25.04.2024

Sumqayıtda şəhid anası “buzlu şüşə”dən vəfat edib — RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, İkinci Qarabağ müharibəsi şəhidi Nurlan Nuruzadənin anası Minəxanım Nuruzadə ötən gün Sumqayıtda müalicə aldığı 1 nömrəli şəhər xəstəxanasında koronavirusdan vəfat edib.

Xeberle.com xəbər verir ki, M. Nuruzadənin yaxınları şəhid anasında öskürək və digər «COVID” əlamətləri olmadığını və testin nəticəsinin neqativ olduğunu bildiriblər. Onlar M. Nuruzadənin xəstəxanada baxımsızlıq səbəbindən vəfat etdiyini deyiblər.

Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Səkinə Sadıxova Xeberle.com-a açıqlamasında şəhid anasının ölüm səbəbinə belə aydınlıq gətirib: «Şəhid Nurlan Nuruzadənin anası xəstəxanaya daxil olduqda ağciyərlərində artıq 75-80 faiz zədələnmə, «buzlu şüşə» var idi. Qanın oksigenlə təmin olunması isə cəmi 30 faiz idi. Təngənəfəs, halsız ağır vəziyyətdə xəstəxanaya daxil olunan xanıma 3 gün müddətində bütün zəruri tədbirlər görülüb. TƏBİB-dən xəstənin vəziyyəti ilə yaxından maraqlanıblar. Bakıdan nümayəndələr və həkimlər göndərilib. Xəstənin vəziyyətinin ağırlığını onlar da bilirdi. Hətta istədilər Bakı şəhərində yerləşən xəstəxanalara təxliyə olunsun, lakin vəziyyəti ağır olduğundan ananı yerindən tərpətmək imkansız idi, vəziyyəti kritik ağır dəyərləndirilirdi. Tənəffüs aparatına qoşulu vəziyyətdə idi. Qətiyyən baxımsızlıq haqqında danışıla bilməz. Minəxanım Nuruzadə gecikdirilmiş vəziyyətdə xəstəxanaya çatdırılıb və bütün aparılan müalicə tədbirləri heç bir nəticə verməyib”.

S. Sadıxova test nəticəsinin neqativ çıxmasına gəlincə isə bildirib ki, hazırda xəstəxanada 30-40 faiz analiz nəticələri neqativ, lakin ağ ciyərlərdə «buzlu şüşə” diaqnozu olan xəstələr var: «Buzlu şüşə” COVİD 19 – un ən ağırlaşmış forması deməkdir. Analiz nəticələrinin neqativ göstərmə səbəbi isə, xəstəliyin ilk 3-5 günündə yuxarı tənəffüs orqanlarında virus inkİşaf edir, gecikmiş formada isə, artıq virus ağciyərə keçir. Artıq ağciyərdə ağırlaşma olduqdan sonra burun və udlaqdan götürülən analiz nəticələri neqativ ola bilir. Amma bu o, demək deyil ki, biz xəstəni müalicə etmirik, diqqətdən kənarda qoyuruq”.

Xatırladaq ki, ötən gün şəhid anası Minəxanım Nuruzadə müalicə aldığı 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında koronavirusdan vəfat edib. Yaxınları onun dünyasını dəyişməsində həkimləri ittiham edirlər.

Xədicə Səxavətqızı

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: