17.04.2024

Ermənilərlə azərbaycanlılar arasında alver gedir

Azadlıq radiosu Ermənistanda dolaşan qəribə şayiələrdən yazır
Qorxu və nifrətə baxmayaraq Ermənistan-Azərbaycan sərhədində alver gedir. «Radio Free Europe”nin hazırladığı geniş məqalədə bu mövzudan bəhs olunur.

Məqalədə deyilir ki, Lusine Aleksanyanın Sünikdə (Zəngəzur mahalı) mağazası var. O, çörək, pendir, şirə, siqaret, alkoqol kimi şeylər satır.
Lusine xanım mağazasından baxanda müxtəlif yerlərə sancılmış Ermənistan, Azərbaycan və Rusiya bayraqlarını görür. Rusiya sülhməramlıları gəlib ondan bazarlıq edirlər. Hələki azərbaycanlı hərbçilər ondan bir şey almayıb. Ancaq Lusine xanım onlarla alver etməyə hazırdır: «Niyə olmasın ki? Mən dükançıyam. Erməni, azərbaycanlı və ya gürcü olsun, mənim üçün nə fərqi var ki?»


Lakin xanımının bu «bəyanat”ını eşidən Harutyun Qazaryan hiddətlənir: «Əgər azərbaycanlılar buraya gələrsə, mən onları vurub öldürəcəyəm …elə səni də öldürəcəm”.

Mağazanı işlədən xanım deyir: «Sünikdə 80 nəfərin azərbaycanlılarla barter alveri etdiyi barədə şayiələr dolaşır. Ancaq mən belə şeylərə inanmıram. İndi biz azərbaycanlılarla alış-veriş edə bilmərik. Hələ emosiyaların aşıb-daşan vaxtıdır”.

Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçisi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis olan Tomas de Vaal bu məsələyə münasibət bildirib: » Bu bölgədən xəbərdar olan hər kəs bilir ki, ermənilər və azərbaycanlılar bir-biri ilə, xüsusən qonşu Gürcüstanda uzun müddətdir ki, mal mübadiləsi edirlər. Bu xalqlar arasında ticarət ənənəsinin kökü dərindir».

«Gürcüstanda Sadaxlı bazarı çiçəklənən zaman oranı ziyarət etdim. Bazarda gürcü yox idi. Yalnız ermənilər və azərbaycanlılar öz aralarında alver edirdilər. Bu yaxınlarda Rustavidə ermənilər və azərbaycanlılar arasında istifadə olunmuş avtomobillərin ticarəti ilə bağlı xəbərlər eşitdim. Heç təəccüblənmədim də”.

Tomas de Vall vurğulayır ki, müharibədən dolayı ermənilərlə azərbaycanlılar arasında ticarətin inkişaf etməsi hazırda çox çətindir. Ancaq bu, hər iki tərəf üçün faydalıdır.

Bir müddət ATƏT-in Minsk qrupunun həmsədri və ABŞ-ın Azərbaycandakı səfiri olmuş Metyu Brayza da məsələyə münasibət bildirib. Hazırda İstanbulda yaşayan və Türkiyənin «Turcas Petrol” şirkətində çalışan sabiq diplomat deyib ki, Qarabağ ətrafındakı ərazilərlə bağlı problem həll olunub. Daha Ermənistanın Türkiyə və Azərbaycanla ticarət etməsinin qarşısını kəsən elə bir maneə qalmayıb: «Ticarət bölgədə sülhü, rifahı və sabitliyi bərpa edə bilər».

Məqalədə deyilir ki, Dünya Bankının hesablamasına görə, Türkiyə və Azərbaycan tərəfindən blokadanın qaldırılması Ermənistanın ixracatını iki dəfə artıracaq: «Əldə olunmuş sülhün faydaları Ermənistan üçün xüsusilə yüksəkdir».


Elbəyi Həsənli, Sürix
Fear And Loathing Vs. Trade Across The Armenian-Azerbaijani Border (rferl.org)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: