƏLƏDİ

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Məhəmməd Rza Aştiani “düşmənləri İslam Respublikasının sərhədlərində istənilən hərəkətdən çəkinməyə” çağırıb. Nazirin bəyanatı haqda IRNA agentliyi bildirir.

“İran millətinin düşmənləri şübhəsiz ki, istənilən irrasional və məsuliyyətsiz hərəkətlərinə cavab olaraq sarsıdıcı cavab alacaqlar və onlar böyük itkilər verəcəklər”,-müdafiə naziri bildirib.

Bu bəyanat İran ordusunun quru qoşunlarının Azərbaycanla sərhədin yaxınlığında keçirdiyi genişmiqyaslı təlimlər fonunda səslənir. Xəbər verildiyi kimi, İran “Xeybər fatehləri” təliminə on minlərlə canlı qüvvə, çoxsaylı artilleriya vasitələri və zirehli texnika cəmləşdirib. Hərçənd təlimlərə səfərbər edilən texnikanın böyük əksəriyyəti köhnədir, hətta Vyetnam müharibəsi dövründən qalma Amerika texnikasıdır və ya ötən əsrin 60-70-ci illərinə aid Rusiya silahlarıdır.

İran müdafiə nazirinin təhdidinin kimə yönəldiyi dəqiqləşdirilməsə də bu bəyanat Tehranın “sionist rejimin Azərbaycan ərazisində möhkəmlənmək cəhdləri” barədə apardığı təbliğata uyğun gəlir. İran Azərbaycanın İsraillə münasibətlərini bəhanə edərək sərhədə qoşun cəmləşdirir və təlimlər keçirir. Əslində isə aydındır ki, Azərbaycanın öz ərazilərini işğaldan azad edib İranla dövlət sərhədini bərpa etməsi Tehranın regional təsir imkanlarını azaldıb və onu məmnun etməyib. İran Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra regionda yaranmış yeni geosiyasi vəziyyətlə barışmaq istəmir və belə görünür ki, “Zəngəzur dəhlizi”nin açılmasını da istəmir.

Mənbə: Virtualaz.org

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: