Həkimlik yalnız peşə deyil, həm də vicdan məsələsidir
Bəzən insanın gördüyü iş onun vəzifə təlimatının sərhədlərini aşır. Çünki elə peşələr var ki, onları yalnız bilik və təcrübə ilə deyil, həm də vicdanla yerinə yetirmək mümkündür. Həkimlik də məhz belə peşələrdəndir. Ağ xalatın arxasında yalnız xəstəliyi müəyyənləşdirən mütəxəssis deyil, qarşısındakı insanın ağrısını anlayan, onun ümidini qorumağa çalışan bir insan dayananda tibbin mənəvi tərəfi özünü daha aydın göstərir.
Sumqayıt şəhər 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin həkimi, ixtisasca onkoloq olan Abasova Səbinə Nazir qızının şəhid ailələri, qazilər, eləcə də qazi və şəhid ailələrinin üzvlərinə münasibətdə göstərdiyi diqqət bu baxımdan xüsusi qeyd edilməyə layiqdir. O, uzun müddətdir bu kateqoriyadan olan insanlara tibbi xidmət göstərərkən məsələyə yalnız həkim–pasiyent münasibəti çərçivəsində yanaşmayıb. Onların müayinə və tibbi xidmətlərinə təmənnasız dəstək göstərməsi hər şeydən əvvəl mənəvi mövqenin ifadəsidir.
Onkologiya tibbin ən ağır və böyük məsuliyyət tələb edən sahələrindən biridir. Burada həkimin qarşısında yalnız xəstəlik dayanmır. Narahatlıq keçirən insan, nəticə gözləyən ailə, bəzən qorxu, bəzən isə bircə xoş sözə ehtiyacı olan pasiyent dayanır. Belə məqamlarda peşəkar bilik qədər həkimin davranışı, xəstəni dinləmək bacarığı və ona verdiyi mənəvi dayaq da əhəmiyyət daşıyır.
Səbinə Abasovanın fəaliyyətinə qiymət verərkən məhz bu məqam diqqəti çəkir. Həkimin peşəkarlığını yalnız diplomlar, vəzifələr və iş stajı müəyyən etmir. Əsl peşəkarlıq insanın öz biliyini kimə və necə xidmətə çevirməsində də görünür. Şəhid ailəsinə göstərilən qayğının, qaziyə uzadılan kömək əlinin maddi ölçüsü yoxdur. Çünki həmin insanların qarşısında cəmiyyətimizin mənəvi borcu var. Şəhid ailəsinin üzvü həkim qapısını döyəndə onun daşıdığı ağrının bir hissəsi illər əvvəldən başlayır. Qazi müayinə otağına daxil olanda onun keçdiyi yol bəzən bədənindəki yaralardan daha ağır xatirələrlə müşayiət olunur. Belə insanlara həssas münasibət sadəcə tibbi etikanın tələbi deyil, Vətən qarşısında xidmət göstərmiş insanlara və onların doğmalarına ehtiramın ifadəsidir.
Səbinə xanımın yanında bu xeyirxah işin səssiz iştirakçılarından biri də onun köməkçisi, tibb bacısı Allahverdiyeva Malizər Qurban qızıdır. Həkimlə tibb bacısının işi tibbdə bir-birini tamamlayan iki mühüm həlqədir. Pasiyentin qarşılanmasından onun qayğılarının dinlənilməsinə, tibbi prosedurların yerinə yetirilməsindən gündəlik diqqətə qədər tibb bacısının üzərinə böyük məsuliyyət düşür. Malizər Allahverdiyevanın şəhid ailələrinə və qazilərə göstərilən bu təmənnasız xidmətdə Səbinə xanımla çiyin-çiyinə dayanması da xüsusi təşəkkürə layiqdir.
Onların gördüyü işin ən qiymətli tərəfi bəlkə də elə onun təmənnasız olmasıdır. Burada reklamdan, nümayişdən daha çox insanlıq ön plana çıxır. Bir şəhid anasının sağlamlığına göstərilən diqqət, bir qazinin probleminə həssas yanaşılması, şəhid və qazi ailələrinin üzvlərinə edilən tibbi yardım cəmiyyət üçün kiçik görünə biləcək, amma həmin insanlar üçün böyük məna daşıyan əməllərdir.
Səbinə Abasova haqqında yüksək fikirlər söyləmək üçün pafoslu ifadələrə ehtiyac yoxdur. Həkimin gördüyü iş özü onun haqqında danışır. Peşəsini vicdanla yerinə yetirmək, biliyini insan sağlamlığına xidmətə yönəltmək və xüsusi həssaslığa layiq insanlardan köməyini əsirgəməmək bir həkimin fəaliyyətinə verilə biləcək ən düzgün qiymətdir. Bu gün şəhidlərimizin bizə əmanət etdiyi ailələrə, sağlamlığının bir hissəsini Vətən uğrunda itirmiş qazilərimizə göstərilən hər bir diqqət həm də şəhid və qazilərimizin xidmətinə ehtiramdır. Bu ehtiram bəzən böyük tədbirlərdə səslənən sözlərlə, bəzən bir problemin həlli ilə, bəzən isə həkim otağında uzadılan təmənnasız yardım əli ilə ifadə olunur.
Onkoloq Səbinə Abasova və tibb bacısı Malizər Allahverdiyevanın seçdiyi yol məhz belə bir xidmət nümunəsidir — səssiz, təmənnasız və insan həyatına toxunan xidmət. Çünki yaxşı həkim xəstəliyi müalicə etməyə çalışır, insanlığı unutmayan həkim isə xəstənin özünü də görür.
Nurlan Məmmədli
www.Veteran.az saytının redaktoru