19.04.2024

Stalinqrad döyüşü niyə 2-ci dünya müharibəsinin ən qanlı döyüşüdür? – ABŞ-lı polkovnik yazır

Stalinqrad döyüşü hələ də dünyanın ən qəddar və qanlı döyüşüdür. Təxmini hesablamalara görə, bu döyüşdə iki milyona yaxın alman və sovet əsgəri, həmçinin dinc əhali həlak olub.

KONKRET.az xəbər verir ki, bu fikirləri ABŞ-ın “The National Interest” nəşrində hərbi ekspert yazıb.

ABŞ ordusunun təqaüdçü polkovniki, bir neçə dəfə Əfqanıstanda xidməti ezamiyyətlərdə olan, “Defense Priorities” təşkilatının baş elmi işçisi Daniel Davis bunun səbəbini belə izah edib:

“2012-ci ilin iyulundan başlayaraq Suriyanın bir vaxtlar gözəl və canlı şəhəri olan Hələbin bitmək bilməyən döyüş meydanına çevrilməsini dünya dəhşətlə müşahidə edir. Mövcud məlumatlara görə, vətəndaş müharibəsi illərində Hələbdə və Suriyanın bütün başqa regionlarında həlak olanların sayı 300 minə yaxın insan olub. 

Araşdırmaçılardan birinin sözlərinə görə, 2003-cü ildən 2011-ci ilə qədər ABŞ-ın başçılıq etdiyi koalisiyanın İraq müharibəsi zamanı bilavasitə hərbi əməliyyatlar nəticəsində və ya dolayısı ilə 405 min iraqlı həlak olub. 2001-2015-ci illərdə isə Əfqanıstanda müharibə nəticəsində 91 min 991 nəfər ölüb. Ümumilikdə, üç ölkədə 15 il ərzində həlak olanların sayı 796 min 991 nəfər olub.

Bu müharibələrdə həlak olanların sayı nə qədər böyük olsa da, Stalinqrad döyüşü zamanı həlak olanların sayı ilə müqayisə oluna bilməz. Təxmini hesablamalara görə, altı ay ərzində bu döyüşdə ağlasığmaz sayda insan — 1,9 milyon alman və sovet əsgəri, həmçinin dinc sakin həlak olub.

1941-ci ilin iyununda Hitler Sovet İttifaqına qəfil hücum barədə əmr verdi. Növbəti ilin əksər vaxtında Alman ordusu Sovet qoşunlarını sıxışdıraraq SSRİ ərazisinin min kvadrat kilometrini işğal edib.

1942-ci ilin avqust ayında Almaniyanın 6-cı ordusu ölkənin sənaye mərkəzinə yaxın olan Volqa sahillərinə qədər irəlilədi. Uğur qazanarsa, hitlerçilər Volqaya gedən yolu kəsə və potensial olaraq Moskvanı hərbi əməliyyatları davam etdirmək imkanından məhrum edə bilərdilər. Bunun üçün onlar Stalinqrad şəhərini götürməli idilər.

Müharibədən əvvəl Stalinqradın əhalisi 400 min nəfər idi. Burada əsas çay limanı, eləcə də böyük əhəmiyyət kəsb edən çoxsaylı hərbi və mülki müəssisələr yerləşirdi. Şəhər SSRİ lideri İosif Stalinin adını daşıdığı üçün Hitler Sovet liderinə şəxsi zərbə vuraraq şəhərin ələ keçirilməsində xüsusilə maraqlı idi. Stalin Stalinqradı saxlamağı və Hitlerə onun adını daşıyan şəhəri ələ keçirməməyi çox vacib bir vəzifə hesab edirdi.

Stalinqradın hərbi cəhətdən böyük əhəmiyyəti var idi, lakin onun Stalin və Hitler üçün psixoloji baxımdan nə qədər vacib olduğunu nəzərə alsaq, onun rolu artdı və o, bəlkə də, ölkənin paytaxtı Moskva kimi daha əhəmiyyətli sayılırdı.

Stalinqrad döyüşünün ilk mərhələsində almanlar tez bir zamanda əhəmiyyətli bir uğur qazandılar. Hitlerçilər şəhərə və onun müdafiəçilərinə aviasiyadan, tanklardan, artilleriyadan, minaatanlardan və digər ağır silahlardan istifadə edərək, praktiki olaraq müqavimət göstərmədən hücum etdilər. 1942-ci ilin sentyabr ayının əvvəlində almanlar irəliləməyə davam etdilər, lakin hücum sürəti dərəcədə azaldı.

Şəhər dəhşətli kütləvi bombardman edilməsi nəticəsində bütöv xarabalıqlara çevrilmişdi. Sovet komandanlığı dağıdılmış binalardan istifadə edərək, müdafiə taktikasını inkişaf etdirməyə başladı, paradoksal olsa da, bu binalar şəhərin müdafiəçilərinə sığınacaqlar kimi xidmət etdi.

Lakin noyabr ayına qədər alman qoşunları qətiyyətli hücum nəticəsində Sovet qoşunlarının müdafiə xəttini sıxışdırdılar və Volqaya çıxdılar. O vaxt tərəflərin itkiləri yüz minlərlə insan idi və cəbhə xəttinin hər iki tərəfində döyüşlərin şiddəti sözlə ifadə edilə bilməzdi.

Stalinqrad döyüşü, sözün əsl mənasında yaşamaq üçün bir heyvan mübarizəsinə çevrildi.

Hollivudun “Düşmən qapının yanındadır” filmində (Enemy at the Gates, 2001) alman və rus snayperləri arasında bir duel göstərilir. Hər iki tərəf üçün snayperlər ən dəhşətli rəqiblərdən birinə çevrilir. Uzun məsafədən atəş etdikləri üçün əsgərlər özlərini təhlükəsiz hiss etmirdilər və tez-tez snayperlərin güllələri altına düşürdülər.

Anatoli Çexov adlı bir rus snayper həyatında ilk dəfə insanı vurduğu anı danışırıb: “Mən özümü dəhşətli hiss edirdim. Bir nəfəri öldürmüşəm”. Lakin bir müddət sonra, o, almanların onun bir çox soydaşlarını necə öldürdüklərini öyrəndikdən sonra döyüş zamanı verdiyi müsahibədə deyib: “Mən təəssüf hissi keçirmədən onlara atəş açmağa başladım. Onları öldürəndə qəddar və vəhşi oldum. Onlara nifrət edirəm”.

Stalinqrad döyüşünün necə cəhənnəm olduğunu anlamaq üçün, hər iki ölkədən olan insanların danışdıqları bir neçə hekayəni təklif edirik.

Maykl Cons “Stalinqrad: Qırmızı Ordu Almaniya hücumunun qarşısında necə dayandı?” (Stalingrad: How the Red Army Survived the German Onslaught) adlı kitabında ətraflı yazır ki, 14 sentyabr 1942-ci ildə almanlar şəhər vasitəsi ilə Volqa çayına çıxdılar, ancaq onlar öz məqsədlərinə 200 metr qalmış dayandılar. Sovetlər məğlubiyyət astanasında idi.

Luftvaffe havadan mütləq üstünlüyə malik idi, lakin əlavə qüvvəni gündüz Volqa vasitəsilə göndərmək ölümə bərabər idi. Lakin 13-cü qvardiya diviziyasının komandiri qaranlıq düşənə qədər sahildə mövqe tutan rus müdafiəçilərinin dayana bilməyəcəklərinə əmin olduğundan, o, öz diviziyalarına çayı keçməyi əmr etdi.

General Aleksandr Rodimtsev qoşunları ilə birgə barjaya mindi və çaydan keçməyə başladı. Şahidlərin dediyinə görə, generalın qayığı əks sahilə qədər üzməyə macal tapmamış alman bombasına tuş gəldi. Göyərtədə olanların əksəriyyəti öldü, amma diviziyanın komandiri möcüzə ilə sağ qaldı. Əsgərlərinin çoxunun isə bəxti gətirmədi.

Hələ şəhər tərəfindən sahildə saxlanılan azsaylı Sovet müdafiəçilərindən biri olan Albert Burkovski 13-cü qvardiya diviziyasının qoşunlarının onlara necə yaxınlaşdığını belə danışırıb: “Biz yerdə uzanmışdıq. Hər yer od içində idi. Qayıqlar bombalandı və atəşə tutuldu. Düz gözlərimin önündə əsgərlərlə dolu böyük barjın suyun dibinə necə getdiyini gördüm”.

Stalinqradın digər müdafiəçisi İvan Şilayev oxşar dəhşətli səhnəni təsvir edib.

“Alov başladı, bərədən qara tüstü çıxdı, partlayış baş verdi və dərhal sonra gəmi manevr etdi, sonra yuxarı göyərtələrdə sütunlar alovlandı. Güclü partlayışdan çay boyunca dalğalar yarandı. Hər şey bitdikdən və tüstü dağıldıqdan sonra gəminin olduğu yerdə, heç bir şey yox idi, yalnız dalğalar qalmışdı. Gördüklərimizdən qanımız dondu”.

Maykl Consun qeyd etdiyi kimi, Sovet qoşunları cəbhə xəttini saxlaya bilmədilər.

“Almanlar çayın yüksək sahilini tutdular və hücum edən ruslara sarsıdıcı zərbə endirdilər” deyə yazıb. – Adama elə gəlirdi ki, onlar çayı keçə bilməyəcəklər. Amma alındı. Rodimtsevin əsgərləri şiddətli bir əlbəyaxa döyüşdə almanlardan əsas binanı geri aldılar və çaydan keçidi təmin etdilər”.

Bu döyüş 2013-cü ildə yayımlanan Rusiyanın “Stalinqrad” filmindən fraqmentdə göstərilib. Alman qoşunlarının olduğu tərəfdən görünüş daha da dəhşətli idi.

WW2History.com tarixi portalına almanların sağ qalmış əsgəri Helmut Valz müsahibəsində Stalinqradda küçə döyüşlərinin dəhşətli olduğunu deyib: “Yaşanan dəhşətdən bütün insanlıqdan məhrum oldum”.

Rusların ələ keçirdiyi binalardan birinə edilən hücum zamanı Valts ən qızğın döyüşlərin içində olub və düşmən əsgəri ilə üz-üzə qalıb.

O, atəş açmaq üçün avtomatı qaldıranda birdən-birə gözlərinin qarşısında ulduzların səyrildiyini görüb: “Mən sağa baxdım, sol əlimi üzümə vurdum, hiss etdim ki, qan əlimin altından axdı dişlərim ağzımdan yerə düşdü”.

O, artıq hər şeyin sonu gəldiyini düşünüb: “Gözləyirdim ki, rus əsgəri məni öldürəcək. Amma sonra yoldaşlarından biri köməyinə gəldi və mənə atəş açmaq istəyən rusu avtomatla vurdu. Onun başında polad kaskasının olduğuna baxmayaraq, zərbə düz üzünə dəydi. Elə bir çartıltı eşidildi ki, mən hələ də onu eşidirəm”.

Amma dəhşət onun üçün həmin gün başa çatmadı. Yoldaşı onun yarasını sarıyan vaxt arxasında başqa bir rus əsgərinin dayandığını ona xəbərdar etməyə çalışıb, amma çox gec olub.

Atəş səsləri eşidildi və onun yanından yoldaşın başından qopan kaska uçdu.

“Sonra ona baxdım və başından yaralandığını gördüm və başı parçalanmışdı. Onda mən ilk dəfə insan beynini gördüm. Sol tərəfdə və sağ tərəfdə beynin hissələri, ortada isə su var idi. Qan deyildi, su idi. O, yerdə uzananda mənə baxdı”.

Stalinqrad döyüşü davam etdirilən yarım il ərzində 13-cü qvardiya diviziyasının döyüşçüləri və Helmut Valtsın başına gələn hadisələr min dəfə təkrarlandı.

Orduda xidmət etdiyim 21 il ərzində yüksək intensivli hərbi əməliyyatlarda, həmçinin partizanlara qarşı aparılan döyüşlərdə iştirak etmişəm. Amma düzünü deyim ki, mən Stalinqrad döyüşünün necə cəhənnəm olduğunu həqiqətən də təsəvvür edə bilmirəm. Bütün insanlıqdan məhrum olan bu döyüşçülərin nə qədər amansız və qəddar ola biləcəyini düşünmək qorxuludur.

Qanlı Stalinqrad döyüşü 1943-cü ilin fevral ayında, Vermaxtın 6-cı ordusunun komandanı general Fridrix Paulus ordusundan qalan 90 min əsgəri ilə birlikdə Sovet qoşunlarına təslim olduqda başa çatdı.

Qırmızı Ordu Volqada nasistləri dayandırdıqdan sonra, növbəti iki il ərzində almanları amansızlıqla təqib edəcək. Onun qələbə yürüşünün son mərhələsi Berlinin süqutu, Adolf Hitlerin ölümü və müharibənin sonu olacaq.

Sovet əsirliyində olan 90 min almandan altı minini vətəninə sağ buraxdılar. Onlar Almaniyaya yalnız 1950-ci illərin ortalarında qayıtdılar.

Son beş ildə Yaxın Şərqdə nə qədər dəhşətli və qeyri-insani müharibələr baş versə də (bu müharibələr, xüsusən iki od arasında qalan yoxsul dinc sakinlər üçün dəhşətli idi) keçmiş müharibələrin kölgəsidir.

Bu kölgələr artıq geri dönməsin”.

Babək Göyüş (KONKRET.az)

Yazını çap et
Sosial şəbəkələrdə bizi izləyin və paylaşın: