Hərbi prokuror: «Cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqəti cəlb etmişdir»
«Ulu öndər Heydər Əliyevin layiqli xələfi cənab İlham Əliyevin prezidentlik dövrü Azərbaycanın daha da qüdrətlənməsi, xalqın rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də ardıcıl uğurları ilə səciyyələnmiş və bu müsbət tendensiya yüksələn xətlə davam etməkdədir. Bütün bunları şərtləndirən isə ümummilli lider Heydər Əliyevin mükəmməl və uzaqgörən siyasəti, bu siyasəti dövrün tələbləri ilə uzlaşdıraraq yüksək məharətlə davam etdirən möhtərəm Prezident cənab İlham Əliyevin dühası, Onun etibarlı məsləkdaşı Mehriban xanım Əliyevanın dəstəyi və millətimizin müdrikliyi, eləcə də sarsılmaz xalq-iqtidar birliyidir».
Bunu Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev mətbuata açıqlamasında bildirib.
O, bildirib ki, qazanılmış qələbə möhtərəm Prezidentimizin dövranın gərdişini dəyişməyə qadir lider olduğunu, xalqımızın əzmkarlığını və Silahlı Qüvvələrimizin qüdrətini bütün dünyaya əyani şəkildə sübut etdi.
Həmçinin qeyd edib ki, cənab Prezidentin ən sadiq silahdaşı Mehriban xanım Əliyevanın yorulmaz fəaliyyəti Vətən müharibəsi zamanı da diqqəti cəlb etmişdir.
Qeyd etmək lazımdır ki, ölkəmizin tərəqqisində və əldə olunan uğurlarda, eləcə də dövlətimizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində, milli-mənəvi dəyərlərimizin və mədəniyyətimizin bütün dünyaya tanıdılmasında yüksək erudisiyaya, dərin düşüncəyə və mükəmməl idarəçilik qabiliyyətinə malik böyük dövlət xadimi-Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin və yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.
Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev orduyla bağlı cinayətlərə də toxunub.
Qeyd olunub ki, «Ötən illərdə olduğu kimi, bu ilin keçən dövrü ərzində də Hərbi Prokurorluq orqanlarının fəaliyyəti səmərəli olmuş, qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əməkdaşlar əzmlə çalışıb. Cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, icraatda olan işlər üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində həyata keçirilmiş fəaliyyət, düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, tələb edilən səviyyədə prosessual rəhbərlik, eləcə də, işçilərin peşəkarlığı və zəhməti sayəsində ötən səkkiz ay ərzində qeydə alınmış cinayətlərin 99%-i açılıb».
Həmçinin düşmənin, silahlı qüvvələrimizin hərbi qulluqçularını və dinc sakinləri öldürmələri, habelə hərbi qulluqçulara və mülki şəxslərə müxtəlif dərəcəli bədən xəsarətləri yetirmələri faktları üzrə Hərbi Prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1-ci (Təcavüzkar müharibəni planlaşdırma, hazırlama və ya başlama); 100.2-ci (Təcavüzkar müharibəni aparma); 116.0.7-ci (Müdafiə olunmayan ərazilərə, yaşayış məntəqələrinə və silahsızlaşdırılmış zonalara hücum etmə); 120.2.1-ci (Bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə); 120.2.7-ci (İki və ya daha çox şəxsi öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) və digər maddələri ilə cinayət işləri başlanılıb və intensiv şəkildə zəruri istintaq-əməliyyat hərəkətləri həyata keçirilib.
«Qeyd olunmalıdır ki, erməni hərbi qulluqçularından Lüdvik Mkrtiçyana və Alyoşa Xosrovyana Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 113-cü (İşgəncə), 115.2-ci (Müharibə qanunlarını və adətlərini pozma), 279.1-ci (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə qanunsuz olaraq keçmə) və digər maddələri ilə ittiham elan olunaraq, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Bakı Hərbi Məhkəməsinin hökmü ilə hər biri 20 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər», — deyə X.Vəliyev bildirib.
Açıqlamada, «Xüsusi vurğulanmalıdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə silahlı qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş nəhəng işlər, eləcə də Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə Hərbi Prokurorluğun birgə səmərəli fəaliyyəti son illər ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən digər cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması, fərarilik cinayətinin isə demək olar ki, kökünün kəsilməsi ilə nəticələnib. Bu uğurlu tendensiya davam edir.
Misal üçün, 2020-ci ilin 8 ayı ilə müqayisədə 2021-ci ilin müvafiq dövründə qeydə alınmış vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma cinayətləri 26,7 %, qulluğa səhlənkar yanaşma cinayətləri 11,1 %, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 53,2 % və hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 48,3 % azalıb», — Hərbi prokuror əlavə edib»-deyə bildirib.