Cəbrayıl Dövlətzadənin anası Şuşadan şəhid əlcəyi tapdı…
Bir neçə gün əvvəl şəhid ailələrinin Şuşaya səfəri təşkil olunub. Müdafiə Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşəbbüsü ilə baş tutan səfər zamanı şəhid anaları və övladları İsa Bulağını ziyarət ediblər.
Vətən Müharibəsi şəhidi Cəbrayıl Dövlətzadənin anası Məleykə xanım səfərlə bağlı təəssüratlarını Modern.az-la bölüşüb. Onun sözlərinə görə, Şuşaya səfər etmək, Qarabağı görmək qürurverici hadisədir.
“Şuşanı görmək qürurvericidir, lakin şəhid anası kimi mənə çox ağır idi. Cəbrayıl orada şəhid olmayıb, amma digər qəhrəman balalarımızı Şuşada itirmişik. Şuşanın hər qarışını gəzəndə təkcə öz övladlarımızı yox, bütün şəhidləri düşünürdük.
Şuşadan şəhidlərimizə aid olan bir ədəd əlcək və paqon tapdıq. Allah heç bir anaya övlad dağı göstərməsin. Övlad adama dağ deyil, amma övlad acısı çəkilməyəcək bir dərddir”.
Qeyd edək ki, Cəbrayıl Dövlət oğlu Dövlətzadə 2001-ci il sentyabrın 11-də Sumqayıt şəhərində anadan olub. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən Müharibəsində iştirak edib.
Cəbrayıl Dövlətzadə sentyabrın 28-də Murovdağ döyüşləri zamanı Kəlbəcər rayonu ərazisində şəhid olub. İkinci Şəhidlər xiyabanında dəfn olunub.
Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığa görə, ölümündən sonra «Azərbaycan bayrağı» ordeni, «Vətən uğrunda» və «Kəlbəcərin azad olunmasına görə» medalları ilə təltif olunub.(HİT.AZ)