29.03.2024

Polad Həşimovun bacısından qardaşının adına verilən küçə ilə bağlı – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Sumqayıt Şəhər İcra hakimiyyətinin başçısı Zakir Fərəcovun sərəncamı ilə şəhərin mərkəzi küçələrindən birinə Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun adı verilib.

Bu xəbərlə bağlı təəssüratlarını KONKRET.az-la bölüşən şəhid generalın bacısı Kəmalə Həşimova qardaşının adına Qəbələ şəhərində də küçə olduğunu qeyd edib: “Amma Sumqayıtda onun adının əbədiləşdirilməsi bizim üçün çox xoşdur, çünki Polad Həşimov bu şəhərin yetirməsidir. Qəbələdə dünyaya göz açsa da, Sumqayıt şəhərində böyüyüb, yaşayıb və təhsil alıb. Polad Həşimov Azərbaycanın fəxri olsa da, Sumqayıtda onun adının əbədiləşdirilməsi ikiqat fəxrdir. Çünki bu şəhərin fəxri sakini olub”.

Kəmalə Həşimova dəniz kənarından şəhərə doğru uzanan bir küçəyə Polad Həşimovun adının verildiyini bildirib: “Bizə bu cür izah etdilər. Çox sağ olsunlar, təşəkkürümüzü bildiririk. Təbii ki, qürurverici bir hissdir. Amma ürəyimiz istəyərdi ki, Polad Həşimovun adı yaşayıb-böyüdüyü şəhərdə daha da əziz tutulsun. Məsələn, onun adını əbədiləşdirmək üçün bir park sahəsinin salınmasını çox istərdik. Çünki o, yaşıllığı və təbiəti sevən bir şəxsiyyət idi. Onun ən sevdiyi çinar ağaclarından ibarət parkın salınmasına şad olardıq. Yaxud oxuduğu 28 saylı məktəbdə onun adının əbədiləşdirilməsini arzulayırıq. Həmin məktəbdə təhsil alan şagirdlər də bununla fəxr edərdilər. Sağ olsunlar, müəyyən işlər görülür. Amma onun adının əbədiləşdirilməsi istiqamətində daha çox addımlar atılsa, yaxşı olar. Çünki Polad Həşimov Vətənini, millətini təmənnasız sevən mərd oğul idi”.

Kəmalə Həşimova Polad Həşimov küçəsinin təmizliyi və abadlığı ilə qardaşının adına layiq olacağına inandığını bildirib: “Mən o küçəni tam olaraq görməmişəm. Bildiyimə görə, şəhərin mərkəzi küçələrindən biridir. Son zamanlar Sumqayıtda abadlıq işləri həyata keçirilir. Abadlıq işləri həmin küçədə də aparılıb ya yox, deyə bilmərəm. Ümid edirəm ki, yaxşı küçələrdən biri olacaq. Çünki Polad Həşimov bundan da artıq diqqətə layiqdir”.

Müşviq Tofiqoğlu

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: