29.03.2024

Şəhid anasının söylədikləri: Yarımçıq qalmış arzular

Böyük oğlumun yaş yarımı olanda həyat yoldaşım məni iki körpə övladımla ataraq, başqası ilə ailə həyatı qurdu.

Tək qadın, qaldım ortada. Min bir əziyyətlə, kasıbçılıqla, yoxluqla iki oğlumu böyüdüb, boya-başa çatdırdım.

Böyük oğlum şadlıq evlərində ofisiant işləyə-işləyə ali məktəbə qəbul oldu, təhsil haqqını özü ödəməyə başladı. O təkcə mənə böyük oğul yox, həmdə kiçik qardaşının atası idi. Məni axşamlar oxşayır, “ana, oxuyub gələcəkdə sənə çəkdiyin əziyyətlərini unutduracam deyirdi”.

Amma olmadı. Hərbi xidmətə çağırıldıqdan bir müddət sonra duyduq ki, ön xəttədir. Hər dəfə telefonla danışanda deyirdi ki, “ana, geriyə yol yoxdur, torpaqlarımızı işğaldan azad etməliyik”. Bir müddət sonra isə oğlumun Vətən torpağı uğrunda qəhramancasına şəhid olması xəbərini aldım, dünyam qaraldı, evim başıma uçdu. Oğlum, bu həyatda xoş gün görmədən, arzularına çatmadan, 20 yaşının içində ikinci dəfə qardaşını yetim, məni isə çətinliklərlə baş-başa qoydu.

O, hərbi xidmətə yollanmadan öncə ala bilmədiyi diplomunu görmədən bu dünyadan köçüb getdi.

Diplomunu oğlum döyüşdə olanda mən gedib götürdüm. Elə hey deyirdi ki, “ana, diplomumu yaxşı saxla, möhkəm qoru, mən onu almaqdan ötrü çox əziyyət çəkmişəm, əsgərlikdən qayıdan kimi onu sinəmə basacam”.

Olmadı, görmədi, diplomunu sinəsinə basa bilmədi…

Şəhid anasının söylədiklərindən…(Facebook)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: